"Bütün siyasətlərin məqsədi insanların xoşbəxtliyinə hesablanmalıdır" - İqtisadçı alim


Yeniavaz.com-un budəfəki müsahibi iqtisadçı alim Altay İsmayılovdur. Altay müəllimlə dünyada resursların məhdud olub-olmamasından, alternativ enerji mənbələrindən, insanın bu dünyada xoşbəxtlik əldə etməsi üçün hansı amillərin vacib olmasından danışdıq. Müsahibimiz resurslardan düzgün istifadə edilməməsinin doğuracağı fəsadlardan bəhs etdi, həmçinin, reklamlar vasitəsilə məhsulların şişirdilmiş şəkildə insanlara təqdim edilməsindən danışdı. İnsanların ehtiyaclarının qeyri-məhdud olmadığını düşünən alim dünyadakı mövcud iqtisadi problemlərin resurslar məhdud olduğu üçün deyil, ədalətli bölüşdürülmədiyi üçün baş verdiyini qeyd etdi.
Müsahibəni sizə təqdim edirik:

- Altay müəllim, bir tərifdə iqtisadiyyat elmini "məhdud resurslarla qeyri-məhdud ehtiyacları qarşılayan elm sahəsi" adlandırırlar. Sizcə, resursların məhdud olduğunu deməyə hər hansı əsas varmı?
- Əslində, resurslar istehlak edildikcə tükənən və tükənməyən olmaqla iki hissəyə ayrılır. Məsələn, neft, qaz və bu kimi mənbələr tükənən resurslara aiddir. Günəş, külək və digər mənbələrdən əldə edilən enerjiləri isə bərpa olunan resurslara aid etmək olar. Digər bir aspekt isə hələ tam kəşf olunmamış resurslarla əlaqədardır. Hansı ki, bunlar gələcəkdə elm və texnologiyanın inkişafı ilə ortaya çıxacaq. Nəticə olaraq, mövcud resurslar məhduddur, amma onlardan daha effektiv istifadənin yollarını tapmaq, eyni zamanda alternativ mənbələr kəşf etmək istiqamətində işlər davam edir.

- Dünya əhalisinin hər il daha da artması, neft, qaz və s. kimi təbii sərvətlərin, şirin su hövzələrinin getdikcə azalması göz qabağındadır. Bu arqumentlər resursların tükənmək üzrə olduğunu deməyə əsas verirmi?
- İqtisad elmində bu yanaşma Tomas Maltusun "Əhali Haqqında Esse" ("Essay on Population") əsərində geniş şəkildə yer alır. Onun irəli sürdüyü iddia resursların ədədi silsilə ilə, dünya əhalisinin isə həndəsi silsilə ilə artacağı və buna görə də, bir müddətdən sonra insanların tələbini ödəyə bilməyəcəyi tezisinə əsaslanırdı. Nəticədə, bu gedişlə dünyanı aclıq, səfalət, yoxsulluq bürüməli və bunun nəticəsi olaraq, bəşəriyyəti kütləvi ölümlər gözləməli idi. Ancaq iddia edilənin əksinə olaraq gəlir səviyyəsi artdıqca əhalinin sayı qeyd olunduğu silsilə ilə artmadı. Digər tərəfdən, bu nəzəriyyədə ümumi mənada elmin, xüsusi mənada tibbin inkişafı, həyat standartlarının artması, həmçinin yeni texnologiyaların tətbiq olunması nəzərə alınmamışdı. Odur ki, keçən dövr ərzində də göründüyü kimi, bu fəlakət ssenarisi özünü doğrultmadı. Əlbəttə, təbii resurslar getdikcə azalır, ancaq azalan resurslarla yanaşı yeni alternativ mənbələr də ortaya çıxır. Bu da insanların ehtiyaclarının daha fərqli resurslarla təmin edilməsinə imkan verir. Məsələn, inkişaf etmiş ölkələrin bir çoxunda hədəf kimi növbəti onillikdə avtomobillərdə elektrik və hidrogen enerjisinə keçid nəzərdə tutulur. Həmçinin, şirin su hövzələrinin azalmasına alternativ kimi bəzi ölkələrdə texnologiyanın verdiyi imkanlarla duzlu sudan bir sıra istiqamətlərdə istifadə etmək imkanları araşdırılır. Ancaq bütün bunlara baxmayaraq əsas məsələ resurslardan lazımi qədər və israfa yol vermədən istifadə etməkdir.

