20 Yanvar şahidi: “Maşınımın üstündən keçən tank adamlarla dolu mikroavtobusu da əzdi” - VİDEO

 
1990-cı il yanvarın 20-də erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını işğal etməsinə qarşı Bakı meydanlarında toplaşanlardan biri də Nazim Ələkbərov idi.
20 Yanvar şahidi o tarixdə hamı kimi xalq hərəkatı üçün çalışır, piketlərdə iştirak edir və iştirakçılara yemək, odun kimi materiallar daşıyırdı. O, faciənin ilk saatlarında yenə maşınına odun yükləyir və məhəllələrindəki bir neçə gənclə mitinq meydanına üz tutur. Həmin gecə qırmızı güllələrin başlarının üzərindən dayanmadan uçuşduğunu deyən Nazim Ələkbərov Yeniavaz.com-a yanvarın 19-dan 20-ə keçən gecədə yaşadığı dəhşətləri danışıb: "Yanvarın 19-u saat 22:20 radələrində qaynım Əhmədlə Mərkəzi Komitənin qarşısından evə gəlirdik. Küçənin döngəsini dönəndə gördük ki, qadınlar, kişilər hamısı küçədədirlər. Mən gəlməmişdən əvvəl isə avtomobillə gəlib hamını səsləyirdilər ki, 20 Yanvar küçəsinə toplaşmaq lazımdır, şəhərdə nə isə faciə baş verir. Qaynım isə xəstəxanadan təzə çıxmışdı. Yanvarın 19-u onun üçün yemək aparanda bizə dedilər ki, xəstəxananı boşaldırlar, xəstənizi evə aparın. Başa düşmədik ki, söhbət nədən gedir. Oradan çıxandan sonra evə gəldik. Ancaq mən hələ səhərdən hazırladığım odunları aparıb paylamalı idim. Əhmədə dedim ki, sən xəstəsən evdə otur, özüm gedərəm. Elə bu vaxt qapımız döyüldü və məhlədəki uşaqlar dedilər ki, Nazim əmi biz də səninlə odun aparmağa gedirik. Mənimlə birlikdə "Zaparoji"də Zakir, Pərviz və İlqar oturmuşdular. "Qələbə" kinoteatrından Nəqliyyat Nazirliyinə doğru üzü ağaşı düşəndə gördük ki, göydə qırmızı güllələr uçuşur. Gəldik çatdıq Tibilisi prospektinə. Fikirləşdim ki, "Salyanski Kazarma" tərəfə getsəm, tanklar oradan gələcək, deməli, 20 Yanvar tərəfə getmək lazımdır. Bütün maşınlar o istiqamətdə gedirdi, elə mən də onların arxasınca getdim”.

Nazim Ələkbərov həmin vaxt yanlarından keçən zirehli texnikanın birinin güllə ata-ata üzərlərinə gəldiyini bildirdi: “Bu vaxt bizim yanımızdan iki zirehli texnika keçdi. Biri 20 yanvar istiqamətində getdi, digəri isə güllə ata-ata sürətlə üstümüzə gəlməyə başladı. Mən hələ də inanmırdım, deyirdim ki, yəni, bu məni əzib keçə bilər? Uşaqlar da qorxurdular, deyirdilər ki, "Ay Nazim əmi, deyəsən bizim üstümüzə gəlirlər". Bizimlə zirehli texnika arasında təxminən 35-40 metr məsafə var idi. Bu vaxt Zakir özünü avtomobildən çölə atdı. Mən də bir əlimlə rolu saxladım, bir əlimlə də oturacağı qaldırdım ki, Pərvizlə, İlqar da düşsünlər. Tank avtomobilin üstünə çıxanda sağ qapı artıq əzilib İlqarın ayağına dəymişdi. İlqar da Zakirin üstünə yıxılmışdı. Avtomobilin üstündən keçəndən sonra, gözümü açdım, elə bildim ki, ölmüşəm. Uzanıqlı vəziyyətdə sıxılıb qalmışdım. Durmaq istədim, ancaq dura bilmədim. Ayağımın üstünə də dəmir girmişdi. Başımı qaldıranda gördüm ki, mənim üzərimdən keçən tank arxadakı mikroavtobusu əzib. Onun da içərisində nə qədər adam var idi, daha sonra isə dayanmadan "RAF"ı dirəyə vururdu. Elə bu vaxt üzərimə elektrik naqilləri düşdü. Artıq hər şeyi başa düşürdüm. Həmin an sanki hansısa qüvvə mənə kömək oldu və ayağımı avtomobildən çıxarıb düşdüm. Sonra da başladım uşaqları axtarmağa. Çünki, avtomobildə heç bir qan ləkəsi yox idi. Bir də gördüm ki, Zakirlə, İlqar məni səsləyirlər. Onları tapdım, ancaq Pərviz hələ də yox idi. Başladıq bir yerdə onu axtarmağa. Birdən İlqarın səsi gəldi ki, Nazim əmi Pərvizi vurublar, yaralıdır. Qaça-qaça gəldim ki, uşaq yerdə qan içində uzanıb, xırıldayır. Tez yola çıxdım və taksi axtarmağa başladım. Bu vaxt bir "Qaz-31" saxladı və onunla "Semaşko" xəstəxanasına getdik. Xəstəxananın həyətində aləm bir-birinə qarışmışdı, demək olar ki, hamı ağlayırdı. Ancaq təəssüf ki, onu xilas etmək mümkün olmadı".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top