Deputatlığa ən yaşlı və ən gənc namizədlər kimlərdir? - DOSYE + FOTOLAR


Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin dairələr üzrə ilkin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, 125 seçki dairəsi üzrə namizədliyi təsdiqlənən deputatlığa iddialı şəxslər arasında ən yaşlısı  82 yaşlı Heydərov Fəttah Səməd oğludur. 23 fevral 1938-ci ildə anadan olan Fəttah Heydərovun namizədliyi 116 saylı Qəbələ seçki dairəsində qeydə alınıb. Onu da bildirək ki, Fövqəladə Hallar naziri  Kəmaləddin Heydərovun atası olan Fəttah Heydərov hazırda millət vəkili kimi Milli Məclisdə Qəbələ rayonunu təmsil edir.

Fəttah Heydərov Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədridir. Fəttah Heydərov Naxçıvan MR-nin Babək rayonun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin  mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.

Fəttah Heydərovla eyni yaşda - 82 yaşında olan daha bir şəxsin namizədliyi isə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən irəli sürülüb.  İmza vərəqlərini dolduraraq DSK-ya təqdim edən 82 yaşlı namizədin qeydə alınıb-alınmayacağına isə yaxın günlırdə aydınlıq gətiriləcək. Hazırda işsiz olan Zeynalov Oktay  Qəmbər oğlu 17 oktyabr 1938-ci ildə anadan olub. Qeyd edək ki, Oktay  Zeynalov bundan əvvəlki seçkilərdə də namizəd kimi iştirak etsə də qələbə qazana bilməyib.
Deputatlığa ən gənc namizəd isə 18 yaşı cəmi bir ay əvvəl - 10 dekabr 2001-ci ildə tamam olan Həbibli Elməddin Fəxrəddin oğludur.  18 yaşı yenicə tamam olan Elməddin Həbiblinin natamam ali təhsilə və politoloq ixtisasına sahib olduğu bildirilib. Qeyd edək ki, Elməddin Həbiblinin namizədliyi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürülüb və imza vərəqələrini dolduraraq DSK-ya təqdim edib.  Elməddin Həbibli bu il İmişli rayonunun 4 saylı orta məktəbindən məzun olub. Ötən ay Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Mən Azərbaycanlıyam"adlı milli bilik yarışmasının qalibi olub. Təxminən 6-7 ay əvvəl  YAP İmişli rayon təşkilatında Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə təşkil olunan yarışda Elməddin Həbibli "Heydər Əliyevin həyat və siyasi fəaliyyəti" mövzusunda inşa yazısında qalib olub.

Elməddin Həbiblidən başqa  deputatlığa namizədliyini irəli sürən daha 4 şəxsin 18 yaşı ötən il tamam olub.  46 saylı Şirvan seçki dairəsindən namizədliyi irəli sürülən Mirzəzadə Ömər Elşən oğlu 17.06.2001-ci il tarixində, 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi irəli sürülən Əliyeva Firuzə Nadir qızı 18.10.2001-ci il tarixində, 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi irəli sürülən Dadaşov Nicat Fərhad oğlu 04.10.2001-ci il tarixində, 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Veysov Nihad Vasif  oğlu 21.04.2001-ci il tarixində anadan olublar.
Onu da qeyd edək ki, 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi irəli sürülən hər iki 18 yaşlı şəxs - həm Əliyeva Firuzə, həm də Dadaşov Nicat imza vərəqələrini doldurub təhvil versələr də, sonradan seçkidə iştirak etməkdən imtina ediblər. Digər 18 yaşlı namizədlərin isə qeydə alınıb-alnmayacağı yaxın günlərdə məlum olacaq.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top