2019-ci ildə idmanımızda baş verən mənfi hallar: Məşqçi tutulması, futbolçu soyulması...

 

2019-cu ildə Azərbaycan idmanında bəzi mənfi hallar yaşandı. Həmin mənfi hallar idmanımızın inkişaf tempinə təsir göstərməsə də, bir müddət ictimaiyyətin gündəmində olmağı bacardı.

Ötən il Azərbaycan idmanında baş verən 10 mənfi hal:

1. Kikboksinq millimizin baş məşqçisinin tutulması (13 fevral)

2018-ci ilin avqustunda öz tələbəsi Şamama Bayramova ilə ailə həyatı qurmuş qadınlardan ibarət kikboksinq millimizin baş məşqçisi Anar Süleymanov həmin ilin noyabrın 5-də yaşadığı evdə xanımını döydüyü üçün haqqında polisə şikayət olunub. Zərərçəkmiş Ş.Bayramova Nərimanov Rayonu 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. O, daha sonra azadlığa buraxılıb.

2. Erməni əsilli idmançının Azərbaycan komandasında təmsil olunması (21 may)

Rusiyanın Rostov şəhərində 14-17 yaşlı qılıncoynadanlar arasında keçirilmiş Cənub Federal Rayonunun açıq birinciliyində Azərbaycan komandası da iştirak edib. Komandamız gümüş medal qazanıb. Maraqlıdır ki, komandamızın heyətində podiuma Azərbaycan bayrağı ilə çıxan dörd idmançı arasında Şimali Osetiyanın paytaxtı Vladiqafqazda doğulmuş, lakin milliyyəti erməni olan Robert Axverdov adlı qılıncoynadan da olub. Qılıncoynatma Federasiyasından verilən açıqlamada bildirilib ki, komandamızın baş məşqçisi Sudeyf Quliyev 17 yaşlı Axverdovun milliyyətcə erməni olmasından xəbərsiz imiş. Belə ki, Robert məşqçisiz olduğunu, bizim komanda ilə birgə yarışmaq istədiyini bildirib. Məşqçimiz isə onun Rusiya vətəndaşı olduğuna görə Azərbaycan adından təmsil olunmasında problem görməyib. Yeri gəlmişkən, bu məsələ Azərbaycan mətbuatında yarışdan düz üç ay sonra üzə çıxıb.    

3. Velosiped millimizin əsas üzvünün dopinqdə “ilişməsi” (11 iyul)

Əslində rusiyalı legionerimiz Kirill Pozdnyakovdan metilfenidat metaboliti 2018-ci ilin iyununda keçirilmiş şosse velosipedi üzrə Azərbaycan çempionatından sonra aşkarlandı. Velosiped İdmanı Federasiyasının rəhbərliyinin də dediyi kimi, 30 yaşlı idmançı öz səhvinin ucbatından yarışlardan kənarlaşdırıldı. Məsələ burasındadır ki, Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) onu yüngülləşdirici hal kimi doqquz aylıq cəzalandırsa da, Ümumdünya Anti-Dopinq Agentliyi (WADA) idmançımıza iki illik sərt cəza tətbiq etdi. Həmin cəzanın icrası isə mayın 11-dən hesablanmağa başlandı. Bu məlumat isə ictimaiyyətə iyulun 11-dən məlum oldu. İdmançımızın cəzasının 2021-ci ildə başa çatacağını nəzərə alsaq, onun Azərbaycanı Olimpiadada təmsil etməyəcəyi dəqiqləşib.

4. Federasiyaya 40 min manatlıq zərər yetirilməsi (17 iyul)

Məhəmməd Əliyev adlı Cəlilabad rayon sakini may ayında Azərbaycan Qol Güləşi Federasiyasından 40 min manat dəyərində idman qidasını alıb. Lakin həmin şəxs pulunu verməyib. Nəticədə federasiya iyulda Nizami Rayon Polis İdarəsinə sözügedən şəxsdən şikayət edib.

