80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə Beyləqanın Dünyamalılar kəndində etirazla qarşılanıb.
Yeniavaz.com xəbər verir ki, Beyləqan rayonunun Dünyamalılar kəndinin sakinləri Çingiz Qənizadəyə etirazlarını bildiriblər. Ona vətəndaşların şikayətləri ilə bağlı dəfələrlə müraciət edildiyini, ancaq heç biri ilə maraqlanmadığı xatırladılıb.
Sakinlərdən biri nümunə olaraq bildirib ki, kəndlərində 10 yaşlı xəstənin orqanlarından birinin dəyişdirilməsi üçün kənd camaatından pul yığılıb, ancaq Çingiz Qənizadədən bu barədə kömək istənilməsinə baxmayaraq onlara heç bir yardım göstərməyib.
Qeyd edək ki, bundan əvvəl də Çingiz Qənizadə Beyləqanda sakinlərin etirazı ilə qarşılanmışdı. Namizədin görüşündə vətəndaşlar yaşayışdan şikayət etmişdilər. Bu barədə Ç. Qənizadənin “təsərrüfatın yoxdurmu” cavabından sonra kənd sakini "cəmi 48 sot torpağım var, onunla ailəmi necə dolandırım" deyə cavab vermişdi. Daha sonra bütün sakinlər deputatlığa namizədə etirazlarını bildirmişdilər. Ruslan Yusibov