19 yaşlı Qalibin gecə klubunda işləyən bacısını öldürməsinin TƏFƏRRÜATI

Namus üstündə bacısını öldürdüyünü deyən gənc növbəti dəfə hakim qarşısına çıxarılıb. Qətlin baş verməsinin bəzi məqamları üzə çıxıb.

Yeniavaz.com musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Qalib Turabovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Əvvəlcə qeyd edək ki, Qalib özündən iki yaş böyük bacısı Pərvanəni Bakının mərkəzində bıçaqlayaraq qətlə yetirib. Səbəb isə Pərvanənin Bakıda gecə klubunda işləməsi olub.

Qətl hadisəsi bu il Səbail rayonunda baş verib. Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədən şəxsin 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu olduğu məlum olub. İlkin ifadəsində Qalib qətli namus üstündə törətdiyini deyib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Bu iş üzrə məhkəmədə dindirilən şahidlərdən biri Səbinə Tağıyeva olub.

Məlum olub ki, Səbinə qətlə yetirilən Pərvanənin işlədiyi gecə klubunun icarədarlarından biri olub. Səbinə imam nikahı ilə birlikdə yaşadığı Əflatun Zeynalovla "Arena Pab" adlı klubu işlədiblər. Bundan əvvəl də onlar "Torqovi"də bir neçə gecə klubunu icarəyə götürüblər.

Pərvanədən başqa klubda daha 7 qız da ofisiant kimi çalışıb. Onların yüngül həyat tərzi sürdüyü deyilsə də, Səbinə Tağıyeva bunu inkar edir.

Səbinənin bu işə görə şahid qismində dindirilməsi onun mərhumla yaxın münasibətinin olması olub. Hətta Pərvanə bir neçə gün onun evində yaşayıb. Bu münasibətlərdən və Pərvanənin yaşadıqları haqda bildiklərini danışan Səbinə bunları deyib:

"Pərvanə bizdə işləməyə başlayanda yaşının 18-dən çox olduğunu demişdi. Əvvəlcə demişdi ki, anasıgillə yaşayır. Sonradan bildim ki, ailəsi onun klubda işləməsindən xəbərsizdir və ailəsi ilə problemi var. Bir müddət sonra Pərvanə bizim klubda işləyən Toğrulla sevgili oldu. Həmin ərəfədə Pərvanə bir neçə gün bizdə qaldı. Mən onların birlikdə yaşamasını istəyirdim. Bir dəfə də Pərvanənin ailəsigilə getdik ki, onların barışmasına razılıq alaq. Amma elə bir neçə dəqiqə sonra biz ordan ayrıldıq. Razı olmadıqlarını başa düşdük"- deyə şahid bildirib.

Məhkəmədə Səbinəyə verilən suallardan məlum olub ki, onlar Pərvanənin ailəsinin evinə elçiliyə gediblərmiş. Hətta yalandan başqa bir qadını da özləri ilə apararaq Toğrulun anası kimi təqdim ediblər.

Səbinə bu deyilənləri əvvəlcə inkar edib. Amma sonradan etiraf edib ki, bunları etməkdə məqsədi bir-birlərini sevən gəncləri qovuşdurmaq olub.

Hakim deyib ki, Səbinənin məsuliyyətsizliyi və ona aid olmayan məsələlərə müdaxiləsi bir ailənin faciəsinə səbəb olub.

Məhkəmədə şahid qismində Əflatun Zeynalov da ifadə verib. O, icarəyə götürdüyü klubda işləyən Pərvanə haqda ətraflı məlumata sahib olmadığını deyib. Bildirib ki, klubda işçilərlə bağlı məsələlərə Səbinə nəzarət edirmiş.

Əflatun deyib ki, Pərvanənin neçə yaşının olmasını özləri dəqiqləşdirib. Belə ki, Əflatun söyləyib ki, Post Patrul Xidmətinin əməkdaşlarından Pərvanənin ad və soyadını verərək yaşını dəqiqləşdirə biliblər.

Hər iki şəxs məhkəməyə qeyri-səmimi ifadə verdiyi üçün hakim onlara xəbərdarlıq edib.

O da məlum olub ki, Səbinə və Əflatun həmin gecə klubunu artıq işlətmir.

Əflatun suallara cavabında klubda işləyən 8 ofisiant qızın 4-nün rəsmi işçi olduğunu təsdiq edib. O, işçilərə gündəlik 15 manat maaş verildiyini deyib.

Səbinə və Əflatun gündəlik qazanclarının 500-1000 manat arası olduğunu da bildiriblər.

Prosesdə əsas şahidlərdən biri olan Aysel Qurbanova da dindirilib. Məlum olub ki, Pərvanə qətlə yetirilən zaman onun yanında olan əsas şəxs olub.

Aysel deyib ki, ailəsinin maddi imkanları yaxşı olmadığı üçün gecə klublarında ofisiant kimi işləməyə başlayıb. 20 yaşı olan Aysel bildirib ki, hadisə baş verən gün ilk gün imiş ki, "Arena Pab"a gəlibmiş:

"Mən iş axtarırdım. Elanı görəndən sonra kluba gəldim. Orada Pərvanə ilə tanış oldum. Biz viski və spirtli içki qəbul elədik. Pərvanə də içmişdi. Bir az keçəndən sonra Pərvanə dedi ki, özünü yaxşı hiss eləmir. Mənə dedi ki, gəl çölə çıxaq. Mən istəmədim, amma əlimdən tutaraq məni dartmağa başladı. Mən xətrinə dəyməsin deyə onunla getdim. Bir az həyətdə gəzdik, söhbət elədik. Yolda qarşımıza bir nəfər çıxdı. Onun yanında iti də var idi. Belə başa düşdüm ki, Pərvanə həmin adamı və iti əvvəlcə də görmüşdü. İti qucaqlayaraq onunla oynamağa başladı. Mən bir az kənarda dayanmışdım. Birdən gördüm ki, kimsə əlində nə iləsə Pərvanəni vurmağa başladı. Mən artıq şoka düşmüşdüm. Özümü idarə edə bilmirdim. Pərvanənin qaçdığını gördüm. Onun arxasınca getdim. Biz artıq çatanda Pərvanə qan içində yerdə uzanmışdı. Ətrafa da xeyli insan toplaşmışdı".

Aysel suallara cavab verən zaman işlədiyi klubda onlara pulsuz viski verildiyini deyib. Amma obyektin icarədarı Əflatun bunu inkar edib. Deyib ki, Aysel cəmi 4 gün kluba gəlib və həmin ərəfədə də heç kimə pulsuz içki verilməyib.

Məhkəmə araşdırması davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top