Əməkdar jurnalistdən şok etiraf: “Əli Həsənovun “trolu” olmuşam”


Əməkdar jurnalist Azər Həsrət özünə məxsus saytda prezidentin sabiq köməkçisi Əli Həsənovun idarə etdiyi iddia edilən “troll ordusunun” fəal üzvlərindən olduğunu etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, Azər Həsrət məsələ ilə bağlı geniş məqalə qələmə alıb.
Sözügedən məqaləni təqdim edirik:
“Yəqin kimlərsə bu yazımı Əli Həsənovun işdən azad edilməsini mübahisə mövzusuna çevirmək cəhdim kimi qələmə verəcək. Elədirmi? Bu sualın cavabını lap sonda verəcəm. Hələliksə, görün, nə deyirəm.
Bəzən olur ki, etiraf anı gəlir. Uzun müddət müzakirələr olur, kimlərsə nəyisə etiraf etməkdən qorxur, çəkinir. Başqa biriləri də çəkinmədən etiraf edir.
Biz ikincilərdənik. Etiraf etməkdən çəkinmərik. Bu dəfə də elədir. O məlum və məşhur “trol” məsələsilə bağlı etirafım olacaq.
Bəli, Əli Həsənovun yönəltdiyi “trol ordusu”nun ən fəal əsgərlərindən biri də mənəm. Etiraf edirəm bunu. Boynuma alıram. O “trol”lardan biri, bir çox hallarda birincisi mənəm: Azər Həsrət.
İndi isə Əli Həsənovun “trol”u olaraq nə etdiyimi deyim.
Hər şeydən öncə qeyd edim ki, bütün yazı-pozularım o “trolluq” fəaliyyəti çərçivəsində olmayıb. Bir çox yazılarım, çıxışlarım şəxsi təşəbbüsüm olub. Özəlliklə də baş verməkdə olan ictimai-siyasi proseslərə, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin üzərinə gələnlərə verdiyim reaksiyalar anidən – şəxsi qərarımla olub. Yaxud da Azərbaycan dövlətinə yan baxan hər kəsin – istər dış, istər iç ünsürlərin qarşısına çıxmağı özümə borc bilmişəm, bu yöndə əlimdən gələni edib zərbələri öz üzərimə çəkmişəm.
Həm də ümumilikdə hakimiyyətin üzərinə gələn bəlli radikal ünsürlərin də qarşısına çıxmağı özüm üçün bir vəzifə sanmışam, daim bunu etmişəm. Hətta bir çox hallarda ortadan yeyib qıraqda dolananlar yaxasını kənara çəkərkən şəxsən mən heç bir dəvət, xahiş, tapşırıq gözləmədən hərəkətə keçmişəm…
Əli Həsənovun “trol”u olaraq daim TV kanallarında çıxışlar etmiş, şərh və təhlillər yazaraq cəmiyyəti bilgiləndirməyə çalışmışam. Yenə də “trol” olaraq düz 4 il ərzində “Xəzər” TV-də “Tərs bucaq” adlı veriliş hazırlayıb tamaşaçılara təqdim etmiş, Azərbaycanın və dünyanın ən ümdə məsələlərini cəmiyyət üçün şərh etmişəm. Özü də bu veriliş eyni kateqoriyadan olan verilişlər arasında daim yüksək reytinqi – baxımlılığı ilə seçilib.
Bir “trol” olaraq beynəlxalq platformalarda Azərbaycanın səsi olmağa çalışmışam. Daim ermənilərin və onların havadarlarının qarşısına çıxmışam, dövlətimin, xalqımın və Prezidentimin maraqlarını müdafiə etmişəm.
Eyni zamanda Azərbaycanda keçirilən ictimai-siyasi, media yönlü tədbirlərdə də Əli Həsənovun “trol”u olaraq milli və dövlət maraqlarından çıxış etmiş, üstümüzə gələnlərə tutarlı – arqumentlərşdirilmiş və faktlarla zəngin cavablar vermişəm. Dövlətin – Prezidentin media siyasətinin təbliğatçısı olmuş, şəxsən İlham Əliyevin jurnalistlərə münasibətini təqdir və təbliğ etmişəm.