- Altay müəllim, sizcə günəş və külək enerjisindən istifadə, elektriklə işləyən avtomobillər, dəniz suyundan içməli suyun əldə edilməsi və s. kimi elmi metodların tətbiqi "məhdud resurslar" anlayışına zərbə vururmu?
- Bir çox baxımdan belə demək doğru olmaz. Əvvəla bu gün insanların istifadəsində olan bütün resursların alternativlərinin ortaya qoyulduğunu iddia edə bilmərik. Digər tərəfdən, təcrübədə alternativ resursları ortaya çıxaran və onlardan istifadə edən ölkələrin daha çox inkişaf etmiş ölkələr olduğunu görürük. İnkişafdan geri qalmış ölkələr isə təbiətdən, ənənəvi üsulla əldə edilən resurslardan asılılıqlarını davam etdirirlər. Burada diqqət çəkilməli əsas məsələlərdən biri də təbii resurslardan səmərəli və düzgün istifadə olunması məsələsidir ki, əks halda, bu, daha çox təbiətə, ətraf mühitə, ekoloji tarazlığa zərbə vurur. Bu gün qlobal istiləşmə, havanın çirklənməsi, ozon qatının dağılması və s. kimi təhlükələr, həmçinin təbiətdəki qeyri-adi dəyişikliklər bəşəriyyət üçün bir xəbərdarlıqdır və bunların üzərindən sakitcə keçmək mümkün deyil. Əslində, bütün bunlar resurslardan düzgün istifadə edilməməsinin fəsadlarıdır və buna qarşı hər bir ölkədə dövlət səviyyəsində xüsusi siyasətin tətbiqi zəruridir.

- İnsanın qeyri-məhdud ehtiyacları və qeyri-məhdud istehlak qabiliyyətləri varmı? Yoxsa, burada söhbət insanın arzularının körüklənməsindən, daha çox xərcləməyə və ya almağa təşviq edilməsindən gedir?
- Ənənəvi iqtisadi yanaşma resursların məhdud, ehtiyacların isə qeyri-məhdud olması tezisi üzərinə qurulur. İqtisadiyyatın sosial bir elm sahəsi olduğunu nəzərə alsaq, bu halda digər məsələlərdə olduğu kimi bu məsələdə də sualın ortaya çıxması təbiidir: "Doğrudan da insanın ehtiyacları qeyri-məhduddurmu?" Bu sualın cavabında iqtisadçıların fikirləri müxtəlifdir. Bəzi iqtisadçılar bu ənənəvi yanaşmanı qəbul etmir və insanların ehtiyaclarının deyil, arzularının qeyri-məhdud olduğunu iddia edirlər. Digər qrup iqtisadçılar isə zamanın tələbinə uyğun olaraq insanın bugünkü arzusunun sabah üçün onun ehtiyacına çevriləcəyini, nəticədə ehtiyacların getdikcə artaraq qeyri-məhdudluğa doğru aparacağını qeyd edirlər. Şəxsi qənaətim olaraq, mən bir iqtisadçı kimi insanların ehtiyaclarının qeyri-məhdud olmadığını düşünənlərdənəm. Mənə görə ehtiyaclar zamana, məkana və şəraitə görə artıb azalaraq dəyişə bilər. Ancaq ehtiyacların qeyri-məhdud olduğunu iddia etmək, insanı bəlkə də heç vaxt doymaq bilməyən acgöz bir varlıq kimi təqdim etmək olardı. Bu da əlbəttə ki, müəyyən bir dairənin subyektiv mülahizələri ola bilər. Arzuların qeyri-məhdud olması normal psixoloji amil kimi qəbul ediləndir. Ancaq burada arzuların körüklənməsi məsələsini də nəzərdən qaçırmamalıyıq. İqtisadi qanunauyğunluğa görə, iqtisadi artım eyni zamanda daha çox istehlak etmək tezisi ilə əlaqədardır. Yekunda bu yanaşmaya görə fundamental problem olan məhdud resurslar anlayışı ilə istehlakın körüklənməsi ayrı bir paradoksdur.

