Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək


Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin dəstəyi ilə İtaliyanın "TechnipFMC" şirkəti ilə Azərbaycana məxsus “Yeni Kapital” MMC arasında PLA (Polylactic acid – Poliaktik turşu) layihəsinin icrasına dair müqavilə imzalanıb.

Layihə ölkədə ilk dəfə bioplastik zavodun tikintisini nəzərdə tutur.

Dəyəri 150 milyon ABŞ dolları olacaq layihə İnnovasiyalar Agentliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında reallaşdırılacaq, vergi və gömrük güzəştləri ilə əhatə olunacaq.

Qeyd edək ki, PLA ətraf mühitin, su hövzələrinin ekoloji təmizliyi və insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bioplastik başqa polimerlərlə müqayisədə təbiətdə çox tez çürüyür və bu çürümədən alınan maddə bioloji baxımdan təhlükəsiz, təmiz məhsul sayılır. Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan CO2 (karbon qazının) həcmi sıfra bərabərdir. Bioloji tərkibli və təbiətdə çürüyən PLA polimeri geniş tətbiq olunan neft əsaslı plastikləri əvəzləyə biləcək.

PLA xüsusi texnoloji proseslər (fermentləşdirmə, saflaşdırma, oliqomerləşmə və polimerləşmə) nəticəsində şəkərdən əldə edilmiş məhsuldur. Qarğıdalı və şəkər onun istehsalı üçün xammal mənbəyi olacaq. PLA birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsulların (qida qabları, süfrə, çanta, müxtəlif təyinatlı əşyalar) istehsalında tətbiq olunacaq.

PLA fərqli sektorlarda yeni sahələrin (tibbi qurğular, bioloji parçalanan mebellər, 3D çap, yüksək texnoloji avadanlıqlar, toxuculuq və s.) yaranmasına da təkan verəcək. Əhalinin məşğulluğu üçün əhəmiyyətli sayılan bu layihə çərçivəsində sənaye, kənd təsərrüfatı, təkrar emal, xidmət, logistika və bir sıra başqa istiqamətlərdə yeni iş yerləri açılacaq.

Mövcud plana görə, ilk 3-5 il ərzində zavodun tikintisində və quraşdırılmasında 1 000-dən artıq insan - mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayı 7 min nəfərdən artıq olacaq.

Layihənin hesabına ölkəmizə hər il 100 milyon ABŞ dollarından çox valyuta daxil olması gözlənilir. Zavoda qoyulacaq investisiyanın 5 il müddətinə geri qaytarılması nəzərdə tutulub. 

***

“Dünyada 40-a yaxın ölkə plastik qabların və paketlərin istifadəsindən imtina edib”.

Bunu İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli deyib. 

“Halbuki, illik plastik istehsalının həcmi ötən əsrin əvvəlindəki 1,7 milyon tondan hazırda 322 milyon tona çatıb. Bu isə təxminən 190 dəfə artım deməkdir. Biz araşdırdıq və məlum oldu ki, 5 min kvadrat kilometr ərazidə plastik istehsalı müəssisəsi yoxdur və belə bir zavodun tikilməsi əhəmiyyətli olar”, - deyə o, qeyd edib.

“TechnipFMC”nin ölkə üzrə meneceri Luici Fiorentino isə bildirib ki, yeni zavodun istehsal edəcəyi plastik digərlərindən ekoloji cəhətdən sağlam xammaldan hazırlanması ilə seçiləcək.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi şirkət Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir, indiyə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Ali Neft Məktəbinin 15 tələbəsinə təlim keçib. 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top