Koreyada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib


Seul şəhərində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, “Qara Yanvar, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə” adlı mərasim çərçivəsində, həmçinin, xalq şairi Bəxtiyar Vahabzadənin Koreya dilinə tərcümə olunmuş və 20 Yanvar şəhidləri barədə şerlərin də yer aldığı “Gülüstan poeması” adlı seçilmiş əsərləri kitabının təqdimatı keçirilib.
Koreyanın dövlət qurumlarının rəsmiləri, ictimai-siyasi xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının professor və müəllim heyəti, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvlərinin iştirak etdikləri anım mərasimi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səfir Rəmzi Teymurov mərasimdə açılış nitqi söyləyərək, 20 Yanvar faciəsinin müasir Azərbaycan tarixindəki əhəmiyyətindən, ölkəmizin 1991-ci ildə müstəqilliyinin bərpasındakı dönüş nöqtəsi kimi rolundan bəhs edib. Səfir, həmçinin, B.Vahabzadənin əsərlərinin kitab şəklində Koreya dilinə tərcüməsi və nəşrinin Azərbaycan-Koreya mədəni əlaqələrinin inkişafına töhfəsindən danışıb, bu işin reallaşdırılmasına köməklik göstərmiş hər bir kəsə minnətdarlığını bildirib. B.Vahabzadənin şair kimi fəal ədəbi fəaliyyətindən söz açılmaqla yanaşı, onun 1980-ci illərin sonlarında Azərbaycan xalqının milli azadlıq mübarizəsində ictimai xadim kimi böyük rol oynadığı qeyd olunub.
B.Vahabzadənin seçilmiş əsərlərinin Koreya dilində nəşri ilə bağlı Səfirlik tərəfindən 2017-ci ildə təşəbbüs qaldırılıb və Koreyanın Donqduk Qızlar Universiteti, KYOBO Daesan Mədəniyyət Fondu və Munci nəşriyyat evi ilə əməkdaşlıq çərçivəsində 2019-cu ilin dekabr ayında Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə şairin şerləri Koreya dilinə tərcümə olunaraq kitab şəklində 1200 nüsxədə koreyalı oxuculara təqdim edilib. Bununla da, tarixdə ilk dəfə Azərbaycan şairinin əsərləri Koreya dilinə tərcümə olunub.
Tədbirdə daha sonra Səfirliyin nümayəndəsi tərəfindən 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri, eləcə də dünya ictimaiyyətinin faciə ilə bağlı nümayiş etdirdiyi mövqe barədə danışılıb. SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər cinayətlərin digər respublikalarda da törədildiyi qeyd olunub, miqyası və qəddarlığına görə ən dəhşətlisinin isə məhz Azərbaycanda baş verdiyi vurğulanıb.
Sonra B.Vahabzadənin “Gülüstan poeması” adlı seçilmiş əsərləri kitabının Koreya dilinə tərcüməsini Koreyanın İnhua Universitetinin doktorantı Leyla Məsimlinin assistentliyi ilə həyata keçirmiş, Dongduk Qızlar Universitetinin professoru, Universitetin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru xanım Oh Eun-kyunq tərəfindən kitabın təqdimatı olub. Professor Oh xüsusilə, Koreya xalqının bölünmüş vəziyyətdə olması və B.Vahabzadənin “Gülüstan” poemasının da bölünmüş Azərbaycan xalqına həsr edilməsi baxımından şairin əsərlərinin Koreya ictimaiyyətinə yaxşı xitab etdiyini vurğulayıb. Professor Oh, B.Vahabzadənin əsərlərinə istinad edərək, 20 Yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdiyini bildirib, məhz bu hadisədən sonra Azərbaycanda milli azadlıq hərəkatının tam siyasi reallığa çevrildiyini, dönməz xarakter aldığını vurğulayıb. Həmçinin, 20 Yanvar faciəsindən sonra SSRİ-nin dağılmasının qarşısıalınmaz prosesə çevrildiyi diqqətə çatdırılıb.
Professor Oh, kitab barədə bəhs etməklə yanaşı, Azərbaycan tarixinə də ekskursiya edib və iştirakçılara qədim və orta əsrlər Azərbaycan dövlətləri, o cümlədən Səfəvi Azərbaycan dövləti barədə məlumat verib. O, həmçinin, 1813-cü ildə “Gülüstan Müqaviləsi” ilə Azərbaycanın Rusiya və İran arasında bölünməsi, o dövrdən etibarən ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elanı və cəmi 2 ildən sonra süqutu, 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması, ondan 1 il öncə isə Qanlı Yanvar faciəsinin yaşanması, Ermənistanın Azərbaycan torpaqlarını işğalı və Xocalı soyqırımının törədilməsini obyektiv ifadələrlə diqqətə çatdırıb.
Tədbirdə 20 Yanvar faciəsinə dair fotolar nümayiş etdirilib, habelə B.Vahabzadənin Koreya dilinə tərcümə edilmiş seçilmiş əsərləri kitabı iştirakçılara təqdim olunub.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top