ADP: "Naməlum şəxslər tərəfindən qara piar təyinatlı müsahibə yerləşdirilib" - YENİLƏNİB

Azərbaycan Demokrat Partiyası “Hürriyyet.org” saytında partiya sədrinin adından naməlum şəxslər tərəfindən müsahibə yerləşdirilməsi ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

"07.01.2020-ci il tarixdə ADP-yə yaxın “Hürriyyet.org” saytına haker hücumu edilib və saytda ADP sədri, 15 saylı Yasamal birinci seçki dairəsindən 09 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində namizədliyi irəli sürülmüş S.Cəlaloğlunun adından heç bir əsası olmayan və onun işgüzar nüfuzuna, prinsipial mövqeyinə kölgə salmaq məqsədi ilə naməlum şəxslər tərəfindən qara piar təyinatlı müsahibə yerləşdirilib. Bununla bağlı “Hürriyyet.org” rəhbərliyi Dövlət Təhlükəsizlik Komitəsinə və Respublika Prokurorluğuna bu cinayət əməlinin araşdırılması ilə bağlı müraciət edib.

ADP bəyan edir ki, “Hürriyyet.org”da yayılan bu məlumatın heç bir əsası yoxdur və Rusiyapərəst qüvvlərin S.Cəlaloğlunun parlament seçkilərində gözlənilən qələbəsinə mane olmaq məqsədi daşıyır. ADP müstəqil saytları “Hürriyyet.org” saytında partia sədrinin adından verilən müsahibəni tirajlamamağa çağırır və belə addım atan mətbuat vasitələrinə qarşı yalan məlumatı yaydıqlarına görə məhkəmə iddiaları qaldırılacağını bəyan edir.

ADP rəsmi dövlət orqanlarından seçki prosesinə qeyri-qanuni müdaxilə və təxribat xarakterli bu faktın ətrafında obyektiv araşdırma aparılmasına və günahkarların dairəsini müəyyənləşdirib cəzalandırılmasına çağırır".

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlunun adından Hurriyyet.org saytında yerləşdirilən açıqlamada aşağıdakılar qeyd edilib:

"Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü. Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki, bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir.

Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm”.


***12:54
"Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü".


Yeniavaz.com xəbər verir ki, bunu hurriyet.org saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O uzun illər bu fəaliyyətin gizlin saxlanılmasının da səbəbini açıqlayıb:

"Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki, bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir".

Partiya sədri bu məsələləri çoxdan açıqlamaq istədiyini vurğulayıb. Sərdar Cəlaloğlu əlavə edib: "Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm".

DİGƏR XƏBƏRLƏR

Top