Paşinyanın hansı səbəbdən İstintaq Komitəsinə çağırıldığı bilindi - RƏSMİ


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistanın baş naziri Nikol Paşinyan Respublikanın İstintaq Komitəsinə çağırılıb. Nikol Paşinyan Respublikanın İstintaq Komitəsindən çıxan zaman bildirib ki, onu hansı səbəbdən bura dəvət etdiklərilə bağlı ictimaiyyətə geniş açıqlama verəcək.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bir qədər əvvəl Ermənistan Nazirlər Kabinetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Naira Harutyunyan sosial şəbəkə hesabında Paşinyanın dindirildiyi cinayət işinin təfərrüatlarını açıqlayıb.
Naira Harutyunyan qeyd edib ki, Paşinyan onunla Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan, habelə Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasında 2018-ci ilin sentyabrında baş tutan telefon danışıqlarına gizli qulaq asılması ilə bağlı cinayət işində şahid qismində dindirilib. Sorğu-sualın 2 saatdan çox çəkdiyi qeud olunub.
Qeyd edək ki, bu gün Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşdığı "status"da qeyd edib ki, vəzifədə olan ilk hökumət başçısıyam kimi istintaqa cəlb olunuram.
Məlumat üçün bildirək ki, ötən il Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb. Telefon danışığı zamanı onlar Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana Koçaryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.
11 sentyabr 2018-ci ildə isə Artur Vanetsyanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan ilə söhbətinin səs yazısı çıxdı, orada Ermənistanda keçmiş hökumət rəsmilərinə qarşı qaldırılmış yüksək səviyyəli cinayət işlərinin vəziyyəti müzakirə edildi.

DİGƏR XƏBƏRLƏR

Top