Uhanda çalışan və koronavirus haqqında yanvar ayında ilk məlumatı əldə edərək həqiqətləri deyən həkim susdurulması üçün polislər tərəfindən saxlanılıbmış.
Yeniavaz.com xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb. Məlumata görə, Li Venlyan adlı həkim hələ ötən ilin sonlarında çatda yaxınlarına və həmkarlarına xəstəxanaya qəribə infeksiya diaqnozu ilə 7 nəfərin gəldiyini yazıb. O, həmkarlarından bunun SARS virusundan daha təhlükəli olduğunu və virusun növünün tam dəqiqləşdirilmədiyini bildirib. Daha sonra həkim dediklərinə görə, polis bölməsinə çağrılıb. Onu yalan məlumat yaymaqda ittiham ediblər. Məlumatı yaydığına görə, həkim 3 gün polis bölməsində saxlanılıb. Bundan sonra L.Venlyan yazdıqlarını təkzib etməyə məcbur olub və yalan məlumat yaymayacağına söz verib. Yanvarın 3-də polislər həkimin barmaq izi olan etiraf sənədlərini dərc ediblər.
Həkim töhmət aldıqdan sonra isə yenidən işinə qayıdıb və koronavirusa yoluxan bir qadının müalicəsinə başlayıb. Lakin daha sonra özü və valideynləri də bu virusa yoluxub. Hal-hazırda L.Venlyan işlədiyi xəstəxanada müalicə olunur.
Qeyd edək ki, Çin polisi yanvar ayının əvvəlində 8 nəfəri viral infeksiya şayiələrini yaydığına görə cəzalandırıb.
Xatırladaq ki, ÇXR Ali Məhkəməsi məsələni araşdıraraq Uhan polisini həkim Li Venlyan və digər xəbərdar etməyə çalışan insanlara qarşı olan münasibətini tənqid etsə də, polislərə heç bir cəza tətbiq edilməyib.
İlahə Hüseynova