"Google Maps" üçün Bakını qarış-qarış gəzən gənc


Adətən dəqiq olaraq istiqamət haqda məlumatlı olmadığımız halda biz onun, Google Maps-in köməyindən istifadə edirik. Mütəmadi olaraq marşrutlarda dəyişiklik olduqca burada yenilənmələr əlavə olunur. Təbii ki, bəzən bu yenilənmələrin gec əlavə olunması bizim səhv istiqamətə getməyimizə də səbəb olur. Təbii ki, bu zaman günahı Google Maps-in boynuna ataraq, "yoldur, yolda adamın başına çox iş gəlir", deyib təsəlli tapmağa da çalışırıq.

Maraqlıdır, bu xəritəyə məlumatlar kim tərəfindən əlavə olunur, ya da ki, bizə istiqamət verən yol bələdçimiz kimdir?

Sputnik Azərbaycan "Google Maps"ə bu məlumatları yerləşdirən şəxsi tapıb. IT üzrə mütəxəssis olan Renat Məcidov artıq yeddi ildir ki, bu işlə məşğuldur. Təbii, bu çətin işi görməkdə ona yardım edən bir şəxs də var.

Layihə ilə bağlı isə özündən ətraflı məlumat aldıq.

-  İstəyərdim bizim yol bələdçimiz haqda, bu işə nə zamandan start verməyiniz haqda danışasız. Maraqlıdır, necə oldur ki, belə bir iş sizin diqqətinizi çəkdi?

- Nəqliyyatın İntelektual İdarəetməsi Mərkəzinin təzə vaxtları idi və bu sahəyə külli miqdarda vəsait ayrılmışdı. Lakin təqdim olunan həllər heç də yaxşı vəziyyətdə deyildi. Ümumi xəritə və naviqasiya keyfiyyəti normal istifadəyə yararlı deyildi, üstəlik məlumatlar gündəmdə saxlanılmırdı və çox vaxt saytları ümumiyyətlə işləmirdi. Artıq heç həmin həllər də yoxdur. Ən maraqlısı, BNA özü də alo141.az saytında avtobus naviqasiyası üçün Google Xəritələrindən istifadə edir. Medianı çağırıb təqdimat da eləmişdilər. Həmin naviqasiyaya necə nail olduqları barədə çox güman rəhbərliyə heç məlumat verməyiblər.

- Dəqiq olaraq nə vaxtdan bu işə başladınız?

- Layihə 2013-cü ilin yay aylarında başlayıb. Əlbəttə, həmin vaxt təcrübəmiz daha az olduğu üçün işlərimiz daha çox vaxt tələb edirdi. Təxminən 8 ay iş üzərində işlədikdən və tələb olunan düzəlişlərdən sonra 2014-cü ilin martında şəhər daxili, bir az sonra yay ərzində isə şəhər ətrafı məlumatlar xəritədə ümumi istifadəyə təqdim olundu.

- Tez-tez marşrut xətləri, onların istiqamətləri dəyişir. Bunları çatdırmaq necə, çətin deyilmi?

- Hazırda Bakıda marşrut xətləri və yollarda stabillik yoxdur. Marşrutlarda və yollarda daim müxtəlif dəyişikliklər olur və bu səbəbdən bəzən ayda bir neçə məlumat yenilənməsi tətbiq olunur. Tək bu ilin yanvar ayının birinci yarısında 3 dəfə yenilənmə tətbiq olunub. Ən pisi isə odur ki, təəssüf ki, bir çox halda dəyişikliklər barədə məlumat belə verilmir. Sürprizlər çox olur. İstənilən halda, dəqiqləşdirmə prosesi həmişə davam edir. Biz hər marşrut xətti haqda məlumatı dəqiq olaraq çatdırmaq üçün avtobusun ilk dayanacağından son dayanacağınadək gedirik və beləcə məlumatları yeniləyirik.

- Ümumiyyətlə, bu sahədə olan əsas problemlər nədir, bu işi təkmilləşdirmək üçün daha hansı yeni addımları atmağı düşünürsünüz?

- İşlərin gedişatından çox şey asılıdır. Hazırda ən böyük problem və təkmilləşmə planında məhdudiyyət nəqliyyat sahəsində olanların bu sahəyə münasibətidir. Cavabdehlər oxşar həllərin vacibliyini heç cür dərk edə bilmirlər. Bir misal çəkim. Hələ illər öncə "real-time" funksionallığını tərtib etməyə çalışdıq. Heç kim məsələyə ciddi yanaşmadı. Bunun üçün böyük bir şey də tələb olunmurdu. Başlanğıc üçün sadəcə "hə, yaxşı" qədər sadə cavab bəs edərdi. Sadə, qeyri-formal bir razılıqla illər öncə avtobusun olduğunuz hər dayanacağa çatma vaxtını göstərmək olardı. Hələ də bu sadə səbəbdən mümkün deyil. Aidiyyətli bütün eksperimental işlər də davam edilmədi. Texniki cəhətdən çox şey mümkün idi, lakin funksionala böyük vaxt və əziyyət sərfindən sonra məlumat mənbəyinin bizə bağlanmasını istəmirdik. NİİM illər öncə belə etmişdi, elə özləri bunu açıq şəkildə də qəbul etmişdilər. Belə aydın olur ki, heç bir qurum bizim kimi düzgünlük və nəticə gözləyənlərlə işləmək istəmir.

Qurumlar ilə müqayisədə, mikroskopik büdcə ilə ortaya həqiqətən işlək bir nəticə qoyulur. İnsanları işlək naviqasiya ilə təmin etmək üçün milyonlar yox, sadəcə düzgün yanaşma lazımdır. Ümumiyyətlə isə onu da qeyd edim ki, yollarımız sırf avtomobillər üçün layihələndirilir və tikilir. Piyadaların çoxluq təşkil etməsi heç kimi maraqlandırmayan bir reallıqdır və piyada infrastrukturu həmişə arxa planda qalır. Bu yanaşma tamamilə absurddur. Qurumun adının elə "Avtomobil Yolları Dövlət Agentliyi" olması tamamilə düzgündür. Şəhər daxilində eyni səviyyəli keçidləri ləğv edib, yerüstü keçid adlandırdıqları "razılaşdırılmış" göydələnləri tikib, addım enində "səki" saxlayıb, yolun genişləndirilməsini elan edənlərə piyada konsepsiyası tamamilə yad bir şey olmalıdır. Yol keçmək üçün heç kim 5-ci mərtəbəyə qalxıb-düşməli deyil. Prioritetin piyada və ictimai nəqliyyat yox, avtomobil infrastrukturuna verildiyi müddətdə, əlbəttə insanlar şəxsi nəqliyyata üstünlük verəcəklər və nəticədə inkişaf görmək çox çətin məsələ olacaq. Bu sahədə anlayışı olan hər bir kəs yol və nəqliyyat problemlərinin elə burada başladığını təsdiq edə bilər. Heç bu mövcud seçimlərin fərqli bir mövzuya keçən ekoloji fəsadlarından və insanların sağlamlığına təsirindən danışmırıq. Qısaca, oxşar yanaşma və bu gedişlə normal irəliləyiş demək olar ki, mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top