Əlavə olaraq tənqidlərim də var. Bəzi nazirləri, məmurları, elə hazırda buraxılma ərəfəsində olan Milli Məclisin bir çox deputatlarını tənqid etmişəm. Tənqid etdiklərimin arasında sonradan işdən çıxarılan, ortalıqdan qeyb olanlar da az deyil. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlıyla bağlı tənqidim bu gün də QHT sektoru fəalları arasında ayrıca qeyd edilir. Yaxud da Nəqliyyat Naziri Ziya Məmmədovla bağlı davamlı tənqidlərimi şəxsimi yaxından izləyənlər yaxşı xatırlayır. Eləcə də yol polisi ilə bağlı tənqidlərim, şikayətlərim geniş oxucu diqqəti cəlb edib. Mədəniyyət və Turizm Nazirliyi də mənim tənqidimdən nəsibini alıb.
Ölkə üçün, yaxud da elə cənab Prezidentin özü üçün kritik anlarda Milli Məclisin susqun deputatlarının ortalıqda gözə dəyməməsi halında sinəmi qabağa verməyim də bu qəbildəndir. Yaxud da TV kanallarının çox önəmli və həssas məsələlərin müzakirəsi üçün efirə çıxarmağa deputat – hakimiyyət təmsilçisi tapmağa çətinlik çəkdiyi anlarda qəfildən və təcili məni dəvət etdiyi vaxtların hamısında işimi-gücümü atıb çağırışa getdiyim, ən radikal əleyhdarlarımıza belə tutarlı cavab verdiyim bilinən gerçəkdir. Bəzən elə olub ki, TV-lərin dəvətinə 200 km məsafədən gələrək efirə çıxmışam. Eyni zamanda Bakıdan kənarda olduğum anlarda belə ya telefonla efirə bağlanmış, ya da TV-lərin bölgədəki müxbirlərinin ayağına gedərək müsahibə vermişəm.
Bir daha qeyd edirəm, bütün bunları Əli Həsənovun “trol”u olaraq etmişəm.
Hörmətli Əli Həsənov bütün yazı-pozumu nəzarətdə saxlamayıb təbii ki. Lakin söhbət imkanı olanda yalnız bir şeyi xatırladıb: tənqid etməkdə sərbəstsən – qarışmırıq, amma unutma ki, dövlətin və Prezidentin maraqları hər şeydən öndədir. Elə də davranmışam, davranmağa davam da edirəm. Bundan sonra da elə davranacağam.
Və ən önəmlisi: bütün yazılarımı, çıxışlarımı, hətta bir cümləlik sosial media statuslarımı – paylaşımlarımı öz imzamla – Azər Həsrət adı altında etmişəm. Bu günə kimi heç vaxt saxta sosial media profili işlətmədim, bunu şəxsimə yaraşdırmadım. Həm də şəxsən mən düşünürəm ki, bir insan inandığı və əmin olduğu yolda öz kimliyi ilə yürüməkdən çəkinməməlidir. Hələ bu insan dövlətinin və millətinin mənafelərinə qulluq edirsə heç kimin təpkilərindən çəkinmədən əmin addımlarla yürüməlidir. Şəxsən mən də elə edirəm.
Prezidentin Əli Həsənovla işləməmək qərarı verməsinə gəlincə, bu, onun müstəsna hüququ və seçimidir. Bizə düşənsə Prezident İlham Əliyevin bu seçiminə sayğılı yanaşmaq, dövlətimizə xidmətimizi eyni şövqlə davam etdirməkdir. Özü də müzakirə və mübahisəsiz!
Sözardı: Əli Həsənovun mənim kimi başqa “trol”larını da tanıyıram. Onlar da eyni qaydada – öz imzaları altında yazır, danışır, davranır. Bununla belə Əli Həsənovu “trol ordusu” saxlamaqda ittiham edənlərin az qala hamısının bizim üzərimizə göndərdikləri saxta profillərin, çox zaman da arvad adlarının altında gizlənənlərdir…”.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top