Azərbaycanlı "Brüs Li" 30 ildən sonra anasını tapdı - FOTOLAR + VİDEO


Rusiyanın “Birinci kanal”ında yayımlanan “Mujskoye/jenskoye” verilişinin yeni buraxılışı 30 il əvvəl doğma anasından ayrı düşən Masallı şəhər sakini Bəxtiyar (Brüs Li) Kərimovun həyat tarixçəsinə həsr olunub.

Rusiyanın Açinsk şəhər sakini Olqa Derbedenevanın “Mujskoye/jenskoye”nin efirində dediklərinə görə, o, 1987-ci ildə azərbaycanlı Ələddin Kərimovla tanış olub, hansı ilə ki, bərabər yaşamağa başlayıb və iki ildən sonra onların oğlu dünyaya gəlib. Atanın qərarı ilə ona Brüs Li adını veriblər.

Bir ildən sonra Ələddin oğlunu da götürüb Azərbaycana gedib və O.Derbedenevanın həyatından həmişəlik yoxa çıxıb. Qadının sözlərinə görə, onun uzun müddət apardığı axtarışlar nəticəsiz qalıb.

O, yalnız 30 ildən sonra “Birinci kanal”ın verilişində oğlunu görüb və onu qucaqlaya bilib. Məlum olub ki, bütün bu müddət ərzində Azərbaycanda adı Bəxtiyara dəyişdirilən Brüs Li anasının varlığından xəbərsiz olub. Belə ki, qohumları ona anasının qatarın altında qalaraq həyatını itirdiyini deyib.

Bu gün Bəxtiyar Masallıda yaşayır, avtoservisdə çalışır, iki qız övladı var. Onu 9 il əvvəl vəfat edən nənəsi tərbiyələndirib. Doğma atasını isə Bəxtiyar görməyib. O, oğlunu Azərbaycana gətirdikdən sonra yoxa çıxıb, amma hərdən onlara pul göndərib.

“Anamın sağ olduğunu öyrəndiyimdə keçirdiyim hissləri sözlərlə ifadə etmək mümkün deyil”, - anasını Azərbaycana dəvət edən Bəxtiyar Kərimov “Birinci kanal”ın efirindən deyib.

Bundan əlavə, efirdə digər doğmaları ilə görüşən B.Kərimov atasının hazırda həbsxanada cəza çəkdiyini öyrənib.

Qeyd edək ki, B.Kərimovun anası ilə görüşü onu Azərbaycanda tapan könüllülərin sayəsində mümkün olub.

 


(Qafqazinfo)

 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top