Mingəçevirli idmançı Moskvada dünya rekordu qırdı, çempion oldu - FOTO

Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.

Yeniavaz.com xəbər verir ki, Pauerliftinq üzrə dünya çempionumuz Mingəçevirli  Rövşən Xəlilov bu dəfə də ümidləri doğruldub.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kq qaldıraraq, dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də Xəlilov dünya çempionluğu qazanıb.

Daha bir sevindirici məqam odur ki, həmyerlimiz üç dünya rekordunu qırıb. O, iki hərəkətdə (yerdən qaldırma – 287,5 kq və sinədən sıxma – 173 kq) və ümumi cəmdə (685,5 kq) dünya rekordunu yeniləyib.

Onun bu nəticələri dünya çempionatının ikinci ən yaxşı nəticəsi sayılıb və beləcə, ona daha bir gümüş medal verilib.

Bundan başqa, xanım idmançımız Ədilə Qurbanova, Elvin Müzəffərov (hər ikisi -67,5 kq), Ramil Əhmədov (-90 kq), Razim Hüseynov, Nicat Xosrovzadə (hər ikisi -125 kq) qızıl medal qazanıb. Ramin Rzayev (-75 kq), Əli Əsgərov (-82 kq), Hafiz Verdiyev (-100 kq) və Aydın Hümbətov (-110 kq) gümüş medala yiyələnib.

Qeyd edək ki, bu yarışda Razim Hüseynov da 960 kq nəticə ilə dünya rekorduna imza atıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top