Misiri Teymur istilasından qurtaran düha: İBN XƏLDUN


2011-ci ildə İbn Xəldunun doğum günü münasibətilə “Google” şirkəti xüsusi bir “Doodle” hazırlamış, Şimali Afrikada və Ərəbistan yarımadasında yayımlamışdır.
İbn Xəldunun yazdığı tarix və ayrıca olaraq bu tarixin metodoloji təməli olan “Müqəddimə” əsəri həm də dövlət ilə cəmiyyət arasında, dövlət ilə sivilizasiya arasında münasibətləri araşdırmaq baxımından çox qiymətlidir. Təəssüf ki, İbn Xəldunun xidmətləri nə fəlsəfə, nə iqtisadi fikir, nə də sosiologiya tarixində öz layiqli qiymətini almamışdır. Professor Səlahəddin Xəlilov belə deyir: “Onun XIV əsrdə 20 illik tədqiqatının nəticəsi olaraq ortaya qoyduğu yeni təlim Avropada bir çox görkəmli Qərb filosoflarının və sosioloqların birgə səyləri ilə 200 il ərzində təzədən, İbn Xəldun irsindən xəbərsiz halda yaradılmışdır. Səbəbi isə bu təlimin əsasında dayanan bir neçə prinsipial ideyadır ki, onlar Qərb üçün sözün tam mənasında hələ də aydın deyil”.
Yeniavaz.com xəbər verir ki, İbn Xəldunun müəyyən ideyaları hələ də öz aktuallığını saxlayır və elmi-fəlsəfi fikrin ön cəbhəsində söz sahibi olmaq iqtidarındadır. Yəni Qərb fəlsəfəsi və sosiologiyasının indinin özündə də tam izah edə bilmədiyi bəzi problemlərin həllini və ya heç olmazsa, metodoloji yönünü İbn Xəldunda tapmaq mümkündür. Lakin fəlsəfi və sosioloji fikir tarixinə etinasızlıq nəticəsində Qərbdə yenidən “velosiped icad edilir”.
İbn Xəldunun “Müqəddimə” əsərində dilə gətirdiyi sosial, siyasi, iqtisadi, təhsil və digər sahələrlə bağlı fikirlərinin tam mənada başa düşülməsi və layiq olduğu dəyərin verilməsi üçün hardasa 500 ildən artıq uzun bir müddətin keçməsi gərək imiş. O bütün bu müddət ərzində, ictimai elmlərin (sosial elmlər) bir çox sahəsində araşdırmalar aparan Cemil Meriçin (1916-1987) ifadəsilə: “Orta əsrlərin qaranlıq gecəsinin nə öncülü, nə də davamçısı olan, yalnız və mövtəşəm bir ulduzu idi”. Digər bir müəllif İsavi də İbn Xəldun haqqında belə demişdir: “İbn Xəldun beş əsr boyunca ümməti olmayan bir peyğəmbər kimi zirvədəki yalnızlığı ilə baş-başa qalmışdır”. Bunun səbəbi isə İbn Xəldunun “Müqəddimə” əsərində zaman yolculuğuna çıxaraq, öz dövrünün insanlarına yad olan və onların idrak sərhədlərini aşaraq, gələcək insanların anlayaca biləcəyi sistem və prinsiplər gətirməsidir. “Müqəddimə”nin əngin sularında dolaşan hər bir oxucu İbn Xəldunun, həqiqətən də, öz zamanını aşaraq gələcək əsrlərə səsləndiyini görə bilər.

İbn Xəldunun “Müqəddimə” əsərinin qədim bir əlyazmasının ilk iki səhifəsi.
