İran-ABŞ arasındakı gərginlik Azərbaycanı seçim qarşısında qoya bilərmi? - Politoloqdan AÇIQLAMA


Uzun müddətdir gərgin davam edən İran-ABŞ münasibətləri Qasım Süleymaninin öldürülməsi ilə daha da pisləşdi. İran isə intiqam adı altında ABŞ-ın İraqda yerləşən hərbi bazalarına raketlə hücum etdi. Politoloqlar İranla ABŞ arasında müharibə ehtimalının olduğunu bildirirlər. Bəs bu gərginlik Azərbaycana mənfi təsir göstərə bilərmi?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu ilə əlaqə saxladıq.
Politoloq Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın həm İranla, həm də ABŞ-la dost münasibətləri var, bu səbəbdən həmin dövlətlər arasında seçim edə bilmərik:
"İran bizim qonşumuzdur, normal münasibətlərimiz olmalıdır, ABŞ-la isə tərəfdaşıq, enerji layihələrinin istifadəsində bizə həmişə dəstək verir. Bu səbəbdən biz tərəfsiz mövqeyimizi saxlamalıyıq".
Elxan Şahinoğlu bildirdi ki, baş verən hadisələrdən belə məlum olur ki, hər iki ölkə arasındakı gərginlik vaxt ötdükcə artmaqdadır:
"Biz isə öz təhlükəsizliyimiz barədə fikirləşməliyik, heç bir dövlət arasında seçim etmək də istəmirik və bizi heç kəs belə bir seçim qarşısında qoya bilməz. Qeyd edim ki, istər ABŞ, istər İran bizdən tərəf olmağımız tələb etsə onlara rədd cavabı veriləcək. Fərz edək ki, ABŞ bizdən İranla sərhəddimizi bağlamağı tələb etdi. Bunu etməyimiz qətiyyən mümkün deyil. Çünki, bu kimi hallar Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Qasım Süleymaninin öldürülməsinə gəldikdə isə Xarici İşlər naziri İrana başsağlığı verdi, biz bundan artıq heç nə edə bilmərik".
Politoloq Elxan Şahinoğlu ABŞ və İran arasında ehtimal edilən müharibə təhlükəsindən də danışdı:
"ABŞ-la İran arasında əgər müharibə olsa bundan təkcə biz yox bütün ölkələr əziyyət çəkəcək. Qeyd edim ki, bu təkcə ABŞ-İran savaşı olmayacaq, müxtəlif dövlətlər bura qoşulacaq. Bunun ağır nəticələrini isə heç kəs əvvəldən hesablaya bilməz. Ancaq, sözün açığı mən inanmıram ki, vəziyyət həmin həddə gəlib çatsın, sərhədlər yenidən çəkilsin və biz böyük bir humanitar böhranla üzləşək.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top