Deputatlığa namizədliyini verən qazi Kamil Musavi: "Mənə görə insanlara təzyiqlər olur" - VİDEO


Kamil Musavi 60 saylı Salyan-Neftçala dairəsindən deputatlığa namizədliyini irəli sürdüyünü ancaq, Salyan rayon İcra başçısının imza toplamaqda ona mane olduğunu iddia edib.
Yeniavaz.com xəbər verir ki, qazi Kamil Musavi sosial şəbəkə vasitəsilə prezidentə müraciət edərək Salyan Rayon İcra Hakimiyyəti tərəfindən təzyiqə məruz qaldığını deyir: 
"Deputatlığa namizədliyimi irəli sürdüyüm gündən istər mən, istər məni sevən insanlar təzyiqlərə məruz qalırlar. Yaxınlarımızı işdən çıxartmaqla hədələyirlər. Telefonumda video çəkilişi də olan bir faktı sizə çatdırmaq istəyirəm. Mən Kərimbəyli kəndində imza topladıqdan sonra kənd icra nümayəndəsi vətəndaşlara yaxınlaşıb mənə səs verməməlirini deyiblər. Bunu mənə kənd sakinləri bildirdikdən sonra kənd icra nümayəndəliyinə gedərək onlardan nə üçün belə bir addım atdıqlarını soruşdum. Ancaq, onlar bildirdilər ki, belə bir söz deməyiblər". 
Kamil Musavi daha sonra Salyan rayon icra başçısının köməkçisinə zəng etdiyini ancaq, ordan cavab ala bilmədiyini bildirib: "Dedim ki, sizin yerli icra orqanlarınız qanunsuz işlərlə məşğuldur. Ancaq, onlardan heç bir cavab gəlmədi. Bu da bəlli edir ki, bu işin başında Salyan rayon icra başçısı durur".
Müraciət videosunun davamında Kamil Musavi prezident İlham Əliyevə müraciət edərək ona qarşı təzyiq göstərən şəxslərin cəzalandırılmasını istəyib: 
"Sizin gəncləşdirmə siyasətini əsas tutaraq istədik ki, xalqımıza, millətimizə, dövlətimizə xidmət edək. Çox təəssüflər olsun ki, bizə mane olur, insanlarımıza təsir edirlər. Cənab prezident, sizdən xahiş edirəm ki, bu problemin araşdırılması üçün aidiyyatı qurumlara göstəriş verəsiniz və bizim haq və hüquqlarımızın qorunması üçün əlinizdən gələni əsirgəməyəsiniz. Bu gün də mənə zəng edib bildirirlər ki, sakinləri kənd bələdiyyəsinə çağırıb deyirlər ki, həmin imzaları bilməyərəkdən verdiklərini söyləsinlər. Mənim namizədliyimi ləğv etmək istəyirlər, mən də bir əsgər, vətəni sevən biri olaraq sizdən dəstək gözləyirəm".
Qeyd edək ki, məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İnformasiya təminatı və təhlili sektorundan məsələni araşdırıb bizə məlumat verəcəklərini bildirsələr də daha sonra zənglərimizə cavab vermədilər. 

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top