"Məhkumlara mənzil almaqla bağlı qadağa qoyulmamalıdır" - DEPUTAT


Mənzillərin kirayə üsulu ilə satılması son zamanlar diqqət mərkəzində olan mövzulardandır. Qəbul edilən qaydadan sonra bəlkə də uzun illərdi kirayədə qalan və ev almağa maddi imkanı çatmayan şəxslər artıq ev sahibi olacaqlar. Belə ki, qaydalara əsasən kirayə mənzil almaq istəyən şəxs ilkin olaraq ya “Elektron İpoteka və Kredit Zəmanət" sistemində elektron şəkildə qeydiyyatdan keçməli, ya da ASAN xidmətə müraciət etməlidir. Müraciət edən şəxs daha sonra qeydiyyata alınaraq qiymətləndirilir. Qiymətləndirmə zamanı mübahisəyə səbəb olan qaydalardan biri sözügedən mənzillərin əvvəllər məhkumluğu olan şəxslərə verilməməsidir.
Yeniavaz.com əvvəllər məhkumluğu olan şəxslərin mənzil almaq hüquqlarından məhrum edilməsi məsələsini araşdırıb.
Deputat Azər Badamov Yeniavaz.com-a açıqlamasında məhkumluğu olan şəxslərin mənzil almaları üçün belə bir məhdudiyyətin doğru olmadığını bildirdi: “Bu qaydaya mən düzgün baxmıram. Çünki, məhkum olmuş şəxs artıq cəzasını çəkib və yenidən ictimaiyyətə uyğunlaşmağa çalışır. Onun ictimai həyata adaptasiyası üçün dəstək verilməlidir. Yenidən cinayətə sürüklənməməsi üçün bu vacibdir. Bundan başqa ictimai həyatda fəaliyyətə başlaması, faydalı əməklə məşğul olması istiqamətində dəstək göstərilməlidir. Əvvəllər məhkumluğu olan şəxslərin mənzil almaq hüquqlarından məhrum edilməsi qaydasına isə mən düzgün baxmıram. Məhkumluğu olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün müxtəlif tədbirlər görülməlidir. Bu mövzuda xüsusi dövlət proqramları da icra olunur ki, həmin şəxslər cəmiyyətə uyğunlaşıb özlərini tapsınlar və yenidən cinayət törətməsinlər”.
A.Badamov eyni zamanda işləməklə bağlı məhkumluğu olan şəxslərə qarşı hər hansı məhdudiyyətin qoyulmasının da düzgün olmadığını qeyd etdi: “Elə vəzifələr var ki, orada çalışan insanların məhkumluq həyatı olmamalıdır. Məsələn, belə qaydanın dövlət qurumlarında olması təbii haldır. Qaldı ki, digər özəl qurumlara, bu düzgün deyil.  Həmin yerlərdə işləməklə bağlı hər hansı məhdudiyyət olmamalıdır. İstər məhkumluq həyatı yaşamış şəxslərə qarşı, istərsə də əlilliyi olan şəxslərə qarşı. Onlar üçün hər bir şərait yaradılmalıdır ki, bu cəmiyyətdə dolanıb yaşaya bilsinlər”.
Məsələ ilə bağlı, kirayə mənzillərin satışı ilə məşğul olan İpoteka və Kredit Zəmanət Fondu ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Yeniavaz.com -a mövzu ilə bağlı yaxın günlərdə ətraflı açıqlama verəcəklərini bildirdilər.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top