Qərbə ilham verən alim: XARƏZMİ


Əvvəli buradan oxuya bilərsiniz.

YUNESKO-nun qərarı ilə 1983-cü ildə Xarəzminin anadan olmasının 1200 illik yubileyi beynəlxalq miqyasda təntənəli şəkildə qeyd edilmişdir. Xarəzmi cəbri müstəqil elm sahəsi kimi dünyaya təqdim edən şəxsdir. Ömrünün sonuna kimi Hikmətlər Evində yaşayıb işləyən Xarəzmi riyaziyyat, coğrafiya və astronomiya sahəsində 20-yə yaxın qiymətli əsər qələmə almışdır. Xarəzminin ən məşhur əsərləri riyaziyyat sahəsindədir.
Yeniavaz.com xəbər verir ki, Xarəzminin riyazi traktatları üç əsr sonra ərəb dilindən latın dilinə, sonra isə başqa Avropa dillərinə çevrilmişdir. Bu əsərlər bir neçə əsr Avropa universitetlərində əsas riyaziyyat dərsliyi kimi istifadə edildi və onların əsasında bir çox riyaziyyat dərslikləri yazıldı. Xarəzminin əsərləri sayəsində o zaman Hindistanda yayılmış onluq say sistemi Avropada tanındı və elmin inkişafında mühüm rol oynadı.
Təəssüf ki, əl-Xarəzminin əsərlərinin az bir qismi bizə gəlib çatmışdır. 1258-ci ildə monqolların Bağdada yürüşü Hikmətlər Evinin məhvi ilə nəticələndi. Deyilənə görə, Dəclə çayının suyu ona atılmış saysız-hesabsız kitabların mürəkkəbindən qara rəngə boyanmışdı. Haşiyə çıxaraq onu da qeyd etmək lazımdır ki, əslində monqol yürüşlərini İslam aləmində baş verən geriləmə və durğunluq dövrləri ilə bağlı sadəcə olaraq xarici amillərdən biri hesab etmək olar. Burada xaçlı səfərləri və s. kimi digər xarici amillər də qeyd edilir. Ancaq burada daxili amillərin varlığından yan keçmək, onları yox hesab etmək doğru olmazdı.

Quranın təcvidli oxunuşu ilə bağlı “səktə” deyilən bir qayda vardır. Səktə, nəfəs almadan bir saniyə müddətində səsi kəsməyə deyilir. Quranda dörd yerdə səktə qaydası mövcuddur. Müsəlmanların intibah və elmi oyanışının durğunluğa məruz qalmasını Qurandakı bu “səktə” qaydasına bənzədən bir İslam alimi belə deyir: “İslam dünyasında geriləmə Qurandaki “səktə” qaydasında olduğu kimi, bir saniyə miqdarında olması lazım idi. Çox təəssüf ki, biz orada ilişib qaldıq, nəinki bir saniyə, bir neçə yüz il keçməsinə baxmayaraq biz “səktə”nin digər tərəfinə keçə bilməmişik.”
Zic əs-Sindhind: Xəlifə Mənsurun dövründə 770-771-ci illərdə bir Hind heyəti Bağdada gələndə özləri ilə birlikdə Hind riyaziyyatçısı və astronomu Brahmaquptanın (598–665) “Siddhanta” adlı kitabını gətirirlər. Bu kitabı astronomiya alimi Muhamməd İbn İbrahim əl-Fəzari ərəb dilinə tərcümə etmişdir. Daha sonra Xarəzmi isə bu kitabı ixtisar eləmiş, həmçinin bu əsərə istinad edərək İslam ölkələri üçün “Zic əs-Sindhind” əsərini yazmışdır. Cədvəl və ya cədvəllər mənasına gələn “Zic” kəliməsi müsəlmanlar tərəfindən planetlərin hərəkətlərini göstərən astronomik cədvəllərə və astronomiyaya dair kitablara verilən bir ad idi. Xarəzminin kitabın başlığında istifadə etdiyi “Sindhind” kəlməsi Sanskiritcə (Hind-ari dil qrupuna aid ən qədim dillərdən biridir) “Sidhanta” sözünün təhrif edilmiş şəklidir.
İllərlə rəsədxanalarla tədqiqatlar aparan Xarəzmi üçün bir “Zic” (ulduzlar kataloqu) hazırlamaq çətin olmamışdı. Onun bu əsəri Kopernikə qədər Avropada tərəddüdsüz qəbul edilmişdir. Avropada həm bu əsərin yazıldığı dövrlərdə, həm də bir neçə əsr sonrasına qədər belə bir astronomiya cədvəlləri, ulduz kataloqları hazırlamaq bir yana, səmanı izləmək üçün heç rəsədxanalar belə yox idi.
Xarəzmi qələmə aldığı “Hind sistemində böyük dəyişiklik etmiş və astronomiyaya dair bəzi məsələlərdə İran sistemini, bəzilərində isə Ptolomey sistemini əsas almışdır. Həmçinin özü də bir çox kəşflər eləmiş və əsərə yeni bilgilər əlavə etmişdir. Tədqiqatçılar Xarəzminin bu əsəri Mənunun dövründə elmi karyerasının ilk illərində hazırladığını söyləyirlər. Xarəzminin bu əsərinin ən əhəmiyyətli yanı günümüzə gəlib çatan ilk İslam astonomiya əsəri olmasıdır.
Kitabul-Müxtəsər fi hisabil-cebr vəl-mukabələ. Xarəzmi bu əsərini belə başlayır: “Alqoritm belə deyir: “Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna olsun”.
Bu əsərin günümüzə gəlib çatan bir nüsxəsi İngiltərədə Oxford Bodle Kitabxanasındadır. Bu kitab cəbr elmi sahəsində yazılan ilk əsərdir. On bir əsr əvvəl yazılan əsərdə müxtəlif cəbr hesablarını misallarla açıqladıqdan sonra nəzəri və tətbiqi hesablama şəkilləri verilmişdir. Bu əsərdə dövrün hökümət işlərinə dair hesablamalar, tacir və sənətkarlar, həmçinin bazarlarda ölçmə işinə nəzarət edən məmurlar üçün riyazi əməliyyatlar, Quranda bildirilən miras bölgüsünə aid hökmlərin cəbr üzərindən həlli yolları misallarla göstərilmişdir.
XarəzmininKitabul-Müxtəsər fi hisabil-cəbr vəl-muqabələ” adlı əsərindən bir səhifə:

