Ramil Usubovun qohumu namizədliyini geri götürdü - DOSYE


Fevral ayının 9-da baş tutacaq növbədənkənar parlament seçkiləri ərəfəsində namizədliklərini geri götürənlərin sayı ən çox 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyin geri götürənlərdən biri də "Əmrahbank" ASC-nin Müşahidə Şurası sədrinin Problemli kreditlər üzrə müşaviri İldırımzadə Ülvi Yunis oğludur.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Ülvi İldırımzadə "Əmrahbank" ASC-nin Müşahidə Şurasının sədri Yunis İldırımzadənin oğludur. Ülvi İldırımzadənin babası yazıçı-publisist Əli İldırımzadədir.
2007-ci ildə "Şöhrət" ordeninə layiq görülən Əli İldırımzadə 1927-ci ildə Qubadlı rayonunda anadan olub. Əli İldırımzadənin oğlu və eyni zamnada da namizədliyini geri götürən Ülvi İldırımzadənin əmisi Yusif İldırımzadə Xətai rayonunun prokuroru vəzifəsində çalışır. Yusif İldırımzadə eyni zamanda sabiq Daxili işlər naziri Ramil Usubovun qudasıdır. Yusif İldırımzadə qızı Ramil Usubovun oğlu Daxili İşlər Naziriliyinin İstintaq və Təhqiqat idarəsinin rəisi, general-mayor Emil Usubovla evlidir. Ülvi İldırımzadənin digər bir əmisi polkovnik Rasim İldırımzadə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi olub.
Onu da bildirək ki, Ülvi İldırımzadədən başqa 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən daha 12 nəfər namizədliyini geri götürüb. Bildirək ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən hakim partiyanın - YAP-ın namizədi hazırda həmin dairəni Milli Məclisdə təmsil edən İmamverdi İsmayılovdur. Maraqlıdır ki, YAP-dan başqa 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən cəmi 3 partiya VHP (Vətəndaş Həmrəyliyi Partiyası), ÜMİD Partiyası və AVP (Ana Vətən Partiyası) öz namizədini irəli sürsə də, hər 3 partiyanın namizədləri öz namizədliklərini geri götürüblər.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyini geri götürənlərdən biri də Yurddaş Partiyasının sədri Mayıs Səfərlidir.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top