İbn Xəlduna qədər və ondan da bir neçə əsr sonra tarix bir salnamə kimi, hadisələrin zaman ardıcıllığı ilə sadalanması kimi yazılırdı. Tarixin hərəkətverici qüvvəsi isə ya ilahi qüdrət (tale, qismət), ya da hökmdarların iradəsi götürülürdü. Xalqlar arasında çəkişmələr, müharibələr önə çəkilir, hökmdarın öz iradəsini daha böyük ərazidə həyata keçirməsi əsas məqsədə çevrilirdi. Hadisələr daha çox bir fakt kimi qələmə alınır, subyektiv amillərlə izah edilir, onların arxasında cəmiyyətin böyük miqyaslı bir sistem kimi daxili inkişaf qanunauyğunluqlarının dayanması nəzərə alınmırdı. Bu mənada, XVII-XVIII yüzilliklərdə Avropanın tarixi düşüncəsi hələ də İbn Xəldun səviyyəsinə gəlib çatmamışdı.
İbn Xəldun tarix elminin üstünlüklərindən bəhs edir, tarixçinin düşə biləcəyi xətalardan danışır. O, tarixin önəmli, faydalı və qayələri yüksək bir elm olduğunu vurğulayır. Din və dünya işlərini sağlam təməllər üzərində qurmaq isəyən bir şəxs keçmiş toplumların əxlaqını, peyğəmbərlərin həyat və mücadilələrini, hökmdarların idarəçiliyini və siyasətlərini ancaq tarix ilə öyrənə bilər.
İbn Xəldun tarix və coğrafiya alimi Məsudinin (893-956) “Murucuz-Zəhəb” adlı 4 cildlik əsərində İsrailoğullarının hərbi gücü və əskər sayı ilə bağlı yanlış məlumat verdiyini deyərək buradakı yanlış məlumatı tənqidi bir baxışla analiz edir. Məsudinin bu kitabında Həzrət Musanın, xüsusilə yaşı iyirmidən yuxarı olanların silah daşımalarına icazə verməsindən sonra Tih çölündə ordusunu sayanda altı yüz min və ya daha çox əskər olduğu bildirilir.
İbn Xəldun bu tarixi rəvayətdə keçən rəqəmlərlə razılaşmır. Misir və ya Şamın o zamankı  şərtlərini göz önünə alanda bu sayda bir ordu yığa bilməyəcəklərini qeyd edir. İbn Xəldun hər bir ölkənin ehtiyaclarını qarşılaya biləcək böyüklükdə bir ordu saxlaya biləcəyini vurğulayır. Bu və ya digər ölkələrdən alınmış nümunələr  sübut edir ki, bunun əksi ola bilməz.
Həmçinin sayları altı yüz min olan iki ordunun bir-biri üzərinə yürüş etməsi və savaşmaları da meydanın darlığı, idarə edilmələri və s. kimi səbəblərə görə mümkün görünməyən ehtimaldır. İbn Xəldun sual edir ki, bir cinahda olandan digər cinahın xəbərdar olmayacağı qədər böyük iki ordu necə savaşa bilər? İçində olduğumuz zaman buna (bunun olmayacağına) şahidlk edir. Keçmiş isə gələcəyə, suyun suya bənzədiyindən daha çox bənzəyir.
Məsudinin İsrailoğullarının topladığı əskər sayı ilə bağlı verdiyi bilginin yanlışlığını dilə gətirən İbn Xəldun qeyd edir ki, Fars dövləti İsrailoğullarının hökmdarlığından daha böyük idi. Fars məmləkətinin valilərindən biri olan Buhtun-Nasr İsrailoğullarını məğlub etmiş, məmləkətlərini istila edərək din və dövlətlərinin mərkəzi olan Beytul-Məqdisi yıxmışdı. Rəvayətə görə Buhtun-Nasr Fars hökmdarlığının qərb sərhədlərinin rəisi idi. İdarəsi altında olan İraq (Ərəb və Əcəm İraqı), Xorasan, Mavəraunnəhr, Bilədul-Əbvab (Xəzər Dənizi sahillərinə düşən bölgə) İsrailoğullarının ölkəsindən çox daha böyük idi. Buna baxmayaraq, Fars ordusunun əskər sayı altı yüz min nəfərə çatmamışdı. Fars ordusunun sayının ən çox olduğu Qadisiyyə müharibəsində əskərlərinin hamısının sayı yüz iyirmi min idi. Tarixçi Seyfin nəql etdiyinə görə, savaşa qatılan və qatılmayan ümumi əskər sayı təxminən iki yüz minə çatırdı.
