"Pozuntulara yol verən aşağı seçki komissiyaları buraxılacaq" - Məzahir Pənahov


“Pozuntulara yol verən bütün aşağı seçki komissiyaları ciddi surətdə cəzalandırılacaq”.
Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, belə pozuntulara yol verən seçki komissiyaları buraxılacaq: “Biz bununla bağlı qəti addımlar atacağıq. Seçki komissiyalarının səhv, xüsusən bilərəkdən səhv etməyə haqqı yoxdur. Hətta lazım gəlsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
MSK sədrinin sözlərinə görə, sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq. M. Pənahov deyib ki, kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin: “Hətta həmin videogörüntülərin surətini çıxarıb, qaytara bilərik. Bələdiyyə seçkiləri ilə müqayisədə parlament seçkiləri ilə bağlı araşdırma daha ciddi olacaq. Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinə kölgə salsın. MSK və aşağı seçki dairələri ictimaiyyətin tələblərinə cavab verməlidir. Ona görə də vətəndaşlar əlində olan bütün faktları MSK-nın aidiyyəti orqanlarına çatdırmalıdır”.//APA
 

DİGƏR XƏBƏRLƏR

Top