ABŞ-la İran müharibənin bir addımlığında - ANALİZ


Yanvarın 3-nə keçən gecə Yaxın Şərqdə, eləcə də Azərbaycanın qonşuluğunda regional düzənə ciddi təqsir edə biləcək ciddi hadisə baş verib.
ABŞ pilotsuz uçuş aparatlarının İraqın paytaxtı Bağdadda dəqiq raket zərbələri ilə İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, məşhur general Qasım Süleymani öldürülüb. Məlumatda bildirilir ki, əməliyyat Bağdad aeroportu rayonunda ABŞ-ın xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı - USSOCOM tərəfindən, Prezident Trampın göstərişi ilə həyata keçirilib. General Süleymaninin də olduğu avtomobil karvanına raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı daha dörd nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının liderlərindən Əbu Mehdi əl-Mühəndis də həlak olub.
İraqda general Süleymaninin öldürülməsi ilə nəticələnən xüsusi əməliyyatın keçirildiyini Pentaqon təsdiqləyib. ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, hərbçilər “Prezidentin göstərişi əsasında qətiyyətli özünümüdafiə əməliyyatı” həyata keçiriblər. Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı ABŞ diplomatlarına və hərbçilərinə qarşı hücumlar təşkil edib, ümumiyyətlə bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumların başında durub. “Bu zərbə İranı gələcək hücumlardan çəkindirmək məqsədi daşıyır. Birləşmiş Ştatlar bundan sonra da öz vətəndaşlarını və maraqlarını dünyanın istənilən nöqtəsində qorumaq üçün bütün zəruri addımları atacaq”, - deyə Pentaqonun məlumatında deyilir.
Qeyd edək ki, 2018-ci ildə rəsmi Vaşinqton SEPAH-ı terror təşkilatı kimi tanımışdı, bu baxımdan da Qasım Süleymaninin öldürüləcəyi ehtimalı mövcud idi. 
Tehran da general Süleymaninin öldürüldüyünü təsdiq edib. Xarici işlər naziri Məhəmməd Cavad Zərif general Qasım Süleymaninin öldürülməsini “beynəlxalq terror aktı adlandırıb. Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri “olduqca təhlükəli və axmaq eskalasiyadır”. İranın Ali rəhbəri Xamenei, Prezident Həsən Ruhani də baş verənlərdən hiddətləndiklərini bildirib, general Süleymaninin öldürülməsinə görə İranın ABŞ-dan amansız qisas alacağını bəyan edib.
Son məlumatlara görə, general Süleymaninin öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yaxın Şərq regionuna Birləşmiş Ştatların əlavə qüvvələrinin göndəriləcəyi gözlənilir.
Qasım Süleymaninin öldürülməsi xəbəri dünya neft bazarına dərhal təsirini göstərib. Mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb. Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub. Son hadisəni təhlil edən ekspertlər düşünürlər ki, neftin qiyməti 100 dollar ola və daha da yüksəyə bilər. Enerjiyə olan ehtiyacın artması bundan əvvəlki böhranda neftin qiymətlərini və inflyasiyanı artırıb dünya iqtisadiyyatının inkişafının ləngiməsinə səbəb olmuşdu. Görünən budur ki, artıq dünyada növbəti böhran yetişməkdədir.
Beləliklə, Yaxın Şərqdə gərginliyin geniş miqyas alacağı danılmazdır. Süleymaninin qətlinin bütövlükdə regionu çox mürəkkəb, xaotik situasiyaya sürükləyə biləcəyi barədə proqnozlar səsləndirilir. ABŞ prezidenti Trampın faktiki olaraq İrana müharibə elan etdiyini düşünən ekspertlər bu addımın bölgədə vəziyyəti son dərəcə gərginləşdiridiyini proqnozlaşdırır. Bölgədə yeni savaş rüzgarları əsir. General Qasım Süleymaninin ölümü ilə bölgədə yeni məzhəb savaşı da alovlana bilər. Bu qətlin bütöv regionu silkələyə bilməsi ehtimalı istisna edilmir. Nəticənin necə olacağını demək çətindir. Lakin indidən aydındır ki, Yaxın Şərq və ona yaxın regionlar riskli bir geosiyasi vəziyyətə sürüklənir. Ehtimal etmək olar ki, general Süleymaninin qətlinə Tehran cavab tədbiri kimi terror aktları həyata keçirəcək və bundan istifadə edən Tramp İrana zərbələr endirəcək. Bəllidir ki, İranın cavab addımları atacağı təqdirdə, vəziyyət daha da gərginləşəcək. İlk növbədə, ABŞ-ın İraqda, Livanda, Suriyada, Səudiyyə Ərəbistanında və Avropa ölkələrində obyektlərinə və vətəndaşlarına Tehranın hücumlar təşkil etməsi mümkün görünür. İstənilən halda, Tehranın Qasım Süleymaninin ölümünü cavabsız qoymayacağını gözləmək olar. Çünki o, İran üçün əhəmiyyətli fiqur idi və öldürülməsi ilə Tehranın nüfuzuna ciddi zərbə vurulmuş oldu. General Süleymaninin İran üçün, İran ordusu üçün, eləcə də İranın Ali rəhbəri Xamenei üçün nə dərəcədə vacib fiqur olmasını onun ölümü ilə əlaqədar Xameneinin İranda 3 günlük matəm elan etməsi də göstərir.
Mümkün versiyalardan biri odur ki, Tramp impiçmentlə üzləşdiyini, hakimiyyəti itirmək üzrə olduğunu ehtimal etdiyi üçün general Süleymaninin öldürülməsindən bəhrələnmək istəyəcək. Bu baxımdan, hər hansı formada İrana qarşı müharibə də gözləniləndir. Lakin bu addımın impiçment prosedurunu səngidəcəyi inandırıcı görünmür. Artıq ABŞ Nümayəndələr Palatasının spikeri, Trampa qarşı impiçment prosedurunun əsas təşəbbüskarlarından olan Demokrat Nensi Pelosi baş verənlərdən narahatlığını bildirib, bölgədə eskalasiyanın güclənəcəyi, ABŞ hərbçilərinin həyatının risk qarşısında qoyulması təhlükəsinin mövcudluğunu vurğulayıb. Xanım Pelosi Konqresin razılığı olmadan ABŞ Administrasiyasının İrana qarşı bu cür akt həyata keçirməsini yolverilməz adlandırıb, baş verənlər barədə Konqresin məlumatlandırılmasının zəruriliyini vurğulayıb. Bundan başqa, bəzi senatorlar İranla müharibənin qarşısının alınması üçün Konqresin məsələ qarışmalı olduğunu bildiriblər.
İndi növbə İranındır. Tehranın “qisas” cavabının necə olacağından çox şey asılıdır. Bu addım ABŞ-la İran arasında irimiqyaslı hərbi toqquşmalara da səbəb ola bilər. Hər şey “qisas əməliyyatı”nın miqyasından asılı olacaq. Belə bir əməliyyatı isə Tehran gerçəkləşdirmək məcburiyyətindədir. Çünki İranın general Süleymaninin öldürülməsinə səssiz qalması həm regionda, həm də elə ölkənin öz içində də Tehrana qarşı ciddi inamsızlıq yarada, eyni zamanda ABŞ-ın daha da əl-qol açmasına şərait yarada bilər.
Bütün hallarda baş verənlər yaxşı heç nə vəd eləmir. ABŞ-İran münasibətlərində son gərginlik həm də o baxımdan diqqəti çəkir ki, proseslər Azərbaycanın sərhədləri yaxınlığında cərəyan edir.

APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top