- İnsanın ehtiyacları ilə onun arzularını bir-birindən ayıra bilərikmi? Yoxsa, bunlar eyni şeylərdir?
- İnsanların ehtiyaclarını zəruri ehtiyaclar və zəruri olmayan ehtiyaclar olmaqla iki hissəyə ayıra bilərik. İnsanın zəruri ehtiyacları daha çox fizioloji ehtiyaclar olan yemək-içmək, geyinmək və ev şəraiti ilə təmin olunmaqdır. Keçmişdən bu günə kimi bu təməl ehtiyaclara baxışlarda da fərqliliklər var. Başqa sözlə, insanların yemək-içməyə, geyinməyə, ev şəraitinə baxışı eyni deyil. Digər tərəfdən, zaman keçdikcə tələbə uyğun olaraq hansısa bir arzunun artıq ehtiyac halına gəlməsi də bir reallıqdır. Yəni, bu gün arzu halında olan bir məsələ müəyyən bir mərhələdən sonra insanın ehtiyacı halına gələ bilər. Ancaq burada əsas məsələ insanın fərdi olaraq ehtiyacları ilə arzularını düzgün qiymətləndirməsi və məsələyə rasional yanaşma qabiliyyətini ortaya qoymasıdır.

- Altay müəllim, belə başa düşürük ki, bir iqtisadçı kimi reklamlar və s. yollarla zəruri olmayan şeylərin süni olaraq şişirdildiyini və ehtiyac halına gətirildiyini qəbul edirsiniz?
- Əvvəla onu qeyd edim ki, reklam hər hansı məhsulu, xidməti, fəaliyyəti insanlara tanıdan və onları bu məhsulun alıcısı olmağa təşviq edən fəaliyyətlərdir. Həm tanıtmaq, həm də məlumatlandırmaq baxımından bu faydalıdır. Amma bu günün reallığında reklamlar təəssüf ki, qeyd olunan funksiyaların birbaşa icrası üçün nəzərdə tutulmur. Belə ki, reklamlar məhsulların şişirdilmiş şəkildə insanlara təqdim olunması, o məhsullardan gözlənilən nəticələrin real olmayan bir formada insanlara çatdırılması rolunu oynayır. Reklamın insanlar üzərindəki psixoloji təsirini də nəzərə alsaq, deyə bilərik ki, bu gün reklamlar zəruri olmayan şeyləri şişirdib onu insanlara zəruri imiş kimi təqdim edir. Məhz ona görədir ki, bu gün bir çox reklamlar insan psixologiyası üzərində aparılan araşdırmalar nəticəsində ərsəyə gətirilir. Bunlar insanın səs, rəng, qoxu və s. amillərdən təsirlənmə səviyyəsi nəzərə alınmaqla hazırlanır. Bu gün böyük marketlər şəbəkəsində istifadə olunan müsiqilər, alış-veriş mərkəzlərindəki rəng və dizaynlar, məşhur fast-food şəbəkələrinin ətrafa yaydıqları qoxu təsadüflər nəticəsində ortaya çıxmamışdır. Bütün bu və digər amillər insanı daha çox istehlak etməyə təhrik edən amillərdir. Əlbəttə ki, bütün bunlar "yeniliklərdən istifadə etməyək" demək deyil, əksinə "onlardan rasional şəkildə istifadə edək" deməkdir.

