Deputatlığa namizəd Elza Seyidcahan göz yaşları içərisində: “Məntəqədə məni də, bacımı da döydülər”


"Öz qərargahımdayam, burada saxta sənədlər və vəsiqələr var. 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasında, Məhərrəm Şakir Mövsüm oğlu, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu. Müşahidəçiləri döydülər. Orada məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin adının yazıldığı saxta sənədlər çıxdı. Bunlar dövlət başçısını aldadan insanlardır".
Yeniavaz.com xəbər verir ki, bu sözləri deputatlığa namizəd, Əməkdar artist Elza Seyidcahan “Instagram”da canlı yayım açaraq deyib. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni döyüldüyünü iddia edib. İfaçı ağlayaraq məntəqədəki saxtakarlıqdan danışıb:
"Bu yerə zülmlə gəlmişəm. Bizə təhqiredici təzyiqlər göstərdilər. Yenə də mən sakit durdum, dözdüm, dedim, bir millətin övladıyıq. Dəyməz belə qırğına. Xalqı dövlət başçısından küsdürmək olmaz. İnsanlara yazığınız gəlsin. Kiminsə öz cibi, balasının yaxşı yaşaması üçün milləti incitmək olmaz. Mənə millət vəkili olmaq lazım deyil, onsuz sənətkar kimi Allah tərəfindən seçilmişəm.
Bilmirsiniz nələr baş verir. Kaş bu yolu gəlməzdim. Biz xalqa sənətkar kimi lazımıq. Bülletenlərdə Qurbanov Sadiqin adı yazılıb. Bu Yeni Azərbaycan Partiyasının adına ləkə olan bir insandır. Mən YAP-ın fəxri üzvüyəm. Amma məni düşmən kimi qarşıladılar. Nə qədər saxta bülletenlər atdılar. Qorxumdan qaçıb gəldim qərargahıma. Saxta bülletenlər hamısı qadının alt paltarından çıxıb. Bunların hamısını bacım Mehriban tapıb çıxardı. Bir kişi məntəqədə bacımın üstünə atıldı ki, onu döysün. Onun əlindən kağızları alıb qaçdım. Məni çox təhqir etdilər, Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Məntəqələrdə karusellər baş verdi. Sadiq Qurbanov deyir ki, millət vəkiliyəm mən, pulumu verib millət vəkili seçilmişəm.
Günlərdir evimizdən, balalarımızdan, sənətimizdən uzaq düşüb, çalışırıq. Xalqın qayğısına qalmaq üçün çalışdıq. Bacımı da, məni də döydülər, qaçdıq oradan. YAP-ın adına ləkə gətirən, bu saxtakarlığın təməlini qoyan Siyəzəndə Etibar Heydərov, Rəşad, Nəcməddin adlı şəxslər, bütün İcra nümayəndələridir. Seçki Komitəsinin sədri Məzahir Pənahova səslənirəm, bunu araşdırın".
Əməkdar artist eyni zamanda məntəqələrdə bülletenlər sayılan zaman işıqların bilərəkdən tez-tez söndürüldüyünü qeyd edib.

İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top