İbn Xəldun qeyd edir ki, tarixi rəvayətlərdə bu cür şişirtmə rəqəmlərə rast gəlməyimizin səbəblərindən biri insan nəfsinin qəribə və qeyri-adi şeylərə maraqla yanaşması, təəccüb doğurması və heyrətlənməsidir. İbn Xəldun belə yanlış xəbərləri rəvayət edən şəxsi, “yeganə işi yalan otlaqlarında yemlənməsi üçün dilinin cilovunu sərbəst buraxan şəxs” adlandırır.
İbn Xəldun əsli olmayan xəbərlərə başqa bir misal kimi Bərməkilərin (Abbasilər dövründə başda vəzirlik olmaq üzrə müxtəlif vəzifələr tutan bir ailə) Abbasi Xəlifəsi Harun Rəşidin qəzəbinə tuş gəlmələri haqqındakı rəvayəti göstərir. Bu rəvayətə görə, Bərməkilərin bu qəzəbə tuş gəlmələrinin səbəbi Harun Rəşidin bacısı Abbasə ilə Bərməki ailəsinə mənsub Cəfər İbn Yəhya ibn Xalid arasında baş verənlərdir. Harun Rəşid guya içki süfrəsində Abbasə ilə bu Bərməki ailəsinə mənsub gəncin yanında olmasını çox sevirmiş. Bunun üçün də tənha (xəlvət) qalmamaq şərti ilə onların nikahlanmalarına icazə veribmiş. Ancaq Abbasə, Cafərə (Bərməki gəncə) aşiq olduğu üçün bir yolunu taparaq onunla birlikdə olmuş və hamilə qalmışdır. Məsələ Harun Rəşidin qulağına çatanda o çox əsəbləşmişdir.
İbn Xəldun Abbasənin nüfuz və mövqeyi, dindarlığı və nəsəbi nəzərə alaraq belə bir şeyin keçərsiz və absurd olduğunu qeyd edir. Tarixi bilgiləri tənqidi gözlə nəzərdən keçirən alim Abbasənin Abdullah ibn Abbasın soyundan gəldiyini vurğulayır. Aralarında sadəcə dörd nəsil (dörd şəxs) var. Bunların hər biri də din böyüklərindəndir. Bəli o, Həzrət Peyğəmbərin (s.ə.s) əmisi Abbas ibn Abdul-Müttəlibin oğlu Əlinin oğlu Muhammədin oğlu Cəfər Mənsurun oğlu Muhamməd Mehdinin qızıdır. Bir xəlifənin qızı və digər bir xəlifənin bacısıdır. Güclü bir səltənətə sahib olan, soyu çox yaxın bir şəcərə ilə Peyğəmbərə (s.ə.s)  çatan, bir neçə nəsil əvvəl dədə-babaları səhabə olan, ümmətin liderliyi şərəfinə nail olmuş bir sülalənin mənsubudur. İbn Xəldun qeyd edir ki, adı çəkilən Abbasə insanların dinə əməl etməkdə çox diqqətli və həssas olduğu, günahlardan qaçdığı bir zamanda yaşamışdır. Əgər belə bir zamanda belə bir qadın iffətini itirmişsə, dürüstlük və təmizlik başqa harada və kimdə olar ki? Onun ulu babası Qureyş qəbiləsinin nəciblərindən və Həzrət Peyğəmbərin (s.ə.s) əmisi olmuşdur. Belə olan halda babası Fars kölələrindən olan və Abbasi Dövlətinin köməyi ilə üstün bir mövqeyə gələn Cəfər ibn Yəhya ilə nəsəbini birləşdirə və ərəblik əsalətini kirlədə bilərdimi? Həmçinin Harun Rəşid, atalarının böyüklüyünə və əsalətinin ucalığına rəğmən, əcəm kölələrindən biri ilə qohum olmağa necə icazə verə bilərdi? Bəli, məsələyə tərəfsiz və insaflı bir gözlə baxaraq analiz edən hər bir şəxs Abbasə kimi böyük bir hökmdarın qızına dövlətinin xidmətçilərindən biri ilə belə bir şey etməsini yaraşdırmaz, bunu da yalanlayıb inkar edər.
