Bakıda azyaşlılar üçün Yeni il şənlikləri: qiymətlər valideyinlərə "od qoyur" - FOTOLAR


Ötən həftədən etibarən uşaqlar üçün ənənəvi yeni il şənlikləri və bayram tədbirləri başlayıb. Artıq əksər teatr və əyləncə mərkəzləri öz repertuarlarını açıqlayıblar. Uşaqlara nağıl qəhrəmanlarının da iştirak etdiyi yeni tamaşalar, rəngarəng şou-proqramlar təqdim olunur. Bir neçə ildir ki, teatr və konsert proqramları ilə yanaşı əyləncə mərkəzləri, kafe, restoran və mollar da məktəblilər üçün xüsusi proqramlar hazırlayırlar.

Bəs yeni il tətili günlərində uşaqları hara aparmaq sərfəli olar? Qiymətlər orta statistik azərbaycanlı ailəsinin büdcəsinə uyğundurmu? Virtualaz.org bu suallara cavab axtarıb.

Gənc Tamaşaçılar Teatrında dekabrın 26-dan etibarən “Şən Elf və cadugər”, “Sindbad”, “Bremen musiqiçiləri”, " Balaca və damda yaşayan Karlson”, “Qrinç”, “Ələddinin sehirli çırağı”, “Tıq-tıq xanım”, “Qaraca qız” kimi tamaşalar göstərilir. Yanvarın 6-na qədər davam edəcək tamaşalar hər gün 3 və ya 4 seans olmaqla (saat 12.00, 14.00, 16.00, 19.00) təqdim edilir. Bayram günlərində teatrın foyesində Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları ilə görüş də təşkil olunub.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə “Qış nağılı” tamaşası (dekabrın 26-dan yanvarın 6-dək) nümayiş olunur. Teatrdan verilən məlumata görə, hər il fərqli səhnə nümunələri təqdim edən teatr kollektivi balaca tamaşaçıların Yeni il tətilini şən və yaddaqalan etmək üçün bu il də maraqlı repertuar hazırlayıb. Rəngarəng dekorasiya və geyimli, işıq və səhnə tərtibatlı nağıl-tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, rəssamı İqbal Əliyevdir. Yeni ilin əsas personajları ilə yanaşı, məşhur nağıl qəhrəmanlarının moskot və parket kuklalarla şousu olan tamaşa hər gün 4 seans (12.00, 14.00, 16.00, 18.00) olmaqla təqdim ediməkdədir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi dekabrın 25-i və 29-da P.Çaykovskinin “Şelkunçik” baletinin tamaşasını təqdim edib.

Akademik Milli Dram Teatrında “Şaxta baba və Befan nənələr” əsəri əsasında hazırlanan tamaşa təqdim olunur. Müəllifi və quruluşçu rejissoru Emil Əsgərov olan tamaşada Şaxta baba, Qar qız, Befan nənələr, Şrek, Panda, Pinqvin kimi nağıl qəhrəmanlarından ibarət səhnə işi nümayiş olunur. Tamaşa dekabrın 27-dən başlayıb,  yanvarın 6-dək hər gün 4 seansda (10.00, 12.00, 14.00, 16.00) nümayiş olunacaq.



Rusdilli tamaşaçılar isə Akademik Rus Dram Teatrının bayram günlərində uşaqlar üçün hazırladığı  “Ələddin, şahzadə Jasmin və Cinin macəraları” tamaşasını izləmək imkanı qazanıblar. “Ələddinin sehrli çırağı” nağılının motivləri əsasında səhnələşdirilən tamaşa dekabrın 28-dən başlayıb, yanvarın 4-dək hər gün 2 seansla (12.00, 15.00) nümayiş olunacaq. Teatrda yeni il münasibətilə “yeni il ulduz yağışı” adlı bayram tədbirinin də keçirilməsi planlaşdırılırdı.

Akademik Musiqili Teatrda isə bu il fərqli proqram tərtib edilib. Kollektiv yenə bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşasını təqdim edir. Macəra dolu Yeni il tamaşası 27 dekabrdan başlayın, yanvarın 5-dək hər gün dörd seans olmaqla (10.30, 12.30, 14.30, 16.30) nümayiş etdirilməkdədir.

Heydər Əliyev Sarayı dekabrın 29-da öz səhnəsində uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə “Yeni il simfoniyası” nağıl-tamaşanı təqdim edib. Simfonik orkestrin müşayiəti ilə baş tutab musiqili tamaşada uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət ediblər. Yaradıcı heyət yanvarın 2-də isə uşaqlar üçün musiqili, əyləncəli, interaktiv Yeni il karnavalı keçirəcək. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərlə müşayiət olunacaq rəqslər, “Zima” beynəlxalq uşaq musiqi festivalı iştirakçılarının ifasında mahnılar və sürprizlər karnavala xüsusi rəng qatacaq.

Bayram tətilinin son günlərində – 4 və 5 yanvar tarixində isə Heydər Əliyev Sarayında “Qar Kraliçası və yeddi gözəl” interaktiv musiqili tamaşası təqdim ediləcək.

Bakı Dövlət Sirki isə il sonuna “Buz krallığı” adlı maraqlı proqram hazırlayıb. Möhtəşəm sirk şousu dekabrın 27-dən tamaşaçılara təqdim olunur. Proqrama yeni təqdimatda qeyri-adi lazer və işıq effektləri, əhliləşdirilmiş heyvanlar, hava gimnastları, akrobatlar, jonqlyorlar, illüziya, motosiklet və şən klounlar daxildir. Bütün bunlar buz üzərində tamaşaçılara təqdim edilir

Teatrlarda bayram münasibətilə təqdim olunan tamaşalara bilet qiymətləri 6-10 manat arasında dəyişir. Lakin əksər mədəniyyət mərkəzilərində, o cümlədən otellərdə təşkil olunan yeni il şənliklərinə biletlərə isə fantastik qiymətlər qoyulub. Bu şoulara bir nəfərlik bilet 60, 100, hətta 250 manata satılır.