5. İki futbolçunun və bir məşqçinin soyulması (10 sentyabr)

İlk soyulan şəxs millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emreli oldu. Mayda atası Anara görə Mədətov soyadından imtina etmiş Mahirin yaşadığı Sulutəpə qəsəbəsindəki evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 5 min manat dəyərində qızıl zinət əşyaları oğurlandı. Sonradan oğrular tapıldı. Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi Rayonu Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları düz bir həftə sonra 2003-cü il təvəllüdlü Qazax rayon sakini Nicat Vəliyev və 2005-ci il təvəllüdlü Anar Mahmudovu həbs etdi. Həmin şəxslər “Gənclik” metrostansiyası yaxınlığında saxlanıldılar. 

Daha sonra dekabrın 17-də Səbail rayonu Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvanadan olan “Zirə”nin futbolçusu Mfo Kqasvaneyə yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı futbolçu cibindən 500 dollar və 15 AZN pul oğurlandığını aşkar edib. Həmin iki azyaşlı qız daha sonra saxlanılıb və onların Yevlax sakini olduğu üzə çıxıb. Daha sonra millimizin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin Bakıxanov qəsəbəsində kirayə verdiyi evinin əşyalarını elan saytına qoyub satan qadın və onun tanışı dekabrın sonlarında tutulub. 

6. Hacı Əliyevin dünya çempionatında hakimlərlə mübahisəsi (19 sentyabr)

Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (-65 kq) ilk görüşdə rusiyalı Hacımurad Rəşidova uduzdu. Daha doğrusu, görüşün başa çatmasına saniyələr qalmış əvvəl Hacı 4:3 hesabı ilə öndə olsa da, dağıstanlı idmançının məşqçisinin etirazından sonra videotəkrara baxıldı. Videotəkrardan sonra Hacının etdiyi fənddən sonra verilən iki xal onun aktivindən silindi. Səbəb o göstərildi ki, bu fənd döşəkdən kənarda edilmişdi. Bu isə Əliyevin narazılığına və hakimlərlə aqressiv şəkildə mübahisə etməsinə səbəb oldu. Hətta idmançımız qalib elan olunarkən döşəyin mərkəzinə gəlməkdən imtina etdi. Bundan sonra Ümumdünya Güləş Birliyi (UWW) onu bu yarışdan diskvalifikasiya etdi. Lakin Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev UWW-nin İcraiyyə Komitəsinin üzvü olmasından yararlanaraq bu qərarın ləğv olunmasına nail oldu.  

7. Ermənilərin Lüksemburqda “Qarabağ”ın oyunu zamanı qondarma respublikanın (DQR) bayrağını dronla stadiona gətirməsi (3 oktyabr)

UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində Lüksemburq şəhərindəki “Jozi Bartel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununda siyasi təxribata yol verilib. Oyunun 30-cu dəqiqəsində – “Qarabağ”ın vurduğu ikinci qoldan sonra Belçikada yaşayan “Spartak” ləqəbli Artur Zakaryan adlı şəxs meydanın üzərinə dronla separatçı, qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını gətirib. Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən bir qədər artıq yaranmış məcburi fasilədən sonra oyun dayandırılıb. Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun İdman naziri Dan Kerş insidentə görə yerli hökumət adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. Bundan sonra oyun davam etdirilib, “Qarabağ” isə 4:1 hesabı ilə qalib gəlib. AFFA isə bir gün sonra UEFA-ya məktub göndərərək bu məsələnin araşdırılmasını tələb edib.

8. Futzal və mini futbol komandalarımızın üzvlərinə Şengen vizası verilməməsi (9 oktyabr)

UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” futzal komandası Belçikadakı qrup oyunlarına dörd əsas oyunçusu olmadan gedib. Bunlar komandanın iranlı futzalçıları olub. Belə ki, Bakıdakı Fransa səfirliyi bu dörd oyunçuya viza verməkdən imtina edib. Nəticədə ölkə çempionumuz zəif çıxış edərək növbəti mərhələyə vəsiqə qazana bilməyib. Həmçinin Yunanıstan səfirliyi mini futbol üzrə milli komandamıza Beynəlxalq Sokka Federasiyasının Krit adasında keçirdiyi ikinci dünya çempionatında iştirakına imkan verməyib. 12-20 oktyabr tarixlərində keçirilmiş yarışda təşkilatçılar Azərbaycanı Çili ilə əvəzləyib. 

