Boks millilərimizə Kuba və Kolumbiyadan legionerlər cəlb olundu


Boks millilərimizə yeni əcnəbilər qoşulub.

Əvvəlcə kişi millimizin baş məşqçisi Umberto Orta Dominqes özünə vətəni Kubadan yeni köməkçi məşqçi gətirib.

Bundan başqa, millimizdə kubalı legionerlərin sayı üçə çatıb (digər ikisi Lorenso Sotomayorla Alfonso Dominqesdir – S.M.). Belə ki, 91 kq-da Osnay Benkomo adlı boksçu yığmamız üçün gətirilib.

Lakin o, bu ay Türkiyənin İstanbul şəhərində Ahmet Cömərtin şərəfinə keçirilmiş ənənəvi beynəlxalq turnirdə uğursuz çıxışı ilə yadda qalıb. Benkomo boks ölkəsi sayılmayan iranlı boksçu ilə ilk duelindəcə məğlub olaraq yarışda çıxışını başa vurub.

Halbuki 24 yaşlı Osnay Benkomo ötən ilin aprelində verdiyi açıqlamasında boksla dördüncü sinifdən məşğul olmağa başladığını, 11-12 yaşından qızıl medal qazandığını, 13-14 yaşlarından isə milli komandalara düşdüyünü bildirib.

Kuba millisi ilə daha böyük uğurlar qazanmaq istədiyini bildirən Benkomo nədənsə Azərbaycandan gələn təklifə “yox” deməyib. Daha bir maraqlı məqam odur ki, bu idmançı bir il əvvələdək 81 kq-da çıxış etsə də, Azərbaycanda 10 kilo artıq çəkidə sınanılıb.

Həmçinin, Azərbaycan Boks Federasiyası Tokio Olimpiadasında qadınların yarışında da medal qazanmaq niyyətindədir. Bu üzdən də yanvarın 12-dən Abşeron Olimpiya İdman Kompleksində hazırlıqlara başlamış qadın millimizə üç legioner cəlb olunub.

Məqsəd martın 13-23-ü tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Avropa lisenziya turnirində həmin idmançıları sınamaqdır.

Baş məşqçi Elbrus Rzayev də saytımıza açıqlamasında bu xəbəri təsdiq edib:

“Bəli, hazırda səkkiz boksçu ilə məşq edirik. Təlim-məşq toplanışının hansı tarixədək davam edəcəyi barədə bizə məlumat verilməyib. Ancaq üç əcnəbi boksçu yığmamızla məşq edir. Onların adlarını bilmirəm. Amma ölkə olaraq Kolumbiyadan olmalıdırlar”.

Göründüyü kimi, yerli idmançılara maaş verməkdə çətinlik çəkən federasiya Olimpiadada medal qazanmaq üçün legionerləşdirmə siyasətinə sadiq qalmağa üstünlük verib. Bu idmançıların milliləşdirilməsi isə hələ Azərbaycanın Yay Olimpiya Oyunlarında medal qazanması zəmanətini vermir.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top