Məsələn, Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu “Kukutiki” yeni il şousuna biletin qiyməti 15-100 manat arasında dəyişir. Akademik Milli Dram Teatrının “Multi kosmos” multimedia şousuna1 nəfər üçün  biletin qiyməti 5-60 manatdır.  “Buta Palace”da "Sehrli Buta 2020" şənliyinə biletlər 35 manata satılır. DTX-nin Mədəniyyət Mərkəzində “Sehirbazlar məktəbi” adlı tədbirə bilet 5-60 manat təşkil edir. “Elektra Events Hall”da “Open Kids” tədbirinə bilet qiyməti isə yerindən asılı olaraq 1 nəfər üçün 40-250 manat arasında dəyişir. Rus Dram Teatrında isə yeni il münasibətilə keçiriləcək “yeni il ulduz yağışı” adlı bayram tədbirinə giriş biletləri 5-39 manat arası satışa çıxarılıb.

Hazırda ən populyar yeni il tamaşası “Cırtdan və Sehirli xalat”dır. Bakı Konqres Mərkəzində keçirilən bu tamaşaya biletlər 5-30 manat arasında satılır. Bir neçə aydır satışa çıxarıldığından 5, 10, 15 manatlıq biletlər satılıb, yalnız 25 və 30 manat olan biletlər qalıb. Yanvar ayının 5-dək davam edəcək tamaşa gündə 3 seans 12:00, 15:00 və 18:00-da göstərilir.

“Renessans Palace” otelində dekabrın 28-29-da keçirilən  “Şaxta baba ilə yeni il səhəri” tədbirinə biletin qiyməti 35 manat idi. Eyni gündə keçirilən yeni il karnavalına bilet isə 10-35 manat arasında satılırdı.

“Marriot” Abşeron otelində təşkil olunan “Yeni il şənliyində bütün Nağıl Qəhrəmanları” adlı şənliyə biletin qiyməti isə 50 manatdır.

Ticarət Mərkəzləri və kafelərdə də yeni il şənliyinə qiymətlər ucuz deyil, dekabrın 25-dən sonra təşkil edilən şənliklər üçün qiymətlər 30-35 manatdan başlayır. Əlavə oyun və atraksionlar üçün də 20 manata yaxın pul tələb olunur. Bundan başqa, uşaq əyləncə mərkəzlərində animatorlar, Şaxta baba və Qar qız üçün əlavə qiymət tələb olunur. Məsələn, “Metropark” ticarət mərkəzində Yeni il şənliyi üçün bilet 30 manatdır (ana və uşaq). İkinci uşaq üçün 15 manat əlavə ödəniş olmalıdır. “Tom və Ceri” əyləncə mərkəzində biletin qiyməti 20 manat, “Atrium” əyləncə mərkəzində isə bir uşaq üçün biletin qiyməti 27 manatdır.



Nəzərə alsaq ki, Azərbaycan ailələrinin çoxunda azı iki uşaq var və ailə bu kimi tədbirlərə uşaqları tək göndərmir, onda sadaladığımız məbləğ bir neçə dəfə artır. Digər tərəfdən isə, bayram şənliklərinin senarilərinin məzmunu da ödənişlə uzlaşmır. Çox aşağı səviyyədə, şit və bayağı hazırlanan şoular bir çox hallarda heç uşaqların yaşına da uyğun olmur. Qiymət və qiymətlə yanaşı məzmun amili valideynləri də narahat edir.

“Çalışıram bayram tətilində uşaqlar üçün teatrlara bilet alım. Həm də mümkün qədər əvvəlcədən almağa çalışıram, çünki vaxt daraldıqca bilet tapmaq olmur və bəzi hallarda qiymət də qalxır. Bizdə uşaq şouları çox biabırçı vəziyyətdə hazırlanır, uşaq oradan tərbiyəvi heç nə öyrənmir. Bir neçə il əvvəl mənə iş yerimdən Yeni il şənliyinə bilet vermişdilər. Uşaq orada heç yerdə eşitmədiyi qarğış və digər bıabırçı folklor nümunələrini eşitdi. O vaxtdan da bütün şənliklərə qadağa qoymuşam”,  - iki uşaq anası Məleykə Süleymanova deyir.

Digər valideyn isə qiymətlərdən gileylənir. Onun sözlərinə görə, uşaqlar dost-tanışlarından tamaşalar haqqında eşitsələr də, 3 uşağa valideynlə birgə bilet almaq ailənin bir neçə həftəlik ərzaq puludur: “Təşkilatçıları, aktyorların zəhmətini anlayırıq, imkanımız olsa, bundan da artığına layiqdirlər. Amma bilet qiymətlərini tərtib edərkən orta və kasıb təbəqəni də gərək nəzərə alsınlar. Hələ hədiyyəni demirəm. Bəzi şoularda bu qiymətə daxildir, bəzilərində isə hədiyyəyə əlavə 5 manat qiymət qoyurlar. Onun da içərisində iki mandarin və bir də markasını ilk dəfə gördüyüm peçenye, konfet var idi. Onların da yararlılıq müddəti qeyd olunmadığına görə atdıq…”, - Xəyalə Veysəlova bildirir. (virtualaz.org)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top