Adı 70 min dollarlıq fırıldaqçılıqda hallanan "AccessBank"dan AÇIQLAMA - YENİLƏNİB



“Sənədlərə əsaslansaq Valeh bəyin bir çox iddiası əsassızdır. Amma məsələnin araşdırılmasında rəhbərlik də maraqlıdır. Çünki ehtimal var ki, kimsə nəsə eləyə bilər”.
Bu sözləri mətbuatda adı 70 min dollarlıq fırıldaqçılıq qalmaqalında hallanan “AccessBank”ın PR meneceri İlkin Əhmədov məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən deyib.
O bildirib ki, hazırda məsələ bank daxilində də araşdırılır və bu çərçivədə Valeh Dadaşavun özü də dəvət olunacaq:
“Bankın rəhbərinin göstərişi var ki, bank daxilində araşdırma aparılsın və o şəxsin özü də bu barədə məlumatlandırılsın. Söhbət hardasa bir neçə il öncəyə gedib çıxır. O sənədlərin hamısı araşdırılır indi. Müştərinin özü də dəvət olunacaq banka. Özünün də iştirakı ilə məsələyə baxılacaq. Hələ ki, başqa nə isə demək tezdir. Çünki orada adı hallanan əməkdaş bizim keçmiş əməkdaşımızdır, o artıq 2015-ci ildən etibarən bizimlə işləmir. Yəni məsələdə onun da iştirakı lazımdır. Bunların hamısı vaxt alan proseslərdir”.
İ. Əhmədov bildirib ki, məsələdə adı hallanan şəxsin həmin ərəfədə bankın əməkdaşı olmağı qəribədir, çünki bankın öz əməkdaşları kredit götürən zaman prosedur daha da çətinləşir:
“Valeh bəy iddia edir ki, onun imzası saxtalaşdırılıb. Guya bizim əməkdaş özünə ipoteka krediti götürüb və burada Valeh bəy zamin kimi göstərilib. Birincisi bu bank elə bir bankdır ki, öz əməkdaşlarımıza verilən kreditlərdə bununla bağlı prosedur çox sərtdir. Məsələn, adi müştərini bir dəfə yoxlayırıqsa, öz işçilərimizi 15 dəfə yoxlayırıq. Valeh bəyin imzası elə bir qəliz imzadır ki, onu saxtalaşdırmaq üçün peşəkar rəssam lazımdır. Onu saxtalaşdırmaq mümkün deyil, çətindi, çox çətindi.  Məsələnin digər tərəfləri də var. Biz özümüzü müdafiə etmək üçün bir çox şey deyə bilərik amma bu bank sirridir. Müştərinin icazəsi olmadan açıqlamaq mümkün deyil. Hərçənd ki, müştəri bizə qarşı həmin anlayışı göstərmir”.
O, V. Dadaşovun bir çox iddiasının isə əsassız olduğunu deyib:
“Orada bir neçə zamin var və Valeh bəy də onlardan biridir. Bank tərəfindən Valeh bəyə heç bir iddia da qaldırılmayıb ki, sən niyə bu krediti ödəmirsən. Burada 70 min dollar kimi bir məbləğdən söhbət gedir. Belə kreditlərə girov kimi ən az iki əmlak qoyulur ki, bu da krediti ödəyir. Valeh bəy niyə belə bir addım atıb, bilmirəm. Sənədlərə əsaslansaq Valeh bəyin bir çox iddiası əsassızdır. Amma məsələnin araşdırılmasında rəhbərlik də maraqlıdır. Çünki ehtimal var ki, kimsə nə isə eləyə bilər”.
İlkin Əhmədovun saytımıza verdiyi açıqlamasına iddiaçı Valeh Dadaşov da münasibət bildirib.
Valeh Dadaşov Yeniavaz.com-a Lənkəran rayon icra və probasiya şöbəsi tərəfindən ona göndərilən bildirişi təqdim edib. Bildirib ki, Lənkəran rayon icra və probasiya şöbəsi tərəfindən göndərilən bildirişdə onun “borclu” kimi qeyd olunması bütün hər şeyi izah edir.
Sözügedən sənədin fotosunu təqdim edirik:

Qeyd edək ki, jurnalist Valeh Dadaşov bir neçə il öncə “AccessBank”ın əməkdaşları tərəfindən 70 min dollar məbləğində kredit götürüldüyünü və xəbəri olmadığı halda onu bu kreditə zamin kimi göstərdiklərini iddia edir. Bankın onun sənədlərini əldə etməsi məsələsinə isə belə aydınlıq gətirir ki, həmin ərəfələrdə onun özü həqiqətən də adıçəkilən banka kreditə görə müraciət edib ancaq, əməkhaqqı kifayət etmədiyi üçün bank bu istəyi geri çevirib. Valeh Dadaşovun sözlərinə görə indi “AccessBank” məhkəmə qərarı ilə həmin 70 min dolları ona ödətmək istəyir.
Jurnalist həmçinin bildirir ki, o bu fırıldaqçılığa məruz qalmış yeganə insan deyil. Onun sözlərinə görə, Lənkəran rayon Sütəmurdov kənd sakini, R.Dadaşov adına Sütəmurdov kənd orta məktəbinin müəllimi Məlahət Əliyeva da, həmin bankdan götürülən 3 min manat kreditə zamin dursa da, sonradan onun 70 min dollarlıq kreditin zamini olduğu aşkarlanıb.

Şahmərdan Əhmədli
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top