- Bəs insanın yüzlərlə şeyə ehtiyacı olduğunu düşünməsi ona xoşbəxtlik bəxş edə bilərmi?
- Əlbəttə ki, psixoloji bir təsir olaraq insanın çox şeyə ehtiyacının olduğunu düşünməsi ona xoşbəxtlik hissini aşılamayacaq. Əksinə, insan ona ehtiyac kimi təqdim olunan məhsulları ala bilmədiyini düşünərək özünü ehtiyac içində olan biri kimi qəbul edəcək ki, bu da onun həyat məmnuniyyətinə mənfi təsir göstərəcək. Üstəlik, insanların gəlirləri artdıqca, ona təqdim olunan "ehtiyaclar" da durmadan forma dəyişdirərək çeşitləndikcə bu məsələ içindən çıxmaq mümkün olmayan bir problem halını alacaq. Nəticə olaraq, insanların özlərinin çox şeyə ehtiyacı olduğunu düşünməsi onların özlərini xoşbəxt hiss etməmələrinə gətirib çıxaracaq. Ancaq aparılan tədqiqatlar və təcrübə onu göstərir ki, insanların xoşbəxtliyi onların maddi vəziyyətləri ilə bağlı deyil və bu məsələdə bir yox, birdən çox amil təsirlidir. Hətta, insanlar nə qədər az şeyə ehtiyacları olduğunu düşünsələr, özlərini daha xoşbəxt hiss edərlər.

- Qarderobdakı heç geyilməyən yüzlərlə paltar, il ərzində bir-iki dəfə geyilən onlarla ayaqqabı, hər il yenisi alınan ev alətləri və s. kimi nümunələri "qeyi-məhdud ehtiyaclar" anlayışının ortaya çıxardığı nəticələr kimi görə bilərikmi?
- Əslində, iqtisadiyyatın məqsədi fərdlər üçün daha yüksək rifah səviyyəsi, keyfiyyətli həyat standartı təmin etməkdir. Bu təminat da bugünkü baxışla insanların ehtiyac duyduğu və arzu etdiyi məhsul və xidmətlərin istifadəsi ilə düz mütənasibdir. İnsanlara bu imkanların təqdim edilməsindən sonra onların əllərindəki resurslardan necə istifadə etməsi artıq cəmiyyətin sosio-psixoloji reallıqları və mənimsənilən dəyərlərlə əlaqədar bir məsələdir. Cəmiyyətdə qəbul edilən reallıqlara görə ola bilər ki, fərdlər vurğuladığınız kimi ehtiyaclarının çox üzərində şəxsi əşyalar, geyim, ev alətləri və s. alsınlar. Ya da ola bilər ki, gəlirlərini müxtəlif xeyriyyəçilik aksiyalarına, təhsil, səhiyyə və sənət sahələrinə sərf etsinlər. Yəni, demək istədiyim odur ki, istehlak davranışı dəyər davranışı ilə birbaşa əlaqədardır.
 
- Dünyada ən zəruri ehtiyaclarını qarşılamaqdan aciz qalan, hətta, yemək və içmək tələbatını belə ödəyə bilməyən milyonlarla insanın olmasını resursların məhdud olması ilə əlaqələndirə bilərikmi? Yoxsa, bunun səbəbini insan amilində, resurların ədalətli bölüşdürülməməsində, elmi inkişafdan geri qalmaqda axtarmaq lazımdır?
- Bu gün dünyada doğrudan da, çox acınacaqlı mənzərələrin şahidi oluruq. Bir tərəfdə bir qrup insan üçün lüks istehlak labüd hala gəlib. Digər tərəfdən, zəruri ehtiyaclarını qarşılaya bilməyən kütlələr var. Əlbəttə ki, bunun səbəbini resursların məhdudluğu ilə əlaqələndirə bilmərik. Əksinə, dünyada insanların ehtiyaclarına yetəcək qədər resurs var. Məsələ bu resurslardan necə və hansı məqsədlərlə istifadə etməklə bağlıdır. Yəni, mövcud problemlər resurslar məhdud olduğu üçün deyil, ədalətli bölüşdürülmədiyi üçün baş verir. Təəssüfləndirici haldır ki, bu tendensiya davam edir. Mənzərənin dəyişməsi isə dəyər anlayışının dəyişməsi nəticəsində insanlığın yeni bir inkişaf mərhələsinə keçməsindən asılıdır. Yəni, məsələ təkcə iqtisadi bir məsələ deyil. İnsanlıq bu dünyada xoşbəxt olmaq, firavan yaşamaq istəyir. O halda bütün siyasətlərin məqsədi insanı bu arzusuna çatdırmaq olmalıdır...
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top