İbn Xəldun belə əsilsiz hekayələrdən biri olaraq Əndülüslü alim İbn Abdi Rabbihin (660-940) “Əl-İqdul-Fərid” kitabından misal verir. Bu əsərdə xəlifə Məmunun Həsən İbn Səhlin (Məmunun valilərindən biri) qızı Buran ilə evlənməsinin səbəbi ilə əlaqəli “Zənbil” (Səbət) hekayəsi anladılır... Hekayəyə görə: “Məmun bir gecə Bağdad küçələrində gəzərkən bir evin damından aşağıya doğru sallanmış bir zənbil gördü. Zənbilə minərək ipi çəkəndə zənbil yuxarıya doğru hərəkət etməyə başladı və Məmunu yuxarı mərtəbədə insanı heyrətə salacaq qədər gözəl döşənmiş bir salona qaldırdı. Salondakı pərdələrin arxasından insanı sehrləyəcək qədər gözəl bir qız çıxaraq Məmunu salamladı və birlikdə içki içməyə başladılar. Səhərə qədər onunla içki içdi. Geri qayıdanda mühafizəçilərinin onu gözlədiyini gördü. Bu şəkildə qıza aşiq oldu və atasından qızı istədi”.

Bu hekayəni sorğulayan İbn Xəldun belə deyir: “Məmun dindarlığı, elm sahibi olması, ataları olan raşidi xəlifələrə tabe olması, bir dinin əsas sütunları olan bu dörd xəlifənin həyatını özünə nümunə götürməsi, alimlərlə elmi müzakirələr aparması, namaz və digər hökmlərdə Allahın əmrlərinə riayət etməsi ilə bilinən şəxsdir. Belə olan halda Məmun ilə yuxarıdakı hekayə necə yan-yana gələ bilər? Gecələri küçələrdə və evlərin önündə boş-boş dolaşan, şaşqın bədəvi aşiqlərinin halını əks etdirən bu söhbət Məmun haqqında görəsən necə doğru ola bilər? Eyni zamanda Həsən ibn Səhl kimi bir atanın evində şərəfi və namusu ilə yaşayan bir qadına belə bir söhbət  necə yaraşdırıla bilər?”
Bu hekayələrin bənzərləri çoxdur və tarixçilərin kitablarında yer almışdır. İbn Xəldun müəllifləri bu hekayələri kitablarına daxil etməyə və anlatmağa sövq edən amillərdən danışır. İbn Xalduna görə, bəzi müəlliflərin haram zövqlərə dalmaları, iffətli qadınları ləkələmək və arzularına tabe olaraq əylənmək istəmələri onları bu kimi yalnış bilgiləri yaymağa sövq etmişdir. Bu kimsələrin belə hekayələr tapmağa çox istəkli olduqları və oxuduqları kitablardan bunları xüsusilə seçdikləri anlaşılır. İbn Xəldun onu da vurğulayır ki, haqlarında belə əsilsiz hekayələr anladılan şəxslərin gerçək və bilinən gözəl halları və müsbət cəhətləri ilə maraqlansalar, bu müəlliflərin özləri üçün daha xeyirli olardı.
