Bakı içməli suyun keyfiyyətinə görə Avropada sonuncu oldu - HESABAT


Azərbaycanın paytaxtı Bakı şəhəri Avropanın paytaxt şəhərləri arasında sağlamlıq baxımından sonuncu sırada yer alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyada fəaliyyət göstərən Treated.com portalı yayımlayıb. Portal tərəfindən hazırlanan və 46 Avropa ölkəsinin paytaxt şəhərlərində səhiyyə, sağlamlıq və ətraf mühitüin vəziyyətini əks etdirən reytinq siyahısı "Numbeo", "HPI ThinkTank", "Dünya Əhali İcmalı", "Dünya Bankı Qrupu" və "Index Mundi" kimi müxtəlif nüfuzlu mənbələrdən toplanan məlumatlar əsasında tərtib edilib.
Paytaxt şəhərlərində səhiyyə, sağlamlıq və ətraf mühitüin vəziyyətini əks etdirən reytinq siyahısı hazırlanan zaman 10 meyar nəzərə alınıb. Buraya idmanla məşğul olma (fitness klublarına üzv olanların sayı və qiyməti), orta ömür uzunluğu, hava, su və həyat keyfiyyəti, səhiyyə xərcləri, meyvə və tərəvəzin qiymətləri, karbon qazı tullantıları, işə və gəzintiyə velosipedlə gedənlərin sayı, eləcə də yaşıllıq sahələrin keyfiyyəti kimi meyarlar daxildir.
Azərbaycanın paytaxtı meyvə və tərəvəzin aşağı qiymətinə görə Kosovo, Priştina, Belqrad, Skopye, İrəvan və Tbilisidən öndə olsa da, idman salonlarındakı aylıq abunə haqqına və digər göstəricilərə görə sıralamada son sırada yer alıb.
Orta ömür uzunluğuna görə Bakı yalnız Moskva, Kiyev, Kişinyov və Priştinanı qabaqlayır və 46 şəhər arasında 42-ci sırada yer alıb.
Bundan başqa Bakı hava çirkliliyinə görə Sofiya, Sarayevo, Skopye, Tirana, Tbilisi və Buxarestdən sonra 40-cı sırada qərarlaşıb.
Azərbaycanın paytaxtı suyun keyfiyyətinə görə də Avropanın paytaxt şəhərləri arasında sonuncu sırada yer alıb.
Bakı həyat səviyyəsinin keyfiyyətinə görə isə yalnız Albaniyanın paytaxtı Tiranadan öndədir.
Karbon qazı tullantılarının səviyyəsinə görə yalnız Romadan irəlidəyik. Avropanın paytaxt şəhərləri arasında havaya ən çox qarbon qazının buraxıldığı 2-ci şəhər Bakı hesab olunur.
Yekun nəticədə Bakı 346 xal toplayaraq sonuncu - 46-cı sırada yer alıb. Bakıdan sonra ən pis vəziyyət  Moskva, Buxarest, Roma, Ankara, Tbilisidə qeydə alınıb.
Avropanın paytaxt şəhərləri arasında ən yaxşı vəziyyət Danimarkanın paytaxtı Kopenhagendə qeydə alınıb.
İlk onluğa Vyana, Bern, Helsinki, Berlin, Stokholm, Vilnüs, Amsterdam, Podqoritsa və Lyublyana  daxildir.

DİGƏR XƏBƏRLƏR

Top