Sosiologiya elminin banisi: İBN XƏLDUN


Təkcə İslam şərqində deyil, bütün qərb aləmində böyük mütəfəkkir kimi qəbul edilmiş İbn Xəldun 1332-ci ildə Tunisdə doğulsa da, əslən Yəmənin Hədrəmut bölgəsindəndir.
Yeniavaz.com xəbər verir ki, İbn Xəldun tarixçi, sosioloq, filosof və dövlət adamı kimi böyük şöhrət qazanmışdır. O, tarixin mühüm alimlərdən biri hesab olunur. Fikirləri şərqdə və qərbdə bir çox mütəfəkkir və elm adamına təsir etmişdir. Onun əsərləri ibrani (yəhudi) dilindən tutmuş yapon dilinə qədər çox dillərə tərcümə edilmiş, onun görüşləri, irəli sürdüyü tezislərlə bağlı minlərlə əsər yazılmışdır. İbn Xəldun 1406-cı ildə 73 yaşında Qahirədə vəfat etmişdir.
İbn Xəldunun ən önəmli əsəri hesab olunan “Müqəddimə”nin ən gözəl tərcüməçisi kimi tanınan alman əsilli amerikalı şərqşünas Rosenthal (1914-2003) onun milli mənsubiyyəti barədə belə demişdir: "Hər nə qədər yazıçının şəxsiyyətinin formalaşmasında bərbər və ispan qatqılarının olması mümkün görünsə də, geniş düşündükdə onun uzaq keçmişdən gələn ərəb köklərinə şübhə edə bilmərik".
Əndəlus mədəniyyətində hörmət edilən şəxslərin adının sonuna “vav” (و) və “nun” (ن) əlavə edilirdi (yəni, Xəldun (خلدون) – “Xalidgil”, “Xalidoğulları” mənasında). O, fərqli zamanlarda Əndülus, indiki Mərakeş, Tunis, Misir kimi bir sıra ölkələrin ərazisində o zamanlar mövcud olan dövlətlərdə çox yüksək vəzifələr tutmuş, siyasətlə uzun illər məşğul olmuşdur.
Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almışdır. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra bədəvi qəbilələrinin qayda-qanunlarına, həyat tərzinə yaxından bələd olduğu üçün gərəkli bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür.

İbn Xəldunun bir müddət tədqiqatlar apardığı Əbu İnaniyə mədrəsəsi. Mərakeş.

İbn Xəldun üləma (müsəlman ölkələrində təhsilli din alimləri) sinfinə mənsub deyildi. İlahiyyat elmlərini, eləcə də İslam hüququnu öyrənmiş, həmçinin həyatının son dövründə Qahirədə müfti (hüquq məsələlərində hökm vermək ixtiyarı olan şəxs) işləmişdir. Buna baxmayaraq, o əsasən bir din alimi kimi deyil, mahir bir siyasətçi, birinci dərəcəli tarixçi kimi tarixə düşüb.
İlk dəfə tarixin yazılmasında gərəkli olan bir sıra ön şərtləri “Müqəddimə” əsərində ortaya qoymuşdur. Bu əsərdə sosial həyatın müxtəlif yönlərindən, qayda və qanunlarından danışılır. Bu baxımdan “Müqəddimə” həm də siyasət, iqtisadiyyat, təhsil, elm və tarix fəlsəfəsi kitabıdır. “Müqəddimə” əslində 7 cildlik “əl-İbər” (dünya tarixi) əsərinin giriş bölümü olaraq qələmə alınmışdır. Ancaq “Müqəddimə”yə ilk olaraq İbn Xəldun özü müstəqil bir kitab gözü ilə baxmış, daha sonra da naşirlər, mütərcimlər və araşdırmaçılar da onu müstəqil bir əsər hesab etmişlər.
Əsər Misirdə, Şimali Afrikada, Əndülüsdə tanınmaqla yanaşı, əsasən Osmanlı elm dünyasında məşhur olmuşdur. İbn Xəldun haqqındakı elmi çalışmalar əksər hallarda onun “Müqəddimə” əsəri ilə bağlıdır. Bu səbəblə də İbn Xəldunun digər alimlər üzərində təsirindən bəhs ediləndə əsasən onun “Müqəddimə” əsərindən bəhs edilir.
İbn Xəldunun düşüncə sisteminin mərkəzini ilk dəfə özünün əsaslandırdığı “əl-Ümran” elmi təşkil edir. Bu elmin məqsədi insanları təqliddən xilas etmək, daha əvvəl olanlarla sonra olacaqların anlaşılması üçün insanlara bir baxış bucağı qazandırmaqdır. “əl-Ümran” elminə bir xalqın adət- ənənəsi, inancı, sosial və dini həyatı, ərsəyə gətirdiyi maddi-mədəni abidələri və s. daxildir. İbn Xəldun tarixi hadisələrin baş verdiyi dövrün yalnız ictimai-siyasi vəziyyətini deyil, həm də cəmiyyətin, o dövrdə yaşayanların sosial-iqtisadi durumlarının, elmi, mədəni inkişaf səviyyələrinin araşdırılmasına imkan verən bir elmə ehtiyac olduğunu vurğulayır. İbn Xəldun belə bir elmi yaratdığını və ona “əl-Ümran” adını verdiyini yazır. O, bu kəşfi ilə bir tərəfdən elmi tarixçiliyin, digər bir tərəfdən də sosiologiyanın əsasını qoyub.