“Fəraiz” adı verilən İslam hüququna görə, miras bölgüsünün necə hesablanacağı kitabın üçüncü bölümündə göstərilmişdir. Bu bölüm məhkəmələr üçün çox faydalı olmuşdur. Miras, ölmüş şəxsə yaxınlıq dərəcəsinə görə geridə qalanların Quranda bildirilən müəyyən hissələr halında pay almasıdır. Bu işi arifmetika (riyaziyyatın toplama, çıxma, vurma, bölmə kimi sadə hesab əməllərini öyrədən bölməsi) ilə həll etmək çətin idi. Xarəzmi minimum hissəni bilinməyən qəbul edib hər bir vəziyyət üçün bir bilinməyən tənlikdən istifadə etmişdir. Riyaziyyatın elmlər içərisində oynadığı rol və daşıdığı qiymət göz önünə alınanda Xarəzminin bu sahədəki çalışma və nailiyyətlərinin nə qədər köklü və dərin təsirə malik olduğunu başa düşmək olar.
Bu əsər nəfis bir tərtiblə qələmə alınmış və adında “cəbr” kəlməsini daşıyan ilk riyaziyyat kitabıdır. Həmçinin bir çox əcnəbi dillərdə işlənən “alqebra” sözü “əl-cəbr” sözünün dəyişdirilmiş tələffüzüdür. Xarəzmi  bu əsəri ilə elm tarixindəki əsl yerini almışdır. Bu əsər ilə cəbr elmi ilk dəfə riyaziyyat elmindən ayrılmış və ilk dəfə cəbr bir elmin adı olaraq işlədilmişdir. Xarəzmidən sonra gələn bütün İslam cəbrçiləri bu əsəri öz çalışmalarında əsas qəbul etmişlər.
Xarəzminin “Kitabul-Müxtəsər fi hisabil-cəbr vəl-muqabələ” əsəri 600 il boyunca dünyanın bir çox universitetlərində cəbr elminin əsas kitabı olaraq tədris edilmişdir. Qərb dünyasına bu kitab Əndülüs dövləti vasitəsilə daxil olmuşdur. Latın dilinə ilk tərcüməsi 1183-cü ildə edilmiş və 1986-cı ilə qədər Leypsiq Universitetində (Almanya) dərs kitabı kimi oxudulmuşdur.
Kitab əl-Hisabil-Hindi. İslam dünyasına Hind rəqəmləri və onluq say sistemi Xarəzminin bu əsəri ilə daxil olmuşdur. Orijinal əlyazması tapılmayan bu kitabın XII əsrdə latın dilinə edilmiş tərcüməsi Kembric kitabxanasında tapılaraq B. Boncompagni tərəfindən Romada 1857-ci ildə yenidən nəşr edilmişdir. Qərbdə elm sahəsində dərin izlər buraxan bu əsərdə riyaziyyatdakı toplama, çıxma, vurma və bölmənin necə aparılacağı izah edilir. Əsərin toplama və çıxmaya dair bölümündə “sıfır”dan bəhs edilir.
Kitabul-Cəm Vət-Təfriq. Xarəzminin Günümüzə gəlib çatmayan bu kitabından Abdulqadir ibn Tahir əl-Bağdadi (961-1037) “ət-Təkmilə fil-hisab” adlı əsərində istinadlar gətirmişdir. Bu istinadlar vasitəsilə Xarəzminin bu əsərinin əllə hesablamaqla (hisabul-yəd) əlaqəli olduğu anlaşılır.
Kitabu Suratil-arz (Kitabul-Coğrafya). Xarəzmi xəlifə Məmunun istəyi ilə digər 69 alimlə birgə yer kürəsinin xəritəsini hazırlayıb. Bu xəritələr İslam dünyasında çəkilən ilk dünya xəritələri idi. Onuncu əsrdə yaşamış çoğrafiyaçı və səyyah Məsudi bu xəritələrdən geniş istifadə etmişdir. Xəritələr XIV əsrə qədər müsəlman coğrafiyaçılar üzərində öz təsirini davam etdirmişdir. Xarəzmi bu xəritələr toplusuna öz əsəri olan “Kitabu Suratil-arz” kitabını əlavə etmişdir. Şərqsünas alim Karlo Alfonso Nallino (1872-1938) bu əsəri italiya dilinə çevirmiş və onu Ptolomeyin (85-165) əsəri ilə müqayisə etmişdir.
Aşağıdakı şəkildə Abbasi xəlifə Məmunun Bizans İmperatoru Teofilə elçi göndərdiyi təsvir edilmişdir:

