AFFA-nın sabiq baş katibi futbolun “pirojki” dövründən danışdı - SOCAR sponsor olsa da...


İTV kanalında yayımlanan “3D” verilişinin budəfəki qonağı AFFA-nın sabiq baş katibi Fuad Əsədov olub.
Yeniavaz.com xəbər verir ki, o, Azərbaycan futbolunun vəziyyətindən və AFFA-nın baş katibi Elxan Məmmədovun fəaliyyətindən danışıb. 
“Elxan Məmmədov Futbol Federasiyasının idarə edilməsinə rəhbərlik edir. İşə qəbul edir, işdən azad edir, əmək haqlarını verir, gedib-gəlmələri təşkil edir. Bütün bunlar onun səlahiyyətindədir. Futbolçunu ortaya çıxardan klublardır. Milli komandanı da formalaşdırır AFFA-nın təyin etdiyi məşqçi. Yoxsa deyirlər AFFA-nın baş katibi belə... Futbolçunu meydana çıxartmır, məşqçiyə göstəriş vermir. Elxan Məmmədovun işini qiymətləndirmək istəmirəm, çünki mənim özüm də baş katib olmuşam. Mənə yaraşmaz onu demək. Mən hesab edirəm ki, Elxan Məmmədov ona tapşırılan işin öhdəsindən gəlir” - F.Əsədov qeyd edib. 

O, eyni zamanda SOCAR-ın sponsorıuq etdiyi dövrlərdə aylarla pul ödəmədiklərini də bildirib: “13-14 il bundan öncə Trinidad və Tobaqo ilə yoldaşlıq görüşümüz var idi.  O vaxt Karlos Albert Brazilyadan məşqçi gəlmişdi. O, danışdı ki, gedib onlarla yoldaşlıq görüşü keçirilsin. Bir gün mənə televiziyadan bir nəfər zəng edib dedi ki, eşitdik Trinidad və Tobaqo ilə yoldaşlıq görüşünə gedirsiniz. Dedim yox, getmirik. Dedi niyə? Dedim bilet almağa pulumuz yoxdur. Həmin vaxt SOCAR-la bizim müqaviləmiz var idi və Prezidentin sərəncamı ilə sponsorluq edirdilər. Sərəncamdan 3 ay keçib, aprel aydır, amma onlar bizə 1 manat pul vermirdilər. Zəng edib, məktub yazmaqdan yorulmuşduq. Gəldilər bu məsələni çəkdilər mən də hər şeyi dedim. Səhəri gün hesabımıza 1 milyon 200 min pul keçirtdilər, ancaq bu məbləğ 6 milyon olmalı idi. Daha sonra isə heç nə vermədilər”. 

Sabiq baş katib 53 il öncəki futbolla indiki futbolun eyni olduğunu qeyd edib: “Burada mentalitet məsələsi var. 1966-cı ildə “Neftçi” komandası bürünc medal aldı, Kiyevdə “Dinamo Kiyev” ilə oynayırdılar. Həmin vaxt 11 oyunçunun cəmi ikisi azərbaycanlı idi. Rəşad Babayev və Mübariz Zeynalov. Digərləri hamısı başqa millətlərdən idi. 53 il bundan öncə vəziyyət necə idisə, indi də eynidir. İndi Rus və Erməni yoxdur, hamısı Afrikdan, ordan-burdan gəlib tökülüblər bura.  Burda kim futbol oynayacaq? Bizə lazımdır azərbaycanlılar oynasın”.  

F.Əsədov iqtisadi vəziyyəti yaxşı olmayan qonşu ölkələrdə futbolun daha çox inkişaf etdiyini bildirib: “Qonşu ölkələrdən Gürcüstan, bizim düşmənimiz Ermənistan... Avropada bunların oyunçuları oynayır. Halbuki, bizim iqtisadiyyatımız onların ikisinin birlikdə olan iqtisadiyyatından daha güclüdür. Söhbət ondan yox, onun təşkilindən gedir. Avropadakı oyunçulara fikir verin, onlar o futbolu dəqiqliklə öyrənirlər. Buna sənət kimi baxırlar. Elə bil ki, 8 saat işləyib gəlirlər. Bizimkilər isə... Bir dəfə futbolçu Zaur Tağızadəyə Fuad Musayev “Zalatoy malçik” dedi. Səhəri gün heç kimə salam vermədi həmin şəxs. Elə yeriyirlər ki, elə bil bunlardan başqa adam yoxdur. Bunların hamısı bizim daxilimizdə olan şeylərdir. Ona görə də bizdə futbol yoxdur. Bundan başqa İsrail ilə oyunumuz var idi.  Futbolçumuz Samir Əliyev də Volqoqratda oynayırdı. Biz onu dəvət etmişdik. Bu gəldi mənim yanıma dedi ki, mənə ev verin sonra gedim, yoxsa mən getmiyəcəm. 2 gün sonra da orda Avropa birinciliyi oyunumuz olacaq. Dedim ki, sən hələ get orada oyna sonra gəl ev istə. Dedi ki, yox mən Rusiyada oynayıram, məni siz dəvət etmisiniz, mənim burada evim yoxdur. Dedim getmə, heç oynama da. Amma getdi... Bəli oyunçularla bu respublikanın futbolunu qaldırmaq olar? ” Fuad Əsədov eyni zamanda “Qarabağ”dan başqa heç bir oyuna baxmadığını qeyd edib. 

İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top