Elinanın anası: "Xahiş edirəm ki, qızımın qanı yerdə qalmasın" - QƏRAR DƏYİŞMƏDİ


Bakı Apelyasiya Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə mərhum Elina Hacıyevanın nümayəndəsi Sevinc Əliyeva çıxış edərək Səbail rayon Məhkəməsinin qərarından narazı olduqlarını bildirib: "Məhkəmənin hökmündən qismən narazıyıq. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət əməlini sübuta yetirdi. Lakin Sevinc Abbasovaya verilən cəza yüngül oldu, onun cəzası ağırlaşdırılmalıdır. Onun barəsində həbsli cəza verilməlidir".
S.Əliyeva həmçinin təqsirləndirilən şəxsə və Təhsil Nazirliyinə qarşı qaldırdıqları 100 min manatlıq mülki iddianın təmin edilməsini istəyib.
Elina Hacıyevanın anası Sevil Hüseynova isə çıxış edərək Sevinc Abbasovaya qarşı daha ağır cəza verilməsini istəyib: "Sizdən xahiş edirəm ki, qızımın qanı yerdə qalmasın".
Təqsirləndirilən Sevinc Abbasovanın vəkili Sadiq Bağırov bildirib ki, zərərçəkmiş şəxsin verdiyi apelyasiya şikayət təmin edilməməlidir. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Sevinc Abbasova çıxış edərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Prosesdə çıxış edən prokuror isə müdafiə tərəfinin verdiyi şikayətin təmin edilməməsini istəyib. O zərərçəkmiş şəxsin verdiyi şikayətdə cəzanın ağırlaşdırılması ilə bağlı hissəsinə etiraz etməyib.
Məhkəmədə qərar qəbul edilib.
Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib. (APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top