İbn Xəldunun heykəli. Tunis.

O əslində qollu-budaqlı yeni bir elm sahəsi ortaya çıxardığının fərqində idi. Uzun illər boyu dövlətdə yüksək vəzifələrdə qazandığı təcrübələr onu belə bir elm sahəsinin təməlini qoymağa sövq etmişdir. Gəlin İbn Xəldunun “əl-Ümran” adlandırdığı sosiologiya elmini necə kəşf etdiyini elə öz dilindən eşidək: “Elə görünür ki, bu hələ kəşf edilməmiş yeni bir elm sahəsidir. Daha əvvəl heç bir şəxsin bu mövzu haqqında nəsə dediyini eşitmədim. Bilmirəm, bəlkə də bu mövzunun fərqinə varmadılar? Keçmişdə yaşayanların bu mövzunun fərqinə varmadıqları qənaətində deyiləm. Bəlkə də onlar bu mövzuda bəzi əsərlər qələmə almışlar, ancaq onlar bizə gəlib çatmamışdır. Çünki keçmiş millətlərin elmi bizə gəlib çatanlardan daha çoxdur”.
İbn Xəldun sözlərinə belə davam edir: “Farsların, kəldanilərin (qədim sami tayfası), süryanilərin (Arami dilində danışan və günümüzdə dünyanın müxtəlif yerlərində dağınıq halda yaşayan xristian xalq), babillilərin (dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biri olan Mesopotamiyada mövcud olmuş şəhər-dövlətin əhalisi) elmləri və bunların əsərləri hara gedib? Qibtilərin (Misirin qədim və yerli xalqı) və onlardan əvvəlkilərin elmləri haradadır? Bizə sadəcə tək bir millətin, yunanların elmləri gəlib çatmışdır. Bu da xəlifə Məmunun böyük pullar xərcləyərək və çox sayda tərcüməçi tutaraq yunan kitablarını dilimizə (ərəb dilinə) tərcümə etdirməsi ilə mümkün olmuşdur. Bunun xaricində digər millətlərin elmlərindən bir şey bilmirik”. İbn Xəldun bu ifadələri işlədərək özünün ərsəyə gətirəcəyi “əl-Ümran” (sosiologiya) barədə, ola bilsin ki, itib-batmış və onun dövrünə gəlib çatmayan əvvəlki mədəniyyətlərdə yazılmış əsərlər ola bilmə ehtimalından danışır.
Ən sonda da əldə heç bir dəlil olmadığı üçün bunları qeyd edir: “Bu mövzuda söyləyəcəklərimiz daha əvvəl başqaları tərəfindən söylənməmiş və gündəmə gətirilməmişdir. Bunlar faydaları çox olan, ancaq dərin araşdırmalardan sonra əldə ediləcək düşüncələrdir. Bu elm məntiq elmlərindən biri olan “xitabət” deyildir. Çünki xitabətin mövzusu insanları bir görüşə çəkmək və ya bir görüşdən uzaqlaşdırmaq, faydalı və inandırıcı danışıqdır. “Əl-Ümran” heç siyasət elmi də deyildir. Çünki siyasət elmi əxlaq və hikmətə uyğun şəkildə insanların həyatlarına davam edə bilmələrini təmin edir, bir ev və ya şəhərdəki işlərin necə nizama salınması ilə maraqlanır. Bizim burada ələ alacağımız elm bu iki elm sahəsinə bənzəsə də, mövzuları onlardan ayrıdır”.

