Sabiq baş prokuror oğluna görə seçkiyə qatılmadı

Sabiq baş prokuror, Milli Konqres Partiyasının sədri İxtiyar Şirinin oğlu Hikmət Şirinov deputat olmaq istəyir. Deputatlığa namizədliyini isə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Mərkəzi Seçki Komissiyasının saytında onun adı sözügedən dairədən namizədlər sırasında yerləşdirilib. Onun barəsində yerləşdirilən məlumatlarda 1981-ci ildə doğulduğu, ali təhsilli mühəndis olduğu, hazırda Sahil İNN Hotel MMC-də direktor vəzifəsində işlədiyi qeyd edilib. Hikmət Şirinovun atası İxtiyar Şirin isə deputatlığa namizədliyini verməyib.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı İxtiyar Şirin “yeni müsavat”ın suallarını cavablandırıb. Seçkilərdə namizədliyini irəli sürməməsinin səbəblərindən birinin məhz oğlunun seçkilərə qatılması olduğunu bildirdi: “Mən hesab edirəm ki, bir ailədən iki nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi o qədər də düzgün deyil və insanlar arasında yaxşı qarşılanmaz. Oğlum Hikmət namizədliyini irəli sürdüyü üçün mən seçkiyə qatılmadım. Seçkidə iştirak etməməyimin digər səbəbi isə səhhətimdə olan problemlər, müalicə almağımdır. Həkimlər mənə dedilər ki, müalicəni dayandırmaq olmaz. Eyni zamanda 70-ə yaxın yaşım var və sağlamlığım önəmlidir. Partiyamız da seçkidə iştirak etmək barədə qərar qəbul etmədi. Oğlum partiyadan namizəd deyil, müstəqil namizəddir. Hikmət namizədliyini öz istəyi ilə irəli sürdü. Mənim oğlum 16 il zabit kimi Müdafiə Nazirliyinin tabeçiliyində orduda xidmət edib, kapitan rütbəsində istefaya çıxıb. Həm ön cəbhədə, həm NATO tərkibində zabit kimi fəaliyyət göstərib. O, bütün çətinlikləri görüb. Yəqin hesab edib ki, seçki kimi çətin prosesin də öhdəsindən gələ bilər. Həvəsi var ki, parlamentdə olsun. Hikmət milli adamdır, xalqının və dövlətinin maraqları onun üçün hər şeydən üstündür”.

Əslən Beyləqandan olan sabiq baş prokuror təbliğat-təşviqat kampaniyası dövründə dairə ərazisində oğlunun təbliğatında yaxından iştirak edib-etməyəcəyinin sağlamlığının necə olacağından asılı olduğunu dedi: “Səhhətim imkan versə və Hikmət deputatlığa namizəd kimi müraciət etsə, təbii ki, onun təbliğatında müəyyən qədər iştirak etməyə çalışacağam. Həm seçici, həm də Hikməti yaxından tanıyan bir şəxs kimi onun kampaniyasının uğurlu olması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

80 saylı dairədən xeyli sayda şəxsin deputatlığa namizədliyini irəli sürdüyünü qeyd edən İ.Şirin onların hər birinə hörmətlə yanaşdığını və hamısına uğurlar dilədiyini bildirdi: “Arzum da budur ki, seçicilər daha çox kimə üstünlük verəcəksə, həmin şəxs deputat olsun”.

Qeyd edək ki, sözügedən dairədən hazırda həmin dairənin deputatı olan Çingiz Qənizadə, deputat Xanhüseyn Kazımlının qızı Əsmər Kazımova, Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı, YAP-dan Rüfət Muradov, tanınmış jurnalit Kəramət Böyükçöl və digər şəxslər də deputatlığa namizəddir.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top