Deputat parlamentdə bu saytın adını çəkdi - Kəskin və təhqiredici ifadələrə görə


"Azərbaycanda fəaliyyət göstərən və leqal olan saytlar da parlamenti təhqir edən radikal müxalifət KİV-lərinə qoşulmaqdadır".
Yeniavaz.com xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən iclasında deputat Elmira Axundova deyib. O hətta belə saytlardan birinin adını da çəkib: “Bəzi KİV vasitələri, sosial şəbəkə istifadəçiləri bu qərarı sensasion qərar kimi qiymətləndirərək, onun ətrafında dərhal qeyri-sağlam manipuliyasiya yaratmağa başladılar. Hətta leqal sayt olan “haqqin.az” saytı belə bir başlıqla məqalə dərc etmişdir: “Prezidentə mane olan parlament”. Məqalənin özündə isə parlamentə qarşı kəskin, hətta təhqiredici ifadələr var. Biz əvvəl də parlamentə qarşı belə ifadələrə, radikal müxalifət KİV-də rast gəlmişik. Lakin indi Azərbaycanda fəaliyyət göstərən və leqal olan saytlar da onlara qoşulmaqdadır”.
Deputat çıxışı zamanı iddia edib ki, parlamentin buraxılması məsələsində də bir çox mətbuat orqanı öz oxucusunu aldadıb: “Hətta bir çox leqal saytlar gülünc bir ifadə ilə camaatı çaşdırıblar. Yazıblar ki, parlament buraxıldı. Halbuki, indiki parlament, yeni seçkilər keçirilənədək və təzə parlamentin tərkibi formalaşanadək öz funksiyalarını yerinə yetirəcəkdir. Məncə belədir. Belə hallar dözülməzdir və ölkənin əsas qanunverici orqanına qarşı hörmətsizlikdir”.
Qeyd edək ki, YAP-ın Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilərkən, əsas kimi parlamentin, dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması göstərilmişdi.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top