Bakıda taksilərə vahid tarif tətbiq olunacaq? - AÇIQLAMA


Ölkədə taksi sürücüləri ilə yanaşı, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər də çoxdur. Bəzən həmin şirkətlər daha çox müştəri cəlb etmək üçün fərqli qiymətlər təklif edirlər.
Yeniavaz.com xəbər verir ki, artıq bir müddətdir taksi fəaliyyətindəki pərakəndəliyə son qoymaq üçün Bakıda fəaliyyət göstərən taksi xidmətlərinin vahid tarifdə xidmət göstərəcəyi, gecə və gündüz tarifi üçün taksimetrlərin istifadəsi haqqında müzakirələr gedir.
Elə bununla bağlı olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) taksi tariflərinin tətbiqi üçün işlərə başlayıb. Belə ki, iqtisadi baxımdan əsaslandırılmış tariflərin ilin ilk rübü ərzində hesablanması və bununla bağlı işlərin ilk 6 ay ərzində tamamlanması nəzərdə tutulur.
Ekspertlər bildirirlər ki,  taksimetrlərin quraşdırılması və vahid tariflərin müəyyən edilməsi aldatma hallarının qarşısını almaqla yanaşı gələcəkdə ölkədə taksi xidmələrinin əlçatanlığının aşağı düşməsinə gətirib çıxara bilər:
“Taksimetrlər quraşdırılarsa pis olmaz, amma vahid tarif sisteminin tətbiqi indiki şərtlər daxilində məqsədəuyğun deyil və iqtisadiyyatın prinsiplərinə də ziddir”. 
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə deyir ki, bu təkliflər planının həyata keçirilməsi ilə taksi sürücüləri şirkətlərin istismarından azad olacaq və müştərilər də vahid qiymətlə istənilən taksidən istifadə edə biləcək.
Sözügedən məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, bu planla əlaqədar yaxın günlərdə mətbuat konfransı olacaq və ətraflı məlumat veriləcək.

İlhamə Kələyeva, İlkin Əmirov

DİGƏR XƏBƏRLƏR

Top