Fəzail Ağamalıdan Salyanda yaşananlarla bağlı AÇIQLAMA


“Mənə böhtan atmaq onların ən azı qazi adına yaraşmaz”.

Bu sözləri Yeniavaz.com-a Milli Məclisin deputatı və 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini irəli sürmüş Fəzail Ağamalı, qazilərin onun haqqında səsləndirdikləri iddialara cavab verərkən deyib.
F. Ağamalı bildirib ki, şəhid məzarını ziyarət edərkən ora heç kim sonradan gəlməyib:
“Yanvarın 17-də mən öz təbliğat-təşviqat kampaniyama 60 saylı Salyan-Neftçala seçki dairəsinin Xələc kəndində 2016-cı ildə Aprel döyüşlərində igidlik göstərərək şəhid olan Rəşid Mehdiyevin doğulduğu evdən başlamışam. Onun ata ocağına getmişəm və ruhanilərdən xahiş etmişəm ki, onun ruhuna dualar oxunsun. Oradan da məhdud sayda tərəfdarım və bəzi qazilərlə şəhidi yad etmək üçün onun uyuduğu qəbiristanlığa getmişəm. Orada mən şəhid haqqında çox qısa fikrimi söyləmişəm. Özüm haqqında təbliğat-təşviqatla bağlı heç bir fikir söylənilməyib. Biz qəbiristanlıqda olan ərəfədə sonradan ora heç kim də gəlməyib və gətirilməyib. Həmçinin bütün bu proseslərdə heç bir rəsmi şəxs də iştirak etməyib. Bizim əlimizdə konkret videolar var. Bu gün sosial şəbəkələrdə həmin kadrları təqdim edəcəyəm”.
O haqqında iddialar səsləndirən qazilərin başqa namizədi dəstək vermək üçün belə addım ata biləcəklərini deyib:
“Mən Qarabağlı kəndində qazilərin özləri ilə də görüş keçirdim. Orada bir nəfər gəldi özünü veteran kimi təqdim elədi. Qarabağ qazilərindən bir nəfər də onu qovdu ki, get sən bizim işimizə mane olma, biz burada görüş keçiririk. Qarabağ qazisini oraya gəlməyə məcbur etmək olarmı? Mümkün deyil! Qarabağ qaziləri kifayət qədər xarakterli, öz fikirləri olan insanlardır. Ola bilsin ki, o kadrlardakı insanlar ümumiyyətlə orada iştirak etməyiblər, başqa bir namizədə dəstək verirlər. Bu onların seçimidir, amma mənə böhtan atmasınlar. Mənə böhtan atmaq onların ən azı qazi adına yaraşmaz”.
Millət vəkili daha sonra seçicilərlə şadlıq sarayında təbliğat xarakterli görüş keçirdiyini bildirib:
“Bu zaman artıq mən birbaşa seçkilər haqqında danışmışam. Mehriban xanımın da adı heç zaman deyildiyi kimi çəkilməyib. Əgər belə bir hal baş veribsə, buyursunlar ortaya bir sübut qoysunlar. Turan TV-nin yaymış olduğu məlumat yanlışdır, böhtandır və qərəzlidir”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top