DİN-dən İlkin Süleymanovun polis əmisi oğlu barədə AÇIQLAMA


“Cinayətdə şübhəli bilinən şəxsin qohumlarının hansı vəzifə tutması heç nəyi dəyişmir”.
Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov, 10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanovun “Kanal 13”-ə verdiyi müsahibə zamanı səsləndirdiyi iddiaları cavablandırıb. O bildirib ki, İ. Süleymanovun əmisi oğlunun kimliyinin, onun istefasının bu məsələyə heç bir aidiyyəti yoxdur: “Polis əməkdaşı olan Murad Süleymanovun əmisi oğlu cinayətdə şübhəli bilinir. Murad Süleymanovun sözündən belə çıxır ki, o, polis əməkdaşı olduğuna görə cinayətdə şübhəli bilinən əmisi oğluna güzəşt olunmalı idi. Cinayətdə şübhəli bilinən şəxsin qohumlarının hansı vəzifə tutması heç nəyi dəyişmir. O polis serjantıdır, ərizə yaza da bilər. Əgər özü açıqlama verirsə ki, işdən çıxmaq üçün ərizəmi yazıb təqdim etmişəm, əlbəttə, buna baxılacaq. Ancaq bildirirsə ki, o, polis işləyə-işləyə onun əmisi oğluna hörmət qoyulmadı, özünü isə guya şərləməyə çalışdılar, bu, olduqca absurd səslənir”.
Qeyd edək ki, sözügedən müsahibə zamanı M.Süleymanov, daxili işlər orqanlarından xaric olunmaq üçün ərizə ilə müraciət etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top