10 Tunis dinarı üzərində İbn Xəldunun təsviri

İbn Xəldun intellektual macərasına özündən əvvəlki tarixçiləri tənqid edərək başlamışdır. O, tarix elmini elmi və fəlsəfi bir təməl üzərində yenidən inşa etmişdir. Beləcə də tənqidi bir baxışla yönəldiyi tarix sahəsində özündən əvvəlki heç bir mütəfəkkirin əldə edə bilmədiyi nəticələrə çatmış, özünəməxsus bir metod ilə tarixi müstəqil bir elm olaraq tanıtmışdır. Nəql olunan tarixi rəvayətləri qəbul etməzdən əvvəl tənqid süzgəcindən keçirmə üslubu İbn Xəlduna xasdır. O bu metodunu ortaya qoyarkən Aristotel və Eflatun kimi orta əsr İslam mütəfəkkirlərinə təsir etmiş yunan filosoflarının təsiri altında qalmamışdır. Əslində İbn Xəldun “Müqəddimə” əsərində İslam aləmində bilinən bir metodu yeni bir sahəyə, tarix elmi və sosiologiyaya tətbiq edərək mühüm bir işdə müvəffəq olmuşdur. Çünki İbn Xəldundan əvvəl də hansısa xəbəri, məlumatı tənqid süzgəcindən keçirmək, xəbərin doğruluğunu, ravilərin mötəbərliyini yoxlamaq prinsipi müsəlman alimləri tərəfindən başqa bir elm sahəsində, hədis elmində tətbiq edilirdi.
İbn Xəlduna görə, İslam tarixçilərinin tarixi hadisələri, tarixdə baş verənləri qələmə alma metodunda bəzi əskik cəhətləri olmuşdur. Tarixi rəvayətlərin sağlamlığı barədə yetəri qədər araşdırma edilməməsi, hadisələrin səbəbləri haqqında lazımi qədər düşünülməməsi bu əskikliklər arasındadır. Burada ən vacib vəzifə doğrunun və həqiqətin anlaşılmasını əngəlləyən ünsürlərin müəyyən edilərək aradan qaldırılmasıdır. İbn Xəlduna görə, tarixçi tarixi hadisələri qələmə almazdan əvvəl rəvayətləri tənqidi gözlə süzgəcdən keçirməlidir.
Tarixi məlumatlar mənbə etibarilə doğru və ya yalan ola bilər. Tarixçinin vəzifəsi doğru və yanlış xəbəri bir-birindən ayırmaq, sonra da doğru olanları bir sistem içində yerbəyer etməkdir. Ancaq tarixçilərin əksəriyyəti bir sıra səbəblərə görə bunu edə bilməmişdir. İbn Xəldun tarixçilərin düşdüyü ən başlıca xətanı belə qeyd edir: “Hər bir tarixçi adətən bir məzhəbə və ya bir görüşə bağlı olur. Hər biri də bağlı olduğu məzhəb və ya görüşə uyğun gələn xəbərlərin səhhətini yoxlamadan nəql etmişdir. Onlara nəql edilən, ya da özlərinin gördüyü hadisələrə yanlış bir məna yükləyərək tarixi qələmə almaları, hadisələrin içində cərəyan etdiyi sosial, siyasi və digər şərtləri tam qavraya bilməmələri, həmçinin məqam və mövqe sahibi olan dövrün siyasi xadimlərinə yaxşı görünmək üçün kitab qələmə almaları onları yanlışlara sövq eləmişdir. İbn Xəlduna görə, tarixçilərin ən çox düşdükləri xəta “ümran”da baş verən hadisələrin mahiyyətini, pərdə arxasında həmin hadisələri tətikləyən səbəbləri bilməmələridir. Tarixçi baş vermiş bir hadisəni tətikləyən alt səbəbləri və bunların mahiyyətini bilərsə, bu bilgi ona xəbərlərin doğrusunu yanlışından ayırd etməyə imkan verər. Bir sözlə Bir sözlə İbn Xəlduna görə tarixin gerçək bilgilərinə çata bilmək üçün sosial hadisələrin obyektiv müşahidəsindən başlamaq lazımdır.
İbn Xəlduna görə, tarixçilərin düşdüyü xətalardan biri də sadəcə nəql edilən xəbərlərə araşdırmadan etimad etmələri, oxşar hadisələr ilə müqayisələr aparmamalarıdır. İbn Xəlduna görə, davamlı olaraq dəyişən hadisələrin arxa planında dəyişməyən bəzi qayda və qanunlar var. Bu nöqtədən baxanda keçmişlə gələcək suyun suya bənzədiyindən daha çox bir-birinə bənzəyir. Bu bənzərliyi görə bilmək üçün çox diqqətli müşahidələr aparmaq lazımdır. Tarix elmi ilə “ümran” elmi bu nöqtədə birləşməkdə, tarix “ümran” elminin zahiri, “ümran” elmi isə tarixin batini olmaqdadır.
İbn Xəldun XIV əsrdə tənqidi və analitik bir baxışla yönəldiyi tarix sahəsində özündən əvvəl heç bir mütəfəkkirin çata bilmədiyi nəticələr əldə etmişdir. Tarixi hikmət dəyəri olan müstəqil bir elm kimi təsis edərək fəlsəfənin mövzusu halına gətirmişdir.
İbn Xəldun tarixin sadəcə keçmişi nəql etmə mövzusu deyil, həqiqəti üzə çıxarma elmi olduğunu qeyd edir. Onun tarix elmi haqqındakı görüşləri öz dövrünə sığmayan dərin bir düşüncənin məhsulu idi.