9. Danışılmış oyunlara görə bir neçə futbolçu və klub rəsmisinin cəzalandırılması (21 oktyabr)

Bu il danışılmış oyunlara görə UEFA tərəfindən gələn məlumat əsasında AFFA İntizam Komitəsi tərəfindən ilk cəzalandırılanlar I divizionda çıxış edən “Ağsu” klubunun iki futbolçusu – Elçin Həşimov və Ruslan Mirzəliyev oldu. Hər iki şəxsin məlum araşdırma tam bitənədək futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyuldu. Dekabrın 13-də isə bu iki futbolçu və üstəlik digər 26 şəxsin danışılmış oyunlarda əlinin olduğu rəsmi şəkildə açıqlandı. Bunlar I diviziondan “Turan Tovuz”un yeddi, “Ağsu”nun 14, “Zirə-2”nin bir, Region Liqasından “Uğur”un bir, “Ağsu Siti”nin bir və “Alyans” komandasının bir futbolçusu idi. Onların arasında millimizin sabiq futbolçusu, iki il ardıcıl Region Liqasının qalibi olan “Uğur”da çıxış edən Cəmşid Məhərrəmov da vardı. Hətta onun həbs olunduğu da deyildi. Həmçinin “Ağsu”nun icraçı direktoru, qapıçılar üzrə məşqçisi və klub rəsmisinin də danışılmış oyunlarda iştirakı müəyyənləşmişdi. Bayrama dörd gün qalmış isə daha 10 şəxsin futbol fəaliyyətinə qadağa qoyuldu. Bunlar I diviziondan “Qaradağ-Lökbatan”ın bir, MOİK-in üç futbolçusu, futzal üzrə I liqadan “Forza Neftçi”nin məşqçisi, Premyer Liqadan “Keşlə”nin məşqçisi və klub rəsmisi, eləcə də Elmin Çobanov, Natiq Səhrətov və Emin Cəfərquliyev kimi sabiq futbolçular idi. “Keşlə” bu qərardan 10 gün əvvəl – dekabrın 17-də rəsmi saytı vasitəsilə məşqçisi Mehman Babayev və klub rəsmisi Asəf Səfərovun istintaqa cəlb olunduğunu, onların 2017-ci ildə I divizionda yarışan “Binə” komandasında işlədikləri vaxt danışılmış oyunlarda iştirakı ilə bağlı dindirildiyini açıqlamışdı. Beləliklə, bir ilə Azərbaycan futbolunda 38 şəxs danışılmış oyunlarda iştirakına görə cəzalandırıldı.

10. Qurban Qurbanovla “CBC Sport” arasında baş verənlər (24 oktyabr)

Avropa Liqasının III turu çərçivəsində baş tutan “Qarabağ” – APOEL (2:2) matçından sonra keçirilən mətbuat konfransında “CBC Sport”un əməkdaşı Nurlan Valehoğlunun Rəşad Sadıqovun karyerasını bitirməsi ilə bağlı verdiyi suala “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt cavab verib, jurnalistə “bu sualı özün verirsən”, “verdiyin suala qulaq asırsan” kimi sözlər işlədib. Bundan sonra “CBC Sport”un iki əməkdaşı sosial şəbəkə vasitəsilə Qurban Qurbanovun hərəkətinə sərt reaksiya verib. Həmçinin telekanalın dekabrda səkkiz Premyer Liqa klublarının baş məşqçiləri ilə keçirdiyi debat verilişə yalnız Qurban Qurbanov qatılmaqdan imtina edib.//oxu.az

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top