İlk İslam coğrafiyaçılarından olan Xarəzminin bu kitabında şəhərlərin və bəzi müəyyən bölgələrin koordinatları verilir. Əsərdə coğrafi məkanlar yunanlıların metodu əsas götürülərək yeddi bölgəyə ayrılmışdır. Kitab şəhərlərin quruluşu, dağlar, dənizlər, adalar, bəzi coğrafi bölgələrin mərkəz nöqtələri və çayları əhatə etməklə altı bölümdən meydana gəlir. Hər bölümdə gərəkli coğrafi bilgilər ardıcıl və nizamlı bir şəkildə verilmişdir. Xarəzminin təqib etdiyi bu ardıcıllıq sonrakı İslam coğrafiyaçılarının çalışmalarına nümunə olmuşdur. Xarəzminin “Kitabul-Coğrafya” (Kitabu Suratil-arz) əsəri ilə Ptolomeyin “Kitabul-Coğrafiya” əsəri arasında bəzi əlaqələr var. Ptolomeyin əsərində yer alan coğrafi bölgələrin əksəriyyəti Xarəzminin əsərində də mövcuddur. Koordinatların bəziləri eyni olmaqla yanaşı, Xarəzminin əsərində sistematik və köklü dəyişikliklər var. Dolayısı ilə Xarəzminin əsərini Ptolomeyin kitabının tərcüməsi kimi qəbul etmək yanlış olardı. Hər iki əsərdəki dünya xəritələri bir-birindən çox fərqlənir. Xarəzminin xəritəsində İslam mədəniyyətinin yayıldığı coğrafi bölgələr haqqında verilən bilgilərin çoxluğu və doğruluğa görə Ptolomeyin əsərindən daha üstündür.

Xüsusilə Aralıq dənizi, Afrika və Uzaq Şərq haqqında Xarəzminin xəritəsi mübahisəsiz bir üstünlüyə və orijinallığa sahibdir. Ancaq Avropa haqqında verilən bilgilər yanlışlarla birgə Ptolomeyin təkrarından ibarətdir.

Kitabut-Tarix. Bu kitab günümüzə gəlib çatmayıb. Ancaq daha sonrakı bir sıra İslam tarixçisinin bu kitabdan etdiyi nəqllər, müəyyən bir dövrdə tarix sahəsində qaynaq əsər olaraq istifadə edildiyini göstərir. Edilən nəqllərdən başa düşmək olar ki, Xarəzmi də, müasiri olan Əbu Maşər əl-Bəlxi kimi astrologiya qaydaları ilə tarix arasında müəyyən bir əlaqə qurmağa çalışmışdır.

