121 min manatlıq tenderi qonşu otaqda oturanlar necə udur? - Dövlət Qurumunda MÜƏMMA


Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının elan etdiyi tenderin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən "2020-ci ildə "www.qhtxeber.az" internet saytının fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xidmətlərin satınalınması" adlı tender müsabiqəsinin qalibi fiziki şəxs Nəcəfov Sənan Maqsud oğlu (VÖEN-2001682042) olub.
Bundan başqa Şuranın keçirdiyi "2020-ci ildə "Vətəndaş Cəmiyyəti" jurnalının nəşr üçün hazırlanması ilə bağlı xidmətlərin satınalınması" adlı tender müsabiqəsinin qalibi isə fiziki şəxs Alışarlı Səfər Xəlil oğlu (VÖEN-1000626592) olub.
Şura "www.qhtxeber.az" internet saytının fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xidmətlərin satınalınması" məqsədilə Nəcəfov Sənan Maqsud oğluna 74 122 manat,  "Vətəndaş Cəmiyyəti" jurnalının nəşr üçün hazırlanması ilə bağlı xidmətlərin satınalınması" məqəsdilə Alışarlı Səfər Xəlil oğluna 47 037 manat ödəycək.
Məlumat üçün bildirək ki, adları qeyd olunan hər iki şəxs QHT-lərə Dövlət Dəstəyi Şurasının təsis etdiyi "www.qhtxeber.az" internet saytının və "Vətəndaş Cəmiyyəti" jurnalının baş redaktorlarıdır. Bu istiqamətdə keçirilən əvvəlki illərə aid tender müsabiqələrinin qalibləri də eyni şəxslər olub. Tender müsabiqəsinin qalibi olan şəxslər - həm "www.qhtxeber.az" internet saytının baş redaktoru Sənan Nəcəfov, həm də "Vətəndaş Cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı öz fəaliyyətlərini QHT-lərə Dövlət Dəstəyi Şurasının yerləşdiyi Fikrət Əmirov küçəsi 1 ünvanında həyata keçirirlər. Bu, həm də o deməkdir ki, tender keçirən təşkilatla (satınalan təşkilat) tenderin qalibi olan təşkilat və ya şəxs (podratçı) eyni ünvanda - qonşu otaqlarda fəaliyyət göstərirlər. Satınalan təşkilatla podratçı təşkilatın hər gün üz-üzə gəldiyi, qarşılaşdığı şəraritdə tender müsabiqəsini necə baş tutduğu anlaşılan deyil. 
Bu səbəbədən də "Dövlət Satınalmaları Haqqında" Qanunun 13.1 maddəsində açıq şəkildə yazılır ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlma verən QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquq məsələləri üzrə baş məsləhətçisi Rauf Məcidbəyli bildirdi ki, Şuranın adları qeyd olunan şəxslərə olan hüquqi, maliyyə və ya təşkilati bağlılığı yalnız tender çərçivəsində olur. Şura rəsmisinin sözlərinə görə, onlarla Şura arasındakı əməkdaşlıq yalın tenderdə göstərilən məsələlərin həyata keçiriləməsi ilə bağlıdır.  Rauf Məcidbəyli onu da əlavə etdi ki, keçirdikləri tender müsabiqəsi müvafiq dövlət qurumlarının nəzarəti altında baş tutur: "Əgər burada hər hansı bir qanunsuzluq olsaydı, müvafiq dövlət qurumları buna imkan verməzdilər".
Onu da xatırladaq ki, müsahibimizin dediyindən fərqli olaraq daha əvvəl satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakı və qalib olması halları baş verib. Belə ki, Hesablama Palatasının 2017-ci ildə açıqladığı məlumatda göstərilir ki, dövlət qurumlarından biri "Dövlət Satınalmaları Haqqında" Qanunun 13.1 maddəsinin tələblərini pozaraq tender keçirib. (bu linkdən baxa bilərziniz - http://sai.gov.az/upload/files/Hesablama%20palatas%C4%B1%20N2(1).pdf)
QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquq məsələləri üzrə baş məsləhətçisinin dediyindən fərqli olaraq adları qeyd olunan şəxslər yuxarıda qeyd olunan tender müsabiqələrindən kənar məsələlərdə də QHT-lərə Dövlət Dəstəyi Şurası adından çıxış ediblər.
Nümunə üçün xatıraldaq ki, ötən ilin oktyabr ayında QHT-lərə Dövlət Dəstəyi Şurasının "Facebook" sosial şəbəkəsindəki hesabında paylaşılan videoda "www.qhtxeber.az" internet saytının baş redaktoru Sənan Nəcəfovun qeyd olunan tender müsabiqəsinə heç bir əlaqəsi olmayan elektron xidmətlərlə bağlı məsləhətlər verdiyi görülür (bu linkdən baxa bilərsiniz -  https://www.facebook.com/QHTShurasi/videos/800442710374101/) . Daha əvvəl də Sənan Nəcəfovun QHT-lərə Dövlət Dəstəyi Şurasının QHT-lər üçün təşkil etdiyi təlimlərdə ("www.qhtxeber.az" internet saytının fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xidmətlərə aid olmayan) təlimçi kimi iştirak edib.
Onu da bildirək ki, "Vətəndaş Cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı daha əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top