Şübhəsiz ki, İbn Xəldunun bütün tarixi bilgiləri tənqid süzgəcindən keçirməyə vaxtı və ömrü yetməzdi. Ancaq burada önəmli olan məsələ belə bir tənqidi baxışın, belə bir baxış bucağının, tarixi bilgiləri analiz etmə metodunun insanlara təqdim edilməsidir. Belə bir metod və sistemlə tarix elminin çox şey qazandığını deyə bilərik. Tarix elmini beləcə xəyal məhsulu məlumatlardan, xürafat və qərəzli bilgilərdən təmizləmək mümkün olar. Əgər tarix elmini bir dənizə bənzətsək, İbn Xəldunun burada etdiyini dənizə axıdılan çirkab sularının önünü kəsmək, çirkab sularının önünə təmizləyici filtrlər qoymaqdır. Belə bir metodu hər zaman canlı və aktiv saxlamaq isə hər bir dövrdə tarix yazarlarının üzərinə düşür. Bu minvalla “Müqəddimə” əsəri xüsusilə tarix elmi ilə maraqlanan hər bir şəxsin oxuması gərəkən bir kitabdır. Haşiyə çıxaraq onu da vurğulayaq ki, bu dəyərli əsər, təəssüf ki, dilimizə tərcümə edilməyib. “Müqəddimə” qonşu Türkiyədə dəfələrlə tərcümə olunaraq müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə çap edilmişdir. Əsəri bu gün də orijinal ərəbcədən başqa, türk, ingilis və s. dillərdə tapmaq olar.

1400 və 1401-ci illərdə Əmir Teymur və İbn Xəldunun tarixi görüşləri baş tutmuşdur. İbn Xəldun bu görüşlər haqqında avtobioqrafiyasında ətraflı şəkildə yazmışdır. İbn Xəldun Dəməşq əhalisi adından Əmir Teymurla görüşə gedən nümayəndə heyətinin tərkibində idi və bu görüşdə ondan şəhərə mərhəmət göstərməsini xahiş etdi. Ölkələri fəth edən Əmir Teymurla İbn Xəldun kimi intellektual bir şəxs arasında bu söhbətlər iki həftə davam etdi və çox fərqli mövzular müzakirə olundu. Əmir Teymur İbn Xəlduna əsasən Məğrib ölkələrindəki vəziyyət haqqında suallar verirdi. Buna görə də İbn Xəldun bu ölkələr haqqında Əmir Teymura böyük bir hesabat yazıb verdi. Bu hesabat türk dilinə də tərcümə olundu, amma hal-hazırda harada olduğu bilinmir. Professor Barbara Stovasserə görə, Əmir Teymurun İbn Xəldunla görüşməkdə əsas məqsədi Şimali Afrika haqqında ondan məlumatlar almaq idi. Ancaq İbn Xəldun bu tələyə düşməyəcək qədər təcrübəli idi və Əmir Teymurun istədiyi bilgilər əvəzinə, ona yalnız köçəri xalqlar, sivilizasiyaların yaranışı və çöküşü haqqında məlumatlar verdi.
İbn Xəldun Əmir Teymuru Misiri zəbt etmək fikrindən daşındıra bilir. Teymur İbn Xəldundan o qədər təsirlənir ki, Misiri zəbt etmək fikrindən daşınmaqla yanaşı, ona öz sarayında baş vəzir vəzifəsində qalıb çalışmağı da təklif edib. Lakin siyasi fəaliyyətdən yorulan və elmlə məşğul olmaq qərarına gələn İbn Xəldun bu təklifi kübar bir tərzdə geri çevirir.
Nəticə olaraq deyək ki, böyük türk mütəfəkkiri Cəmil Meric (1916-1987) qərb sosial elm ənənəsindən öz köklərimizə dönmənin vacibliyini qeyd edərkən fikrini bu sözlərlə tamamlamışdır: "Öz köklərimizə dönmək bir mənada İbn Xəlduna dönməkdir".
 
Qeyd: İki bölümdən ibarət bu yazının hazırlanmasında başda İbn Xəldunun “Müqəddimə” əsəri olmaqla aşağıdakı mənbələrdən istifadə edilmişdir:
İbn Xəldun, “Müqəddimə”, Dərul-Ərkam, Beyrut, 2001.
Tahsin Görgün, “Mukaddime”, DİA, s. 118.
https://az.wikipedia.org/wiki/%C4%B0bn_X%C9%99ldun
Səlahəddin Xəlilovun "İbn Xəldun – materialist, K.Marks isə idealist simasında" başlıqlı məqaləsi.
Yazının əvvəli ilə buradan tanış ola bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top