İstehlak kreditləri rekord səviyyəyə yüksəldi - RƏQƏMLƏR

Ötən ayının əvvəlinə olan sonuncu məlumata görə, ən çox kredit hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) verilib. 

Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 45,1%-nə bərabər olub və rekord səviyyəyə yüksəlib. Belə ki, bu tarixə kimi istehlak kreditlərinin ümumi kreditlərdəki payı heç vaxt bu səviyyəyə yüksəlməyib.

İstehlak kreditləri ötən ilin əvvəlindən ötən 11 ay ərzində 1 milyard 495 milyon manat və ya 28,1% artıb.
Məlumat üçün bildirək ki, istehlak kreditləri ən yüksək səviyyəyə 2015-ci ilin fevral ayında çatıb. Qeyd olunan tarixə olan məlumata görə banklar əhaliyə 8 milyard 416,7 milyon manat istehlak krediti verib. 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra istehlak kreditləri sürətlə azalmağa başlayıb. Banklar tərəfindən verilən istehlak kreditləri 2018-ci ilin yanvar ayında devalvasiyadan sonrakı ən aşağı səviyyəyə düşüb. Həmin tarixə olan məlumata görə 4 milyard 522,8 milyon manat istehlak krediti verilib. Bu tarixdən başlayaraq istehlak kreditləri yenidən artmağa başlayıb.

Bundan başqa ümumi kreditlərin (15 milyard 116,4 milyon manat) 15,5%-i və ya  2 milyard 339,5 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb.

İnşaat və əmlak sektoruna isə 583,5 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin ümumi kredit portfelindəki payı 3,9% olub.

Sənaye və istehsal sektorunun maliyyələşdirilməsinə 930,9 milyon manat kredit ayrılıb.  Sənaye və istehsal sektoruna yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı 6,2% səviyyəsində olub.

Nəqliyyat və rabitə sektoru isə banklardan 1 milyard 207,8 milyon manat vəsait cəlb edib. Sektorun ümumi kreditləşmədə payı 8% təşkil edib.

Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 520,1 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı 3,4% olub.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 611,2 milyon manat ayrılıb. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı 4% təşkil edib.

Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1 milyard 971,5 milyon manat borc verib. Sektorun ümumi kreditləşmədə payı 11,4% olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top