Xarəzmi 930-cu ildə heyət rəhbəri olaraq elmi araşdırmalar üçün Əfqanıstan yolu ilə Hindistana getmişdir. Xəlifənin istəyi ilə Bağdaddakı Şamasiyə və Şamdakı Qasiyun rəsədxanasındakı heyətlə yer üzünün bir dərəcəlik meridian oxunun uzunluğunu ölçmək üçün Sincar ovasına göndərildi.

Yuxarıda sadalanan əsərlərdən başqa, Xarəzmi günəş, ay və ulduzların yüksəkliyini və bunlara paralel olaraq zamanı ölçmədə istifadə edilən üstürlab haqqında iki əsər də qələmə almışdır. Üstürlabın necə düzəldilməsi ilə bağlı olanı “Kitabul Aməlil Usturlab”, üstürlabdan necə istifadə edilməsindən bəhs edən kitabı isə “Kitabul Aməl bil-Usturlab” adlanır. Nə ərəbcəsi, nə də tərcüməsi günümüzə yetişməyən bu əsərlərin varlığını Abbasilər dövründə yaşamış riyaziyyatçı və astronom Fərqaninin bir əsərindən öyrənirik. Fərqani Berlin Kitabxanasında 5790-cı nömrədə saxlanılan “Fi Sənətil Usturlab bil-Həndəsə” adlı əsərində üstürlabla əlaqəli izahlar verəndə Xarəzminin adı çəkilən əsərlərindən statlar gətirir.

Hər nə qədər cəbr elmini Xarəzminin kəşf etdiyi deyilsə də Xarəzmidən əvvəl də İslam dünyasında şifahi bir cəbr ənənəsi var idi. Rəvayətə görə, Həzrət Ömərin (r.a) dövründə Mədinəyə İrandan bir qrup riyaziyyatçı gəlmiş və Həzrət Əlinin (r.a) təklifi ilə xəlifə onlardan xəzinədən ödənəcək müəyyən məbləğ qarşılığında bəzi səhabələrə cəbr elmini öyrətmələrini istəmişdir. Beləcə Həzrət Əli (r.a) beş gün ərzində bu elmi onlardan öyrənmişdir. Ancaq insanlar öyrəndiklərini qələmə almayıb sadəcə bir-birilərinə şifahi olaraq nəql etmişlər. İllər keçdikdən sonra Abbasi xəlifəsi Məmun riyaziyyatçı alim Xarəzmidən bu elmi qələmə almağı istəmişdir. O da bu mövzuda bir kitab yazmışdır. Qeyd edək ki, bu rəvayət Xarəzmidən əvvəl İslam dünyasında şifahi bir cəbr ənənəsinin varlığına işarə etməsi baxımından əhəmiyyət daşıyır.

Yekun olaraq deyək ki, Xarəzmiyə qədər cəbr adı ilə olmasa da, cəbr elminə aid bir sıra mövzuların olduğu qeyd edilir. Xarəzmi bütün bunları yeni üsul və kəşflərlə cəbr adı ilə bir araya toplamışdır. Riyaziyyat tarixçisi olan David Eugene Mith və Karpinski Xarəzmi haqqında belə demişdir: “Bağdadın qızıl çağının böyük üstadı, şərq və qərbin klassik riyaziyyatla əlaqəli yazılarını müsəlman elm xadimləri arasında ilk dəfə bir araya gətirən, bunları anlayıb açıqlayan, sonra da orijinal çalışmaları ilə gələcək əsrlərə nəql olunmasına nail olan böyük alimdir”.

Xarəzmi bir elm adamının edəcəyi işləri açıqlamışdır. Ona görə, bir elm adamı ya özündən əvvəlki bir alimin izah edə bilmədiyi məsələdə əsər yazaraq özündən sonrakılara ötürür, ya özündən əvvəl gələn elm adamlarının qapalı buraxdığı mövzuları açıqlayaraq başa düşülən hala gətirir, ya da daha əvvəl yazılmış əsərlərdəki əskiklikləri ortadan qaldırarq yanlışları düzəldir.

XVI əsrdə, yəni Xarəzminin əsərlərini qələmə almasından 700 il sonra belə italiyalı elm adamı Cardano “Ars Magna” (Böyük Sənət) adlı əsərində hələ də Xarəzmini əsas götürür və onu insanlığın o dövrə qədər yetişdirdiyi ən böyük on iki dahidən biri olaraq qəbul edirdi.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top