Dövlət Komitəsi qarovulçulara müdirlərdən çox maaş verir - 1150 manat


Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi "As Security" MMC olub. Müsabiqənin şərtinə görə "As Security" MMC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə tabe olan 6 obyektin mühafizəsini təşkil edəcək. Müqavilə müddəti 12 ay olacaq və qeyd olunan 6 obyekti növbəli rejimdə 18 nəfər mühafizə edəcək. Göstərilən xidmətin qarşılığında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi "As Security" MMC-yə 248 min 508 manat vəsait ödəyəcək. Bu isə o deməkdir ki, 6 obyektin mühafizəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi hər ay 20 min 709 manat xərcləyəcək. Bu vəsaiti qeyd olunan 18 nəfər arasında böldüyümüz zaman belə görünür ki, hər mühafizəçi üçün ay ərzində 1 150 manat 50 qəpik ödəniləcək.
Məlumat üçün bildirək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbər orqanlarında təmsil olunan şəxslər belə ay ərzində bu qədər vəsait almırlar.
Məsələn, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarələri ilə iş şöbəsinin müdir müavinin vəzifə maaşı 895 manata bərabərdir. Gördüyünüz kimi hansısa obyektin mühafizəçi üçün ayrılan vəsait rəhbər vəzifə tutanların maaşından yüksəkdir.
Məlumat üçün bildirək ki, digər dövlət qurumlarının keçirdiyi analoji tender müsabiqələrində bu rəqəmlər təxminən 2 dəfə aşağı göstərilir. Nümunə üçün bildirək ki, 16.01.2020-ci il tarixində Dövlət Pedaqoji Universitetinin "Gesco" ASC ilə bağladığı müqavilədə mühafizəçilərin hər birinə ay ərzində 622 manat ödəyəcəyi göstərilir.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top