Polisdən uğurlu əməliyyat - 7 kiloqramdan çox narkotik AŞKARLANDI


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçiriblər.
DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, ki, Baş İdarəyə paytaxtın Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin şəxs - Bakı şəhər sakini Daşqın Axundzadə tutulub. Onun üzərində axtarış aparılan zaman 25,870 qram marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamında Daşqın Axundzadənin yaşadığı evdən əlavə 4 kiloqram 575,165 qram heroin, 2 kiloqram 140 qram güclü təsiredici xassəyə malik metamfetamin, ümumi çəkisi 27 qram olan, satışı qadağan edilən psixotrop tərkibli 180 ədəd “Preqabalin” həbi və elektron tərəzi aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman külli miqdarda - 1 kiloqram 45 qram heroin aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Daşqın Axundzadənin və Fərhad Hüseynovun barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top