Eyni şirkət, eyni mal, fərqli qiymət - Təhsil Nazirliyi məktəblərə necə "od qoyur"


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi  tenderin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tenderin qalibi ötən ilin fevral ayının 6-da dövlət qeydiyyatına alınan "Təchizat-RA" MMC olub. Bu şirkət 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini quru meşə odunu ilə təmin edəcək. Təhsil Nazirliyi 3596 kub metr quru meşə odunu üçün "Təchizat-RA" MMC şirkətinə 294 min 992 manat 83 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 82 manata satın alacaq. 
Maraqlıdır ki, təxminən ay yarım əvvəl - ötən ilin dekabr ayının 25-də "Təchizat-RA" MMC şirkəti 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi daha bir tenderin qalibi olub. Həmin tenderdə isə qeyd olunub ki, "Təchizat-RA" MMC 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini 2500 kub metr quru meşə odunu ilə təchiz edəcək və bunun qarşılılğında 298 min 799 manat 60 qəpik alacaq.
Rəqəmlərdən də göründüyü kimi, "Təchizat-RA" MMC şirkəti ötən ilin dekabr ayında 1 kub metr quru meşə odununu Təhsil Nazirliyinə 120 manata satdığı halda, bu ilin fevral ayında 82 manata satıb.
Məlumat üçün onu da bildirək ki, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəbləri Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının ərazisində yerləşir.
Onu da bildirək ki, yola saldığımız 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib ki, ölkə üzrə qazlaşdırma səviyyəsi 96%-ə çatıb. Ölkədə yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə hər il büdcədən milyonlarla manat vəsait ayrılır. Təkcə 2018-ci ildə bu məqəsdlə SOCAR-a 100 milyon manat vəsait ayrılıb. 2019-cu ildə isə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Təhsil Nazirliyinə 8,7 milyon manat ayrılıb. Lakin, ayrılan milyonlarla vəsaitə baxmayaraq rayonlarda yerləşən təhsil müəssisələrinin bir çoxu hələ də odunla qızdırılır. 
Qeyd edək ki, Təhsil Nazirliyi daha əvvəl də təhsil müəssisələri üçün odun yanacağı almaq üçün tenderlər keçirib. Açıq şəkildə görünür ki, bu tenderlər zamanı alınan odunların qiymətində kəskin fərqlər mövcuddur.
Məsələn, ötən ilin dekabr ayında Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tender müsabiqəsinin qalibi "ATM GROUP" MMC olub. Bu şirkət 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları) tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 5100 kub metr doğranmış quru odun üçün "ATM GROUP" MMC şirkətinə 293 min 377 manat 5 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi quru odununun 1 kub metrini 57,5 manata satın alacaq. 
"ATM GROUP" MMC 24.09.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 33/40, m. 2-də yerləşir.  Açıq internet resurslarda barəsində heç bir məlumatın olmadığı bu şirkətin bu sahədə hansı təcrübəsinin olduğu da bilinmir.
Maraqlıdır ki, Təhsil Nazirliyini dekabr ayında keçirdiyi tender müsabiqəsinin qalibi olan fərdi sahibkar Əliyev Şaban Məftun oğlundan (VÖEN-1402771392) alacağı quru meşə odunun 1 kub metri üçün 27 manat ödəyəcək. Üstəlik, Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan məktəblər (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının ərazisində yerləşir) üçün alınacaq odunun daşınma xərcləri də bu qiymətə daxildir.
9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (Yevlax, Mingəçevir, Ağdaş və Bərdə rayonları) elan etdiyi tenderin qalibi isə "Eldar-2014" MMC olub. Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün "Eldar-2014" MMC şirkətinə 196 min manat 19 qəpik (1 kub metrinə 81 manat) ödəyəcək.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top