İcra başçısı: "Fırıldaqçı qrup Dövlət Komitəsinin adından saxta sənədlər hazırlayır"


"Mingəçevirdə fırıldaqçı qrup 2015-ci ildə ləğv olunan Dövlət Torpaq Komitəsinin adından saxta sənədlər hazırlayaraq, vətəndaşları və dövlət qurumlarını aldatmağa çalışır".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Şuranın ilk iclasında bildirib. O, iclasda Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2020-ci il üzrə perspektiv iş planı təsdiq edilib. İH-nin başçısı İlham İsmayılov 2019-cu ildə olduğu kimi 2020-ci ildə də tədbirlər planında 41 məsələ nəzərdə tutulduğunu bildirib.
Qeyd olunub ki, İH-yə ötən il daxil olmuş sənədlərlə işin, vətəndaşların ərizə və şikayətlərinə baxılması vəziyyətinin müzakirəsi xeyli uzun çəkib. İlham İsmayılov bildirdi ki,  vətəndaşların qanuni müraciətləri təmin edilib və icrası üçün müvafiq hərəkətlər icra olunub. Lakin haqsız müraciətlər də az olmayıb. Məsələn, dövlət və bələdiyyə torpaqlarını zəbt edənlər qanunsuz tələblərinə rədd cavabı aldıqdan sonra yuxarı instansiyalara eyni məzmunlu məktublarını təkrar-təkrar göndəriblər. İcra başçısı vurğulayıb ki, son vaxtlar Mingəçevirdə məhəllələrin ərazisində ayrı-ayrı vətəndaşlara ev tikmək üçün torpaq yeri ayrıldığı barədə sənədlər ortaya çıxıb: “Məlum olub ki, bir fırıldaqçı qrup 2015-ci ildə ləğv olunan Dövlət Torpaq Komitəsinin adından saxta sənədlər hazırlayaraq, vətəndaşları və dövlət qurumlarını aldatmağa çalışır. Hazırda istintaq orqanları araşdırma aparırlar”.
Şura iclasında Mingəçevir şəhərinin Dövlət büdcəsinin 2020-ci il üzrə gəlir və xərcləri və bu ilki yeniliklər, xüsusən tender əməliyyatlarının indidən sonra elektron qaydada aparılacağı barədə də məlumat verilib.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top