Sığınacağa ehtiyacı olanlarla bağlı bu nömrələrə zəng edin! - Nazirlik


Dünən gecə paytaxtın Nizami rayonunda küçələrdən birində təxminən 30-40 yaşlarında naməlum kişinin donaraq ölməsi, belə hadisələrin artması və soyuq havanın hökm sürməsi kimsəsizlər üçün əvvəlki illərdə olduğu kimi yenidən çadırların qurulması məsələsini gündəmə gətirib. Belə ki, əvvəlki illərdə havaların şaxtalı olması ilə əlaqədar paytaxtın müxtəlif rayonlarında səyyar sığınacaqlar təşkil olunurdu. Bu çadırların qurulmasında məqsəd paytaxt küçələrində kimsəsiz və səfil həyat tərzi keçirən insanların soyuqdan kütləvi ölümünün qarşısını almaq idi.  
Mövcud vəziyyətdə kimsəsizlər üçün hər hansı şəraitin yaradılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat katibi Fazil Talıbov Yeniavaz.com-a bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir:
“Sığınacağa ehtiyacı olanların yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və ya baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulub.
Sosial Sığınacağa ehtiyacı yaranan şəxslər özləri, yaxud onlar barədə digər şəxslər bu barədə 077-641-51-81 nömrəsinə və ya nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, yemək və lazım gəldikdə ilkin tibbi yardımla təmin olunurlar”.
Nazirlik sözcüsünün sözlərinə görə, nəzərdə tutulan hər iki sığınacağa bugünədək 360-dan çox şəxs qəbul edilib:
“Onlardan 230-u 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub. Hazırda iki müəssisədə 59 nəfər, o cümlədən 18 yaşdan yuxarı 47, yetkinlik yaşına çatmayan 12 nəfər stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar”.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top