Ermənistanda təbii qazın qiyməti aprel ayından etibarən arta bilər.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan bildirib.
Mqer Qriqoryan təbii qazın qiymətinin artırılması ilə bağlı jurnalistlərin sualına cavab verərkən bildirib ki, "Qazprom-Ermənistan" şirkəti aprel ayından etibarən Tariflərin Tənzimləməsi Komissiyasına müraciət edə bilər.
Baş nazirin müavini onu da əlavə edib ki, əgər Komissiya qazın qiymətini artırarsa hökumət bunu büdcə vəsaiti hesabına kompensasiya etməyə çalışacaq.
Məlumat üçün bildirək ki, Ermənistanın təbii qaza olan tələbatına görə tamamilə Rusiyadan asılıdır. Rusiyadan idxal olunan təbii qaz ölkə daxilində Rusiyanın "Qazprom" şirkətinin törəmə şirkəti olan "Qazprom-Ermənistan" vasitəsilə satılır.
Onu da bildirək ki, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Rusiya ilə bu ölkə arasında əsas müzakirələrdən biri təbii qazla bağlı olub. Son il yarım ərzində mətbuatda dəfələrlə Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini qaldıracağı ilə bağlı xəbərlər yayılıb. Rusiyanın əlində olan ən böyük təzyiq imkanlarından biri isə heç şübhəsiz ki, Ermənistana satdığı təbii qazdır.