Ticarət mərkəzləri niyə YANIR? - “Diglas”, “Sədərək”, “Binə”, “EuroHome”…


Bir neçə ay öncə Nizami rayonu ərazisində "Diglas" ticarət mərkəzində, ötən gün isə Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğın insanı düşündürməyə bilmir. Bu cür böyük ticarət mərkəzlərində yanğının baş verməsində əsas səbəblər nədir? Bədbəxt hadisənin qarşısını almaq mümkündürmü?

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev ticarət mərkəzlərində baş verən yanğınlara səbəb kimi sahibkarların etinasızlığını əsas göstərir. Onun sözlərinə görə, bazarda obyekt götürüb çalışan sahibkarların  bəzən axşam işdən gedəndə elektrik çaydanını, qaz sobasını, yaxud da digər elektrik avadanlığını yanılı qoyub getməsi sonradan bədbəxt hadisə ilə nəticələnir: “Ticarət mərkəzlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı prezident İlham Əliyev Nizami rayonundakı ticarət mərkəzində baş verən güclü yanğınla bağlı keçirdiyi müşavirədə qeyd etmişdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ona görə də ticarət mərkəzlərini çalışdıran şəxslər bu işə ciddi yanaşmalıdırlar.

Ticarət, alış-veriş mərkəzləri, əsas da tikinti materialları satan bazarlar bütün zəruri olan yanğın təhlükəsizliyi norma və standartlarına riayət etməli, bazara gələn müştərilərdən də yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrini tələb etməli və orada çalışan icarədarların da yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsini bazar administrasiyası tərəfindən tələb etmək lazımdır. Bazarda dükan götürüb çalışan sahibkar bəzən axşam gedəndə elektrik çaydanı, qaz sobasını,  yaxud digər elektrik avadanlığını yanılı qoyub gedir. Bu da yanğın təhlükəsini qaçınılmaz edir. Baş verən yanğınların səbəbinin demək olar ki çoxu elektrik qısaqapanmasından baş verən yanğınlardır. Bazarlar, ticarət mərkəzləri elektrik təhlükəsizliyinə ciddi yanaşmalıdır. Bazarın içərisində icarəyə verdikləri dükanda bir, yaxud iki elektirik paylayıcı olmasına baxmayaraq dükan özü əlavə elektirik paylayıcı birləşdirərək elektrik cihazları, avadanlıqları qoşub istifadə edir. Bu da elektrik xətlərinin yüklənməsinə, xətlərin qızmasına və sonda alışmaya səbəb olur”.

E.Nuriyev böyük ticarət mərkəzlərində, bazarlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin olmasının vacibliyini vurğulayıb: “Onlar obyektdə yanğın təhlükəsizliyinin pozulması hallarına qarşı lazımi olan bütün tədbirləri görərək mübarizə aparmalı, nöqsanlar, nasazlıqlar və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verərək aradan qaldırılmasını təmin etməlidir. Daha sonra yanğınsöndürmə vasitələrinin, yanğın dolablarının, yanğın şitlərinin, yanğın siqnalizasiya vasitələrinin, hidrantların, ehtiyyat yanğın su çəninin işlək və saz vəziyyətdə olmasına nəzarət etməli, nazaslıq varsa vaxtında aradan qaldırmalıdır. Qeyd etmək istəyirəm ki, ticarət mərkəzlərində, bazarlarda  könüllü yanğınsöndürmə qrupları fəaliyyət göstərməlidir. Onlar bazarın işçilərindən ibarət olur və müvafiq qrumlar tərəfindən xüsusi kurs keçdikdən sonra fəaliyyətə başlayırlar. Onların işi yanğın baş verərsə, yanğınsöndürmə əməkdaşları gələnə qədər vəziyyəti nəzarətdə saxlayır, insanların təhlükəsiz təxliyyə edilməsini təşkil edir, əmlakın çıxarılması, vəziyyətə görə ilkin yanğınsöndürmə vasitələrindən istifadə edib yanğının söndürülməsinə və yanğınsöndürmə əməkdaşları gələndə onlara ilkin vəziyyət haqqında məlumat verir. Bu könüllü yanğınsöndürmə qrupunda olan şəxslər isə həmin bazarın, yaxud ticarət mərkəzinin işçilərindən olurlar. Hətta onlarda motivasiya yaratmaq üçün maaşlarını digər işçilərdən 3-5 faiz artıq verməklə də üzərlərinə düşən məsuliyyəti izah etmək olar. Baxın, bir fövqəladə hadisə zamanı görün bu könüllü  yanğınsöndürmə qrupları nə qədər iş görə, insanları təhlükəsiz təxliyyə edə, əmlakı yanğından qoruya bilər”.

DİGƏR XƏBƏRLƏR

Top