Yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin anası: "Havalanmışam" - VİDEO


“Ötən ilin noyabr ayında Tovuz rayonunun Dondar Quşçu kənd sakini - 10 yaşlı Quliyeva Nərmin itkin düşüb. Dünən axşam saatlarında onun meyiti gördüyünüz bu ərazidə tapılıb. Azyaşlının meyitinin üzərində yanıq xəsarətləri aşkarlanıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub”. Nərminin yanmış meyitini ilk görən qonşular olub. Şahidlərin sözlərinə görə, yanvarın 6-da axşam saatlarında yolun kənarında tüstü çıxdığını, yaxınlaşanda uşaq meyitinin yandığını görüblər. Dərhal hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verilib. Polis xəbər aldığı dəqiqədən ərazidə olub. Nərmin Quliyevanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Kənd camaatı qorxur ki, 10 yaşlı qızın başına gələn hadisə sabah onların övladlarının başına gələ bilər. Nərminin anası Aynurə İsmayılova qızını öldürənin tez tapılmasını istəyir: “Televiziyada çıxıb yalvardım, diz çökdüm. Dedim ayaqlarının altında ölüm, balamın ölüsünü gətir. Mənim balamı gözümün qabağında niyə yandırırsan? Danışa bilmirəm. Artıq havalanmışam”. Mərhumun nənəsi Minayə İsmayılova deyib ki, qonşulardan iki nəfər nəyinsə yandığını görüb, torpaq töküb keçiriblər: “Siqaret çəkməyə çıxıblar, görüblər. Sağ olsunlar, yenə söndürüblər. Birinin adı Quludur. O birinin adını bilmirəm. O uşaqları indi şöbəyə aparıblar”. Azyaşlının əmisi Vaqif Quliyev deyir ki, qardaşının kənddə nəinki rayonda, ümumiyyətlə heç kəslə ədavəti olmayıb: “Mənim qardaşımın heç kimlə münaqişəsi yoxdur. Elə də varlı deyilik ki, deyək pulumuz var. Bu kənd bizi tanıyır”. 10 yaşlı Nərmin Quliyeva axırıncı dəfə bu qapıdan çıxıb. Bu gün isə onun meyiti evlərinin yaxınlığında tapılıb. Dəhşətli cinayəti törədənin və yaxud törədənlərin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.


APA TV

DİGƏR XƏBƏRLƏR

Top