Eyni gündə şəhid olan 14 hərbçimizin anım günü keçirildi


Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanında qəsəbənin bir gündə şəhid olan 14 şəhidin anım günü keçirilib.
1994-cü il yanvarın 4-də Ağdam-Füzuli yolunu bağlamaq tapşırığı alan dəstə tapşırığa uyğun olaraq öncədən müəyyən olunan yerə çatırlar. Səhəri gün erməilərin həmin istiqamətində daha çox qüvvə yığması aşkarlanır. Ermənilərin dəstə üzvülərinin orda olması aşkar etməsilə başlayan atışma bir neçə saat davam edir. Qeyri-bərabər qüvvələr nisbətində gedən döyüşdə düşmən tərəfdən xeyli canlı qüvvəni məhv edirlər. Həmin döyüşlərdə Etibar İsmayılov düşmən tərəfdən gələn zirehli texnikanın altına özünü ataraq məhv edir. Yalnız bundan sonra, mühasirədən çıxa bilirlər.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Qaraş Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbin direktoru Kəmalə Zeynalova bildirib. Bu gün münasibətilə təşkil edilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk olaraq Milli Qəhrəman Etibar İsmayılovun qəsəbə 1 saylı orta məktəbin qarşısında olan büstü önünə gül dəstələri qoyublar. Daha sonra qəsəbə Şəhidlər Xiyabanına gələn iştirakçılar respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları üzərinə tər çiçəklər qoyub, xatirələrini ehtiramla yad ediblər. Çıxış edənlər həmin günün dəhşətlərindən söz açıblar. Qeyd edilib ki, həmin döyüşdə yəni, 1994-cü il yanvarın 4-də mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atan Etibar İsmayılov onu ekipajla birlikdə məhv edib, özü də şəhidlik zirvəsinə ucalıb. Mühasirəni yarmağa müvəffəq olan əsgərlərimiz həmin döyüşdə xeyli itki veriblər. Həmin şəhidlərimizdən 14-ü bir qəsəbənin sakinləri olublar. Tədbir iştirakçıları bildiriblər ki, onların əziz xatirəsi tək bu gün deyil, hər zaman ürəklərdə əbədi olaraq yaşayacaqdır. 

Esmira Hidayətova, Ağcabədi

DİGƏR XƏBƏRLƏR

Top