"Sputnik"in baş redaktorundan "soyqırım" açıqlaması


Azərbaycanda, Türkiyədə və eləcə də dünyanın bir-çox ölkəsində fəaliyyət göstərən Rusiyanın "Sputnik" xəbər agentliyinin baş redaktoru, erməni əsilli Marqarita Simonyan ABŞ Senatı tərəfindən qondarma erməni soyqırımını tanıyan qətnamənin qəbul edilməsini alqışlayıb.
Yeniavaz.com xəbər verir ki, Marqarita Simonyan Rusiyanın aparıcı televizya kanallarından olan "Matç TV"nin baş prodüseri Tina Kandelakinin "Teleqram" sosial şəbəkəsində yazdığı "statusa" cavab verib.
Tina Kandelaki belə bir "status" paylaşıb: "Erməni xalqı üçün böyük gündür! Rahat yatın, atalarım. Sizin üçün dua edirik və bu faciəni heç vaxt unutmayacağıq. Və heç kimin unutmasına imkan verməyəcəyik!".
"Teleqram"dakı ən böyük hesablardan biri olan "Karaulnıy" isə Simonyanı və bütün erməniləri təbrik edib. Marqarita Simonyan isə "Karaulnıy"ya təşəkkür edərək yazıb ki, son yüz ildə vəhşicəsinə işgəncə verilən əcdadlarımın qanından süzülən göz yaşlarımı göndərirəm.
Məlumat üçün bildirək ki, dünən ABŞ Senatı qondarma erməni soyqırımının tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Qətnamə ilə bağlı səsvermə daha əvvəl üç senator tərəfindən bloklanmışdı.
Onu da bildirək ki, bənzər sənəd Nümayəndələr Palatası tərəfindən bu ilin 29 oktyabr tarixində  qəbul edilib.
A. Cəfərov
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top