"Həftədə 4 iş günü olsun" - Finlandiyanın Baş nazirindən TƏKLİF


Finlandiyanın yeni Baş naziri Sanna Marin həftədə 4 gün və hər gün 6 saatlıq iş sistemini təklif edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Avropanın ən gənc ikinci lideri olan S. Marin “iş həyatında hər kəs üçün növbəti addım” kimi təqdim etdiyi sistemi tətbiq etmək üçün fəaliyyətə başlayıb.
O bildirib ki, insanların ailələrinə, sevdiklərinə, hobbilərinə və mədəniyyət sahəsinə daha çox vaxt ayırmağa haqqı var: “Finlandiya vətəndaşlarının daha az işləməsini təmin etmək çox vacibdir. Məsələyə qadın idarəetməsi tərəfdən baxmaq lazım deyil. Önəmli olan seçicilərə verdiyiniz sözləri tutmaqdır”.
Xatırladaq ki, Sosial Demokrat Partiyasının lideri S. Marin nəqliyyat naziri işləyən zaman da daha az işləmək lazım olduğunu tez-tez vurğulayırdı.
Qeyd edək ki, Avstraliyanın reklam və marketinq şirkəti “Versa” da həftədə 4 günlük iş sistemini tətbiq edir. Şirkət bu sistem sayəsində gəlirlərini 300 faiz artırdığını iddia edir.
Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi də məhsuldarlığı artırmaq üçün 4 günlük iş sistemini tətbiq etməyi düşünür.
Dünyanın ən böyük şirkətlərindən olan “Microsoft”un Yaponiyadakı filialı da ötən il noyabr ayında bu sistemi tətbiq etmiş və nəticədə məhsuldarlığın 40 faiz artdığı müşahidə edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top