Azərbaycanda leykozlu uşaqlara verilən dərmanlar yoxa çıxıb– Apteklərdə od qiymətinədir


Azərbaycanda qan xərçəngindən əziyyət çəkən yüzlərlə leykemiyalı uşaq dövlət tərəfindən verilməli olan, həyati vacib dərmanları ala bilmir.


B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda (Qanköçürmə İnstitutu) müalicə alan xəstələrə əvvəllər çətinliklə də olsa verilən dərmanlardan “Vincristine” tərkibli “Vinkristin” adlı və “Merkaptopturin” tərkibli “Merpurin” yoxa çıxıb. İnstitutun deposunda bu dərmanlar yoxdur.


Amma qəribəsi odur ki, bəzi dərmanlar apteklərdə var, od qiymətinə satılır.


Bunu leykemiyalı uşaqların valideynləri, eləcə də onlara dəstək göstərən xeyriyyə qrupunun üzvləri bildirib.

Leykemiya ilə mübarizə İctimai Birliyinin direktoru Mehriban Bağırova da medicina.az-a məlumatı təsdiqləyərək, uşaqların dərmanla təminatında vəziyyətin olduqca acınacaqlı olduğunu bildirdi.


“ Merpurin adlı dərmanı leykemiyalı uşaq hər gün qəbul etməlidir, amma yoxdur. 1-2 aydır vəziyyət belədir. Dərmanları Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzi alır, Hemotologiya İnstitutuna verirdi. İndi bir çox tibbi müəssisələrin TƏBİB-ə verilməsi ilə əlaqədar struktur dəyişikliyi getdiyindən, ya icbari tibbi sığortaya keçidlə bağlıdır, ya bu dərmanları ölkəyə gətirən şirkət daha gətirmir, dəqiq bir səbəb deyilmədən, tapılmadan dərmanlar yoxa çıxıb.

Valideynlər çox çarəsiz qalıb. Biz xeyriyyə aksiyaları ilə çağırış edib, gücümüz çatandan pul yığıb, dərman almağa, tapmağa çalışırıq.

Vinkristin dərmanı aptekdə 265 manatdır. Bunu kasib, imkansız, övladı xəstə ana necə alsın? Qan xərçəngi elə ağır xəstəlikdir ki, bir gün müalicə dayansa, uşaqların vəziyyəti pisləşər, remissiyada olan uşaqlara yenidən xəstəlik qayıda bilər. Bu da həm uşaqların, həm həkim və valideynlərin bu günə kimi çəkdiyi əziyyəti heçə endirir.


Mən yaxın günlərdə Hemotologiya İnstitutunun yeni təyin olunmuş direktoru Valeh Hüseynovla görüşəcəm. Düşünürəm, dərman problemini qısa müddətdə həll edəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top