İbn Xəldun tarixçiləri tənqid edərkən əvvəlcə öz dövrünə yaxın tarixçilərdən başlayır. Sonra da daha qədim tarix yazarlarına doğru gedir. Ona görə, öz dövrünə yaxın yaşamış tarixçilərin tarixdən başa düşdükləri şey çox səthi, bəsit və simvolik məna daşıyır.
İbn Xəlduna görə, bu tarixçilərin tarix anlayışları tarixlə heç bir əlaqəsi olmayan tarixi hekayələr, hökmdar və sultanlara aid xəbərlər, əşyalar (üzük, qılınc, zireh geyimlər və s.) kimi bəsit şeylərin nəqlindən ibarətdir. İbn Xəldun bu zümrədən olan tarixçiləri “təqlidçi” və “tüfeyli” tarixçilər adlandırmışdır. Daha sonra tənqidlərini İslam mədəniyyətində “qızıl dövr” adlanan zaman dilimində yaşamış böyük tarixçilərə yönəldir. İbn Xəldun o dövrdə yaşamış tarixçiləri də tənqid metodundan yetəri qədər istifadə etmədikləri, söylənənlərin ağıla və həyatda yaşanan təcrübələrlə uyğunluğuna diqqət etmədən hər xəbəri rəvayət etdikləri üçün tənqid etmişdir. İbn Xəlduna görə, böyük tarixçilər keçmiş cəmiyyətlər və dövlətlərlə əlaqəli tarixi bilgiləri qələmə almaqla əslində böyük iş görmüşlər. Ancaq bu işi görərkən əmanətə riayət edən, doğrunu yanlışdan ayırmaq üçün var gücü ilə çalışan və bu səbəblə də haqlı bir şöhrətə sahib olan tarixçilərin sayı çox azdır. İbn Xəlduna görə, İbn İshaq, Təbəri, İbnul-Kəlbi, Vaqidi, əl-Əsədi və Məsudi kimi tarixçilər belə bir haqlı şöhrətə sahib olmuşlar.
 Yuxarıda adları çəkilən bu tarixçilərin nəql etdikləri xəbərlərin əksəriyyəti İslamın ilk dövrlərindəki Əməvilər və Abbasilər zamanındakı ölkələr və onların vəziyyətləri ilə bağlıdır. Daha sonra sadəcə öz dövrü və öz bölgəsi ilə bağlı xəbərləri toplayıb nəql edən tarixçilər gəldi. Bunlar sadəcə öz dövlətlərindəki və ya şəhərlərindəki hadisələrlə maraqlandılar. Əndülüsün və oradakı Əməvi Dövlətinin tarixçisi Əbu Xəyyan ilə Afrikada Qayravanda qurulmuş dövlətin tarixini yazan İbn Rəfiqi bu tarixçilər arasında zikr etmək olar.
Bunlardan sonra isə anlayışsız, ağıldan kəm, tarix elmini “keçim qaynağı” halına gətirmiş təqlidçi tarixçilər nəsli gəldi. Bu yeni nəsil tarixçilər, dövlətlər haqqındakı xəbərləri və qədim dövrdə baş verən hadisələri, arxa səbəbləri və şərtləri nəql etmədən vermişlər. Buna görə də onların nəql etdikləri hadəsələrlə yanaşı o hadisələri doğuran səbəblər verilmədiyi üçün söylənənlər əsassız iddia hökmündə qalmışdır.
Bundan sonra isə xəbərləri həddindən artıq qısaldaraq nəql edən başqa bir tarixçi nəsli gəldi. Bunlar sadəcə hökmdarların adlarını və hökm sürdükləri müddətləri verməklə kifayətləndilər. Misal üçün tarixçi İbn Rəfiqin “Mizanul-Əməl” adlı əsərində bu metoddan istifadə edilib. Bunların söylədiklərinə, nəql etdiklərinə etibar edilməz. Çünki bunlar tarix elmindən gözlənən faydaları ortaya qoya bilməmiş, tarixçilərin bilinən metod və görüşlərini tamamilə aradan qaldırmışlar. Bunların kitablarını tək-tək oxuduqdan sonra gözlərimi qəflət yuxusundan açdım, həm keçmişi, həm də günümüzü əhatə edəcək bir əsər qələmə almağa qərar verdim”. 

Misiri Teymur istilasından qurtaran düha: İBN XƏLDUN​

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top